SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda daha bir nüfuzlu beynəlxalq tədbir

Bakıda daha bir nüfuzlu beynəlxalq tədbir

Tarix:

13-09-2019, 09:49

/ 726 dəfə oxundu.
Bakıda daha bir nüfuzlu beynəlxalq tədbir

20 ölkənin media kapitanı Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının toplantısında iştirak edir; Əli Həsənov: “Sosial şəbəkələrə dövlət səviyyəsində verilən əhəmiyyətin nəticəsidir ki...”
Sentyabrın 12-də Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısı keçirilib. Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə gerçəkləşən bu mötəbər tədbirdə Asiya, Avropa və Afrikanın 20-yə yaxın ölkəsindən, o cümlədən Türkiyə, Hindistan, Banqladeş, Nepal, Kenya, Zimbabve, İraq, Kosovo, Makedoniya, Şri-Lanka, Tanzaniya, Uqandadan nümayəndələr, həmçinin ölkəmizin ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri qatılıb. Toplantıda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatların, o cümlədən yerli media qurumlarının rəhbərləri və ekspertlər də iştirak edir.

Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin əhəmiyyətini vurğulayıb, beynəlxalq toplantının Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə edib. Ə.Amaşov bildirib ki, Ümumdünya Mətbuat Şuraları Assosiasiyası 1992-ci ildə yaradılıb. ABŞ-ın bir sıra ştatlarının, Türkiyə, Hindistan, Pakistan, Banqladeş, Nepal, Zimbabve, Keniya və digər ölkələrin jurnalistləri belə bir qurum yaradıblar. O vaxtdan indiyədək quruma üzv ölkələrdə tədbirlər keçirilir və jurnalistlərin qarşılaşdığı problemlər, informasiya əldə etmələri ilə bağlı yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı təkliflər səsləndirilir. Ümumilikdə toplantıda dünyada medianın inkişaf meyilləri müzakirə olunur.

Mətbuat Şurasının sədri Azərbaycanda media sahəsində əldə edilən uğurlar barədə danışıb. Bildirib ki, 1998-ci ildə ölkəmizdə senzura ləğv edilib, kütləvi informasiya vasitələri ilə bağlı qanunvericilik bazası təkmilləşdirilib, media tam müstəqildir. Azərbaycanda internet media da fəaliyyətini uğurla davam etdirir. Ölkəmizdə 3 milyona yaxın insan sosial şəbəkədən istifadə edir. Azərbaycanda etnik qruplar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Media da bu istiqamətdə dövlət siyasətini dəstəkləyir.

“Azərbaycanda azad sözə və fikrə dövlət səviyyəsində yüksək əhəmiyyət verilməsinin nəticəsidir ki, transmilli media qurumlarının ölkə ərazisində verilişlərinin yayılmasında heç bir məhdudiyyət yoxdur, eyni zamanda vətəndaşların ”Facebook", “Twitter”, “Youtube”, “Instaqram” kimi sosial şəbəkələrə sərbəst çıxışı təmin edilmişdir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışı zamanı deyib. Ə.Həsənov Azərbaycan milli mətbuatının müstəqillik dövründə bu günə qədər keçdiyi tarixi yolunu xatırladaraq bildirib: “Bu gün Azərbaycanda fəaliyyət göstərən KİV-lər cəmiyyətdə baş verən hadisələri, dövlətin həyata keçirdiyi siyasəti, o cümlədən beynəlxalq aləmdə cərəyan edən prosesləri sərbəst və müstəqil şəkildə araşdırır, əhalinin rəyini öz səhifələrində əks etdirərək hakimiyyətin nəzərinə çatdırır. KİV-lər istədiyi informasiyaları sərbəst şəkildə toplayıb yaymaq, o cümlədən iqtidarın apardığı siyasəti tənqid etmək və yaxud dəstəkləmək imkanına malikdir.

Hazırda Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş KİV-lərin ümumi sayı 5000-dən çoxdur. KİV-lərin kəmiyyət göstəricilərinə görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır. Ölkədə 40-dək gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet-jurnal və digər media nümunələri nəşr olunur. 300-ə yaxın xəbər və analitik internet saytı, 20-yə yaxın informasiya agentliyi, rayonlarda və bölgələrdə isə 100-ə yaxın KİV fəaliyyət göstərir.

Azərbaycanda 11 ümumrespublika, 4 peyk, 13 regional və 17 kabel televiziyası, 25 internet televiziyası,14 radio fəaliyyət göstərir. 2005-ci ildə ölkədə İctimai Televiziya və Radio Yayımları Şirkəti təsis edilmiş və hazırda uğurla fəaliyyət göstərir".

Prezidentin köməkçisinin sözlərinə görə, sosial şəbəkə istifadəçilərinin sayı ölkədə 3 milyon nəfərdən çoxdur ki, bu da cəmi 10 milyon əhalisi olan bir ölkə üçün çox böyük göstəricidir: “Sosial şəbəkələrə dövlət səviyyəsində verilən əhəmiyyətin nəticəsidir ki, Azərbaycan prezidenti İlham Əliyevin özünün və əksər dövlət qurumlarının, ayrı-ayrı vəzifəli şəxslərin rəsmi sosial profilləri fəaliyyət göstərir. Hakimiyyət sosial şəbəkələrdə qaldırılan məsələlərə mütəmadi olaraq öz münasibətini bildirir, internetə məlumat mənbələrindən biri kimi yanaşır və ondan istifadə edir.

Müşahidələr və təhlillərdən aydın olur ki, son illərdə sosial şəbəkələr ictimai rəyin formalaşmasına təsir imkanlarını artırmağa çalışır. Lakin burada bir məqamı qeyd etməliyik ki, sosial şəbəkələrin rolunu müsbət xarakterizə edən cəhətlərlə yanaşı, mənfi meyllər də özünü göstərir. Sosial şəbəkələrin meydana gəlməsi bir tərəfdən söz və öz fikrini ifadə etmək azadlığının təmin olunmasında yeni perspektivlər açır. Digər tərəfdən, sosial şəbəkələrlə insan hüquqları arasındakı qarşılıqlı təsir bəzən xoşagəlməz vəziyyət yaradır. Belə ki, sosial şəbəkələrdə insanların şərəf və ləyaqətinin alçaldılması halları baş verir ki, bu da insan hüquqlarının pozulması deməkdir. Təəssüf ki, bu cür mənfi hallar bəzən transmilli medianın fəaliyyətində də özünü göstərir. Transmilli media qurumlarının verilişlərinin ölkədə yayılmasının müsbət cəhəti bundan ibarətdir ki, əhali dünyada baş verən proseslərlə bağlı operativ məlumatlar əldə etmək imkanı qazanır. Burada özünü göstərən mənfi xüsusiyyət isə ondadır ki, bəzən müxtəlif siyasi dairələrin və yaxud lobbi qruplarının təsiri ilə transmilli media qurumları ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışır, obyektivlik və bitərəflik kimi prinsiplərə zidd olaraq qərəzli, subyektiv informasiyalar yayır.

Yuxarıda dediklərimizi ümumiləşdirsək, belə bir qənaətə gəlmək olar ki, Azərbaycan hakimiyyəti hazırda söz və mətbuat azadlığının, KİV-in inkişafının təmin edilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edir. Bizim ölkə dünyanın və bölgəmizin azsaylı ölkələrindəndir ki, hələ 1998-ci ildə mətbuat və informasiya nazirliyini ləğv etmiş və mətbuatın dövlət tənzimlənməsindən birmənalı şəkildə imtina etmişdir. Azərbaycan dövləti bu işi hazırda ölkə jurnalistlərinin öhdəsinə buraxmışdır ki, onlar da öz ümumi toplantılarında jurnalistlərin vahid ictimai təşkilatı olan Mətbuat Şurasını yaratmışlar. Mətbuat Şurası bəhs etdiyim istiqamətdə dövlətin əsas tərəfdaşıdır. Ölkə jurnalistlərinin ictimai maraqlarının yeganə təminatçısı kimi çıxış edən bu qurum uğurlu fəaliyyət göstərir və bugünkü möhtəşəm toplantı da bunun əyani sübutudur. Dünya ölkələrini təmsil edən əksər mətbuat şuralarını Bakıya toplamaq və milli-transmilli jurnalistikanın, azad medianın problem və uğurları müzakirə etmək bacarığı bunun göstəricisidir".

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral isə çıxışında vurğuladı ki, qardaş ölkələr olan Türkiyə və Azərbaycan mədəniyyət, tarix baxımından bir millət, iki dövlətdir. Türkiyə və Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrlə qürur duyuruq və bu prosesi davam etdirməkdə israrlıyıq.

Səfir qeyd edib ki, Türkiyə Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsinin tez bir zamanda həllini vacib sayır. Xocalıda yüzlərlə insanı qətlə yetirən ermənilər Türkiyəni soyqırımı törətməkdə ittiham edirlər. Bütün bu qarayaxmalara qarşı gerçəkləri dünyaya göstərmək Türkiyə və Azərbaycan mediasının üzərinə düşən ən böyük vəzifələrdən biridir.

BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan üzrə təmsilçisi Rəşad Hüseynov, Avropa Şurasının Bakı ofisinin nümayəndəsi Pərvanə Bayramova və digər çıxış edənlər Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının yaranma tarixindən və fəaliyyətindən, eləcə də müasir medianın üzləşdiyi problemlərdən və qarşısında duran vəzifələrdən bəhs ediblər.

Qeyd edək ki, tədbirin ikinci hissəsində iştirak edən dövlətlərdə söz və mətbuat azadlığının vəziyyətinə dair hesabatlar dinlənilib. Bu gün isə toplantının mövzusu müharibə və münaqişələrlə bağlı yaranmış ekstremal vəziyyətlərdə jurnalist fəaliyyətinə həsr olunacaq.

Şərhlər

XƏBƏR LENTİ