SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “İşsizin DOSTu” proqramı necə işləyir?

“İşsizin DOSTu” proqramı necə işləyir?

Tarix:

23-08-2019, 12:07

/ 931 dəfə oxundu.
“İşsizin DOSTu” proqramı necə işləyir?

““İşsizin DOSTu” proqramının Ucar rayonunda icrasında neqativ hallara yol verildiyi iddiasına rəsmi mövqeyimizi bildirmişdik. Bununla belə, məsələnin yenidən mediada yer alması ilə əlaqədar ilk növbədə “İşsizin DOSTu” proqramı əsasında işə cəlb olunma mexanizmini diqqətə çatdırmaq istəyirəm”.
Bu sözləri açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib. Proqramın əsas mexanizmini izah edən F. Talıbov bildirib ki, proqram əsasında işə cəlb olunanlar məhz məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşlar arasından müəyyən edilir:

“Məşğulluq mərkəzlərinin müvafiq göndərişi əsasında həmin şəxslərlə “DOST İŞ Mərkəzi”ndə əmək müqaviləsi bağlanılır və elektron informasiya sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.

Bundan sonra hər bir işçi üçün sifariş olunmuş əməkhaqqı kartı bank tərəfindən yalnız vətəndaşın özünə şəxsiyyət vəsiqəsini təqdim etməsi şərti ilə verilir, kartı götürərkən də vətəndaş bunu imzası ilə təsdiq edir.

İşə qəbul edilmiş şəxslərin siyahısı müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərinin yerli qurumlarına (Mənzil Kommunal Təsərrüfatı Birlikləri, yaşıllaşdırma, tikinti-təmir idarələri və s.) təqdim edilir və bu qurumlar onları ictimai işlərə cəlb edirlər. Bundan sonra həmin işçi qüvvəsinin işə davamiyyətinə, tapşırılan işləri yerinə yetirmələrinə nəzarəti də məhz həmin qurumlar İcraçı qismində həyata keçirirlər.

Bütün işçilər İcraçının tapşırığı ilə və onun birbaşa nəzarəti altında fəaliyyət göstərirlər. Hər ayın sonunda İcraçı tərəfindən təqdim olunmuş davamiyyət cədvəllərinə (tabellərə) əsasən Mərkəz tərəfindən ictimai işçilərin əməkhaqları birbaşa onların kartlarına köçürülür. Davamiyyət cədvəlləri olmadan əmək haqqı köçürülmür”.

F. Talıbovun sözlərinə görə, əgər hansısa işçi üzrsüz səbəbdən işə çıxmırsa, məhz İcraçının müraciəti ilə həmin işçi ilə bağlanmış əmək müqaviləsi ləğv edilir:

““DOST İŞ Mərkəzi” tərəfindən də daxili icraat qaydasında mütəmadi nəzarət olunur, monitorinqlər keçirilir, çatışmazlıqlar olduqda İcraçı təşkilatların diqqətinə çatdırılır.

Onu da bildirim ki, Ucar rayonunda 307 nəfər şəxs (yəni heç də həmin şikayətdə qeyd edildiyi kimi 540 nəfər yox) proqram əsasında ödənişli ictimai işlərə cəlb edilib”.

Xatırladaq ki, bir qrup Ucar sakini “İşsizin DOSTu” proqramının rayonda neqativ hallara yol verdiyi barədə şikayət etmişdi.

Şərhlər

XƏBƏR LENTİ