SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qarabağ müharibəsi veteranına qarşı 19 min manatlıq dələduzluq

Qarabağ müharibəsi veteranına qarşı 19 min manatlıq dələduzluq

Tarix:

17-07-2019, 11:01

/ 805 dəfə oxundu.
Qarabağ müharibəsi veteranına qarşı 19 min manatlıq dələduzluq

Qarabağ müharibəsi veteranı, Salyan rayonunun 2-ci Varlı kənd sakini Elşən Piriverdi oğlu Hüseynov Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəlmək istəyib. Amma əvəzində dələduzluq işinin qurbanına çevrilib. “Yeni Müsavat”ın redaksiyasına müraciət edən Elşən Hüseynov hüquq-mühafizə orqanlarının rəhbərlərindən məsələyə müdaxilə etmələrini, dələduzluq işini nəzarətlərinə götürmələrini istəyir: “Beynəlxalq dərəcəli qaynaqçıyam, bunu təsdiq edən sertifikatım da var. 3 övlad atasıyam. Qızım BDU-da 3-cü kursda, oğlum Texniki Universitetdə 1-ci kursda oxuyur. Ödənişli əsaslarla təhsil alırlar. İllərdir ki, ara işləri görməklə ailəmi dolandırıram. Uşaqların ali təhsili xərclərimin artmasına səbəb oldu. Düşündüm ki, daimi iş yeri tapım, ailəmin maddi ehtiyaclarını ödəyə bilim. Dost-tanışa iş axtardığımı dedim. Kəndçimiz, 2-ci Varlı kəndində yaşayan Elvin Zahir oğlu Nəzərov məni Eldəniz Qərib oğlu Rzayevlə tanış etdi”.

Müharibə veteranı deyir ki, ötən ilin avqustunda baş tutan tanışlıq zamanı Eldəniz Rzayev onu SOCAR-a işə düzəldə biləcəyini deyib: “Dedi, bu işin 10 min manat xərci var. Sonda 7 min manata razılaşdıq. Məndən 7 min aldı. Bundan sonra bacanağım İltifat Dursun oğlu Şahbazovdan 8 min manat eyni məqsədlə aldı. Xalam oğlu Namiqdən də 4 min manat alıb. Namiqə də söz verdi ki, qardaşı oğlunu həbsdən qurtaracaq. Hər dəfə işlə bağlı söz düşəndə deyirdi, gözlə, iş düzələcək”.

Elşən Hüseynov deyir ki, Eldəniz Qərib oğlu Rzayevdən pulunu geri istəyib: “Mən 7 min manatı bankdan kredit götürüb ona vermişəm. 20.07.2018-ci il tarixdə həmkəndlim Elvin Nəzərovun iştirakı ilə Səbayel rayonu, 20-ci sahə adlanan yerdə avtobus dayanacağının yanında Eldəniz Rzayevə ilkin olaraq 4 min manat vermişəm. Bir həftə sonra Xətai Rayon Məhkəməsi yanında qalan 3 min manat pulu da Eldəniz Rzayevə verdim. O, məndən CV götürərək bildirdi ki, yaxın vaxtlarda imtahana gedəcəksən. Hətta 3 dəfə imtahanda iştirak etdim. Lakin məni işə götürmədilər. Bu ərəfədə Eldəniz Rzayev mənə bildirdi ki, tanışın varsa onu da işə düzəldə bilərəm. Mən ona bildirdim ki, nəyə görə işimiz düzəlmir. O, məni arxayın salaraq bildirdi ki, SOCAR-a işə düzəlmək prosesi uzun çəkir. Mən bacanağım İltifat Şahbazova mənim işimi düzəlmək istəyən Eldəniz Rzayevin SOCAR-da tanışının olmasını və oğlunu işə düzəldə biləcəyini dedim. Biz Eldəniz Rzayevlə telefonla əlaqə saxladıqdan sonra 18.09.2018-ci il tarixdə onunla görüşdük. Mən bacanağım İltifat Şahbazov və həmkəndlim Elvin Nəzərovun iştirakı ilə Eldəniz Rzayevlə görüşdük, ona 8 min manat pul verdik. Eyni qayda ilə bacanağımın oğlu üçün də CV alaraq bizdən ayrıldı. Bizi inandırmaq üçün işə düzəltmək adı ilə imtahana da salırdı. Biz də arxayın idik ki, o, bizi işə düzəldəcək. Demək olar ki, hər gün onunla əlaqə saxlayırdım. O, mənə bildirirdi ki, uzun müddət polis orqanlarında işləyib və hər hansı bir işi onun üçün düzəltmək çox asandır. Bu ərəfədə mən tanışım, Hacıqabul rayonunun Talış kənd sakini Namiq Novruzovu da onunla tanış etdim. Namiqin qızının yoldaşı Rusiya Federasiyasının Tula şəhərində həbsdədir, cəza çəkir. Söhbət əsnasında Eldəniz Rzayev bildirdi ki, onun Ədliyyə Nazirliyində tanışı var, 4 min manat verəcəyi halda onun kürəkənini Bakıya gətizdirə bilər. Biz növbəti dəfə “Nizami” metrosunun yanında Namiqin iştirakı ilə Eldəniz Rzayevlə görüşdük. 4 min manat pulu ona verdim. Bu prosesdən 1 ay keçmiş mənim və bacanağımın oğlunun işə düzəltmək prosesi uzandığı üçün Eldəniz Rzayevdən verdiyimiz pulu geri istədim. O, əvvəlcə müxtəlif bəhanələr gətirməyə başladı, sonradan isə ümumiyyətlə telefonlarıma cavab vermirdi. Onda aldadıldığımızı başa düşdük”.

Elşən Hüseynov qeyd edib ki, Eldəniz Rzayev qeydiyyatda Xətai rayonunda olsa da, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, YPX-nin yaxınlığında yerləşən fərdi yaşayış evində yaşayır. Eldəniz Rzayevin istifadə etdiyi telefon nömrələri 055-215-61-66, 070-208-06-00, o12-447-60-55-dir: “Hər dəfə biz ona pul verəndə yuxarıda adlarını qeyd etdiyim şəxslərin iştirakı ilə vermişəm. Mən aldadılmağımla bərabər ən yaxın tanışlarımın da aldadılmasına səbəbkar olmuşam. Bu dələduz mənim savadsızlığımdan istifadə edərək bizi aldadıb, pulumuzu mənimsəyib. Qeyd olunan faktla əlaqədar ilkin araşdırma Səbayel Rayon Polis İdarəsinin 8-ci polis bölməsi tərəfindən aparıldı. Sonra material Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə həvalə olundu. Hazırda qeyd olunan faktla əlaqədar Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb. Mənə qarşı dələduzluq edən barəsində heç bir tədbir görülmür və süründürməçiliyə yol verilir. Dəfələrlə istintaq şöbəsinin müstəntiqi Elnur Vəliyevə müraciət etmişəm. Amma müstəntiq tədbir görmür. Müstəntiq Elnur Vəliyev deyir ki, get, kimə istəyirsən de, mən öz işimi görürəm. Nə sirdirsə, Eldəniz Rzayevin bütün dələduzluq işləri müstəntiq Elnur Vəliyevin icraatına verilir. Eldəniz Rzayevin dələduzluğu ilə bağlı 150 ərizə-şikayət var, hamısı da müstəntiq Elnur Vəliyevin icraatındadır. Müstəntiqlə Eldəniz Rzayevin münasibətləri çox yaxşıdır. Ona görə də bizim şikayətimizə baxmır, onun həbs edilməsi üçün heç bir tədbir görmür. Eldəniz Rzayev azadlıqda qaldığı müddətcə bizim kimi iş axtaran, işi müşkül olan insanların inam və etibarından istifadə etməkdə olacaq. Xahiş edirəm, hüquq-mühafizə orqanlarının rəhbərləri bu məsələni öz nəzarətlərinə götürüb, araşdırılmasını təmin etsinlər”.

Məsələ ilə bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Elnur Vəliyevlə əlaqə saxladıq.

Müstəntiq Eldəniz Rzayevlə tanışlıq münasibətlərinin olmasını inkar etdi: “Onun işi üzrə istintaqı yekunlaşdırıb, məhkəməyə vermişəm. 2 aydır iş məhkəmədədir”.

Müstəntiqin sözlərindən belə aydın olur ki, Eldəniz Rzayev Qarabağ müharibəsi veteranı Elşən Hüseynov və digərlərinə qarşı dələduzluq etməzdən əvvəl digər 4 şəxsə qarşı da eyni motivli əməl törədib.

“Eldəniz Rzayevin məhkəməyə göndərilən cinayət işi üzrə 4 nəfər zərərçəkən var. Elşən Hüseynov və digər şəxslər həmin cinayət işi məhkəməyə göndəriləndən sonra müraciət etdilər. Eldəniz Rzayev barəsində məhkəmə tədbir görəcək. Orada çox cinayət işləri birləşib” - deyə Elnur Vəliyev bildirib. Müstəntiq Eldəniz Rzayevin istintaq dövründə həbs edilməməsini hazırda Elşən Hüseynovun işi üzrə araşdırma aparılması ilə əlaqələndirdi: “Hələ istintaq gedir”.

Yazıda adıçəkilən və ittiham olunan Eldəniz Rzayevin mövqeyini dərc etməyə hazırıq.

Mövzuya qayıdacağıq.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ