SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Cənubi Qafqazın ən varlı deputatları ilə ən səfil uşaqlarının yaşadığı neft ölkəsi…

Cənubi Qafqazın ən varlı deputatları ilə ən səfil uşaqlarının yaşadığı neft ölkəsi…

Tarix:

3-06-2019, 11:37

/ 1 565 dəfə oxundu.
Cənubi Qafqazın ən varlı deputatları ilə ən səfil uşaqlarının yaşadığı neft ölkəsi…

…Azərbaycanda indi nə “Uşaqlığın son gecəsi” filmindəki dövrdü, nə “Şərikli çörək”dəki tamarzı yaşayan uşaqların zəmanəsidir, nə “Bizim Cəbiş müəllim” kinosundakı səfalət, aclıq illəridir, nə də Hüqonun “Səfillər” romanındakı mənzərədir.
Amma uşaqların pulunu haram yolla yeyən “böyük”lərin sayəsində bugünkü Azərbaycan uşaqları Cənubi Qafqazda onlardan ən betəridir, ən kasıb gələcək hesab olunurlar.
Anaxeber.info xatırladır ki, uşaqların hüquqlarını müdafiə edən beynəlxalq “Save the Children” xeyriyyə təşkilatının illik hesabatı və qlobal indeksi də bu faktı təsdiqləyir.
Əfsus ki, bir erməni, bir gürcü uşağı azərbaycanlı balasından daha xoşbəxtdir, daha firavan yaşayır. 176 ölkədən ibarət bu indeks cədvəlində ölkələr uşaqların vəziyyətinə görə sıralanıb.
İndeksdə Cənubi Qafqaz üzrə ən pis göstərici 89-cu yerdə olan Azərbaycandadır. Gürcüstan 73-cü yeri tutur. Ermənistan 61-ci yerdədir.
Cədvəldə Azərbaycandan sonrakı yerlərdə yalnız iki keçmiş sovet respublikası var. Tacikistan 90, Qırğızıstan isə 94-cü pillədə qərarlaşıb.
Lakin üzülməyə dəyməz, C.Qafqazda ən varlı yaşayan indeksə görə azərbaycanlı məmurlar, deputatlar, nazirlərdirlər.
Çünku uşaq pulu verilməyən ölkədə övladlarımızın pulunu xımır-xımır mənimsəyən vəzifəlilər öz harın övladlarının gələcəyini təmin ediblər.
Onlardan kimisi “Galenvagen”lə adam öldürür, kimisi adam döyür, kimisi qudurğanlıq eləyir. Bu baxımdan da regionda analoqsuz və lider ölkəyik.
Yəni, uşaqlar deyəndə məmur balaları ilə uşaq pulundan məhrum edilmiş məzlum xalq arasında fərq qoyulmalıdır. Bizim deputatların, icra başçılarının, nazirlərin balaları regionda ən yaxşı yaşayışa malikdirlər.
Ona görə də “Save the Children” kimi qərəzli təşkilatların məmur övladlarının inkişafını gözü götürmür, belə hesabatlar yayırlar.
Nə olsun ki, Gürcüstan və Ermənistandan geridəyik, əsas uşaq pulunu bu xalqın uşaqlarına çox görən deputat Hadı Rəcəbli, Xocalıda uşaqlarımızı qıran düşmənin rəhbəri Paşinyanı snayperlə vurmaq fikrindən vaz keçən deputat Aydın Mirzəzadə, övladı DYP-də nömrə satan deputat İmamverdi İsmayılov və onlarla belə deputatlar C.Qafqazda ən gözəl həyatı yaşayırlar.
Regionda ən yüksək maaş da bizim deputatlardadır. Qarabağ qazisi qəpik- quruşa möhtac olan, şəhid övladı ehtiyaclar içində yaşayan, uşağına bir şokolad almağa imkanı olmayan minlərlə atanın yaşadığı neft ölkəsi Azərbaycanda hansısa “papanın gül balaları” yağ-bal içində, bahalı avtomobillərdə, lüks otellərdə, əsrarəngiz kurortlarda eyş-işrətlə məşğuldurlar.
Bu, hakimiyyətin uşaq siyasətdə qazandığı “uğur”un nəticələridir. Azərbaycanda məmur övladı avtoqəza törədib adam öldürə bilər, deputat qohumunun qoçuluq etmək hüququ var.
İsveçrədə xizək sürənlər, hava limanımızı ruslara verməyi təklif edənlər, uşaqları vəzifələrə, rəis, sədr postlarına gedən deputatlar bütün dünya hesabatlarında qabaqcıldırlar.
Çünki Gürcüstan və Ermənistandan fərqli olaraq, bu ölkədə yeni doğulan körpəyə 90 manat birdəfəlik pulu vermək üçün az qala Pentaqondan da sənəd tələb olunur, uşaq pulları mənimsənilir, büdcədən talasemiyalı, daunlu xəstə uşaqlara ayrılan vəsaitlər yeyilir, internatlar, kimsəsizlər evləri, uşaq sığınacaqları korrupsiya yuvalarıdır.
Bu ölkədə yekə-yekə kişilər uşaqlarımızın pulu hesabına varlanıblar, özlərinə alt paltarı alıblar, güzəran qurublar, məclislərdə sağlıqlar söyləyib şirə dönüblər.
Övladları Londonda, Karlovı-Varıda, Maldiv adalarında milyonlar xərcləyəndə uşağını məktəbə göndərmək üçün geyim ala bilməyən, balasına həftədə 1 dəfə ət yedirə bilməyən, ildə bir dəfə istirahətə aparmağa imkanı olmayan minlərlə aztəminatlı ailələr yaşayırlar.
Ona görə də Hadı Rəcəbli ömründə bir dəfə düz söz danışmışdı – milyonerin uşağına niyə dövlət uşaqpulu verməlidir?!
Axı siqaret satıb cavanları zəhərləyən deputat Rüfət Quliyev, dərman satıb oğluna milyonlar quran deputat Cavanşir Feyziyev, un satıb varlanan deputat Əsabil Qasımov, Tahir Süleymanov, maşın ehtiyat hissələri satan həmkarı Nəriman Əliyev, uşaq pulu düşməni, “Palıdlı sahil” padşhı Hadı Rəcəbli kimi millət vəkillərinin nə vecinədir ki, “Save the Children” təşkilatının hesabatında nələr yazılıb, biz C.Qafqazda hansı səviyyədəyik.
Məgər “1001 gecə” restoranında min bir cinayətlər olmuş dahi “yazıçı”, deputat, “az yeyin” deyən Hüseynbala Mirələmovu bu millətin övladları, şəhidin, qaçqının uşağı maraqlandırır?
Restoranları, tikintiləri, obyektləri olan Rafael Cəbrayılov, Əliağa Hüseynov, Malik Həsənov, Hacı Salayev, Elçin Quliyev, Rüstəm Xəlilov kimi deputatların bir dəfə parlamentdə ağzını açıb uşaqların müdafiəsi, qayğıları, sosial problemləri barədə çıxış etdiyini görmüsünüzmü?
Ümumiyyətlə, hökumətin uşaqların sosial təminatı ilə bağlı siyasətinə “2” qiyməti vermək lazımdır.
Azərbaycanda cins buzova görə fermerə doğulan uşağa verilən müavinətdən çox, yəni 100 manat verilir ki, bu, çox biabırçı bir haldır. Nazim Hikmət demişkən, gözəl günlər görəcəyik, cocuqlar, motorları mailiklərə sürəcəyik…

Anaxeber.info

Şərhlər

XƏBƏR LENTİ