SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Zakir Fərəcov narazılıq yaradır... - 66 sahibkar Prezidentə şikayət etdi

Zakir Fərəcov narazılıq yaradır... - 66 sahibkar Prezidentə şikayət etdi

Tarix:

7-03-2019, 11:56

/ 781 dəfə oxundu.
Zakir Fərəcov narazılıq yaradır... - 66 sahibkar Prezidentə şikayət etdi

May ayının 17-də Sumqayıt şəhərindəki “Şərq bazarı” adlanan ərazidə 66 sahibkara məsxus obyektlərin sökülməsinin iki ili tamam olacaq. Halbuki elə həmin ərazidə nəzərdə tutulan yeni ticarət mərkəzinin tikintisi 2017-ci ilin sentyabr ayında başa çatmalı idi. Çünki ərazinin sökülməsinə başlananda Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov sahibkarlara belə vəd vermişdi...

Reyting.az bildirir ki, söküntü işlərindən bir müddət sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Ocayevin “sökülən ərazidə nəyin tikilməsi nəzərdə tutulur”, “ümumiyyətlə, burada yeni bir obyektin tikilməsi planlaşdırılırmı” sullarına mətbuatda verdiyi cavab isə bir qədər fərqlidir. O, bildirirdi ki, həmin ərazidə nə vaxt tikinti işlərinə başlanılması hələ dəqiq deyil: "Ancaq, gələn il üçün “Şərq bazarı”nın yerində yeni Mall-un (ticarət mərkəzi) tikilməsi planlaşdırılıb”.

Cavabdan belə görünür ki, “gələn il” – 2018-ci il olmalı idi. O, “gələn il” gəldi getdi, indi 2019-cu ildir...

Qeyd edək ki, sahibkarların o zaman kompensasiya istəyinə “yox” deyilsə də, onları arxayınlaşdırmaq məqsədilə zəmanət məktubu verilib. Cənab Fərəcovun həmin məktubunda isə sökülən ərazidə tikiləcək yeni ticarət mərkəzində hər sahibkara əvvəlkindən daha böyük, lakin təmirsiz yer veriləcəyi öz əksini tapıb.

Sahibkarlardan birinin iddiasına görə, onların bu vəziyyətə düşməsinin səbəbi şəhərin icra başçısı Zakir Fərəcovla “RŞHT” şirkətinin rəhbəri Rəşid Babayev arasında keçmişdən olan ədavətidir. Xatırladaq ki, Fərəcov Abşeron rayon icra hakimiyyətinin başçısı təyin olunanda Sumqayıt şəhər bələdiyyəsinin sədri işləyirdi. Sahibkar bildirir ki, Rəşid Babayevlə onun arasında o vaxtdan ciddi ədavət yaranıb. Fərəcov Sumqayıta icra başçısı kimi qayıdandan sonra Babayevdən qisas almaq üçün əlinə fürsət düşüb. Ona görə Fərəcov başçı kimi fəaliyyətə başlayandan az sonra Rəşid Babayevin “Şərq bazarı”ndakı şirkətini çökdürmək üçün bəhanələr axtarıb. Nəhayət, bunun üçün bəhanə tapıb. Fərəcov ərazidəki binaların köhnə, ərazinin həddindən artıq çirkli olduğunu iddia edərək oradakı obyektlərin sökülməsinə göstəriş verib. Rəşid Babayevə qarşı başçının düşündüyü “bu tələyə” isə 66 sahibkar da salınıb.

Sahibkarlar Fərəcovun “tələsindən” xilas olmaq üçün Azərbaycan prezidenti İlham Əliyevə müraciət ediblər, dəfələrlə Prezident Administrasiyasının məsul şəxsləri ilə görüşüblər. Amma onların hər müraciətindən sonra başçı onlara başqa bir “tələ” qurub.

Xəbər verildiyi kimi, 66 sahibkar bu il yanvarın 27-də dövlət başçısına Fərəcovun onları dəfələrlə aldatdığı haqda müraciət edib. Bundan sonra fevralın 2-də (yeri gəlmişkən, bu müraciətə qədər dəfələrlə cəhd etmələrinə baxmayaraq, Fərəcov onlarla görüşdən imtina edib) sahibkarlarla görüş təşkil edib. Başçı yaxın vaxtlarda problemin həll ediləcəyinə söz verib. İnanıblar. Sən demə, Fərəcovun görüş razılığı sahibkarların sakitləşməsi üçün düşünülən oyun imiş. Üstündən bir aydan çox keçib, sahibkarlar üçün yeni obyekt tikiləcək ərazidə isə daşı-daş üstə qoyan belə yoxdur.

Elə zənn etməyin ki, sahibkarların bu get-gəllərinin səbəbkarı təkcə icra başçısıdır. Əldə etdiyimiz məlumata görə, cənab Fərəcovun müavini Fəzail Hüseynov da bu məsələdə başçıdan geri qalmır...

Sahibkarlar başçının az qala iki ilə qədər davam edən bu özbaşınalığına görə ikinci dəfə Prezident İlham Əliyevə şəxsən müraciət ediblər. Onların fikrincə, dəfələrlə Prezident Administrasiyasına etdikləri müraciətlər də, sən demə, ünvanına çatmayıb, yaxud burada görüşdükləri məsul şəxslər problemin həllində maraqlı olmayıblar.

“Biz Prezident Administrasiyasının hüquq şöbəsində Rüfət müəllim və əraziidarəetmə şöbəsinin müdiri Zeynal Nağdalıyevin köməkçisi Vəfadar müəllimlə görüşmüşük. Onlar köməklik edəcəklərinə söz versələr də, bunun əksi baş verib”, - sahibkarlardan biri vurğulayıb.

Bu süründürməçilikdən təngə gələn sahibkarlar yaxın günlərdə Prezidentin köməkçisi Dilarə Seyidzadə ilə də görüşüblər... Və...

Xanım Seyidzadə təəssüflənərək sahibkarlara deyib ki, sizin şikayətlərinizin heç biri lazım olan yerə çatdırılmayıb...

Görəsən, Prezident Administrasiyasında Zakir Fərəcovu az qala iki ilə çatacaq bu özbaşınalığına görə kim müdafiə edir?

Sahibkarlar inanırlar ki, Prezidentə ikinci dəfə etdikləri müraciətdən sonra bu suala cavab tapılacaq...

Sonda Prezident İlham Əliyevin yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışını xatırladırıq:

“Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər. Bütün dövlət məmurları - Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir.

Yerli icra orqanları diqqətli olmalıdırlar, problemləri həll etməlidirlər. Hansı problemləri özləri həll edə bilmirlərsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına məlumat verməlidirlər ki, biz problemləri operativ qaydada həll edək. Biz problemləri həll edə bilərik və əlbəttə ki, buraxılan nöqsanlar tamamilə aradan qaldırılmalıdır".

Zakir Fərəcov Prezidentin nəzərdə tutduğu icra hakimiyyəti başçıları arasında bəlkə də birinci yerdədir.

Şərhlər

XƏBƏR LENTİ