SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Binə Ticarət Mərkəzində etiraz: “Əlavə işıq pulu yığılır”

Binə Ticarət Mərkəzində etiraz: “Əlavə işıq pulu yığılır”

Tarix:

17-01-2017, 14:59

/ 1 889 dəfə oxundu.
Binə Ticarət Mərkəzində etiraz: “Əlavə işıq pulu yığılır”

Binə Ticarət Mərkəzindəki mağazaların sahibləri və icarədarlar işıq puluna görə əlavə ödənişə vadar edilir. Belə ki, sayğac quraşdırılmadan hər bir mağazadan kvadratmetrinə görə əlavə işıq pulu yığılır. Bu barədə Cebhe.info-ya sahibkarlar məlumat verib.

Onların sözlərinə görə, hər bir mağazadan rəhbərliyin müəyyən etdiyi məbləğ tələb edilir:

“Məsələn, 40 kvadratmetrlik bir mağaza üçün aylıq 125 manat elektrik pulu müəyyən edilib. Reallıqda ticarət mərkəzində saat 8-dən iş başlayır, axşam saat 4- 5-də başa çatır. Bir ay ərzində həmin saatları hesablasaq, 40 kvadratlıq dükanların 125 manatlıq enerjidən istifadə etməsi mümkün deyil. Təxmini hesablamalara görə, gün ərzində 6-7 saat işləyən bir obyektin ayda 125 manat elektrik enerjisinin istifadə etməsi qeyri-mümkündür. Sayğac yoxdur, amma sahibkardan 125 manat elektrik enerjisinə görə pul alırlar, qəbz də verilmir.

Maraqlıdır, onlar hər bir dükan üçün elektrik enerjisi pulunu hansı meyar üzrə, nəyə əsasən müəyyənləşdirirlər? Sadəcə, ticarət mərkəzinin rəhbərliyi öz maraqlarına və istəklərinə uyğun pul yığmaqla məşğuldur. Təxminən 2-3 il əvvəl 40 kvadratmetr mağazaya görə 70 manat elektrik pulu yığılırdı. Sonradan bu məbləği 90 manata, indi də 125 manata qaldırıblar”.

Ticarət obyektlərinin sahibləri qeyd ediblər ki, bugünkü iqtisadi böhran şəraitində bazardakı bu vəziyyət sahibkarların ağır durumunu bir az da ağırlaşdırır:

“Dövlət səviyyəsində dəfələrlə qeyd olunub ki, sahibkarlara müəyyən güzəştlər tətbiq olunmalıdır. İqtisadi böhran şəraitində sahibkarlara güzəştlər tətbiq olunması əvəzinə gün-gündən qeyri-qanuni yığımların artımı müşahidə edilir. Bir müddət əvvəl sıralara görə rüsumlar artırıldı. Bundan əlavə Binə Ticarət Mərkəzində heç bir mağazada kassa aparatı işləmir. Qiyməti 40-50 manata olan bir kassa aparatını vaxtilə gətirib oradakı sahibkara 350 manata satdılar. Bu aparat camaata “sırınıb”, indi də küncdə toz basıb. Binə bazarının rəhbərliyi illərdir ki, istifadə olunmayan kassa aparatının təmiri üçün hər ay sahibkardan 6 manat, mühafizə adı ilə 10 manat yığır. Təbii ki, burda da heç bir qəbzdən söhbət belə getmir. Sahibkara birinci haqsızlıq orda başlayıb ki, işləyənlərin böyük əksəriyyətinə həmin dükanlar satılıb. Dükanlar satılandan sonra sahibkara alqı-satqı yox, icarə müqaviləsi verilib. Yəni, sahibkar 100 min manat verib obyekt alır, ona mülkiyyəti təsdiq edən sənəd vermək əvəzinə, icarə müqaviləsi verirlər. Həmin obyektlərin kvadratından asılı olaraq 600 manatdan tutmuş, 1500 manatdan da yuxarı aylıq ödəməsi var. Əgər kənardan kimsə gəlib obyekt icarəyə götürübsə, sahibkar həm bazara, həm də dükan sahibinə icarə haqqı ödəməlidir”.

Sahibkarlar bildirib ki, Binə Ticarət Mərkəzinə hər gün daxil olan və çıxan avtomobillərdən 50 qəpik haqq yığılır:

“Birincisi, bu, kart sistemi ilə olmalıdır. Digər tərəfdən, əgər nağd ödənişdirsə, hər bir nəqliyyat vasitəsinə ödədiyi 50 qəpiyə görə qəbz verilməlidir, amma verilmir. Bu zaman əmin olmaq olar ki, ödənilən məbləğdən dövlət üçün vergi tutulur. Bilirik ki, bütün fəaliyyət növlərindən dövlətin vergi tutmaq haqqı var. Amma konkret olaraq Binə Ticarət Mərkəzində yığılan vəsaitlərin heç bir hüquqi əsası yoxdur. Aidiyyəti qurumlardan xahiş edirik ki, bu özbaşınalığa, haqsızlığa son qoysunlar”.

Şərhlər

XƏBƏR LENTİ