SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sabunçu sakinlərinin qeyri-təbii təbii qaz zülmü... - NARAZILIQ

Sabunçu sakinlərinin qeyri-təbii təbii qaz zülmü... - NARAZILIQ

Tarix:

3-10-2017, 09:54

/ 62 341 dəfə oxundu.
Sabunçu sakinlərinin qeyri-təbii təbii qaz zülmü... - NARAZILIQ

Sabunçu rayon Qaz İstismar İdarəsinin yarıtmaz fəaliyyəti “Azəriqaz” ASC-nin sədri Əkbər Hacıyevi hədəfə tuş gətirir. Sabunçu rayonunun sakinləri mavi yanacaq sarıdan hər zaman əziyyət çəkiblər. Yerli qaz-istismar idarəsinin sədri hansısa maraqlarına görə, rayonun bir sıra qəsəbələrinə verilən mavi yanacağın təzyiqini kefi istəyəndə azaldır, kefi istəyəndə isə artırır. Bir sözlə rayonun mavi yanacaq üzrə kəndxudası rolunda çıxış edir.
Son 1 həftədir Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi kimi tanınan ərazinin sakinləri qaz sarıdan əziyyət çəkirlər. Daha konkret desək, qəsəbədə inşa edilmiş 3-4 saylı 80 və 50 mənzilli binaların sakinlərinə mənzillərdə istifadə üçün bu vaxta kimi heç olmasa fasilələrlə verilən isti su, son bir həftə ərzində kəsilib. Buna səbəb isə 421 və 425 saylı qazanxanalara verilən mavi yanacağın təzyiqinin olduqca aşağı olması və bəzən tezyiqin heç olmamasıdır. Çünki qazın təzyiqi normadan çox aşağı olduqda qazanxanaları işə salmaq mümkün olmur. “Azəristiliktəchizat”ın 421 və 425 saylı qazanxanalarına nəzarət edən şəxslər isə sakinlərin haqlı iradına mavi yanacağın olmaması cavabını verirlər.
Maraqlıdır, sakinlər mavi yanacağı öz pulları ilə aldıqları halda, Sabunçu rayon Qaz-İstismar İdarəsinin müdirinin bu məsələdə marağı nədən ibarətdir? Düzdür, deyirlər rayon ərazisində çoxsaylı parniklər fəaliyyət göstərir. Hətta bəzən haqlı, ya haqsız olaraq bildirilir ki, rayon sakinlərinə verilən mavi yanacağın təzyiqi azaldılaraq, parniklərə verilir. Kivnews.com olaraq, bu şaiyənin nə dərəcədə həqiqət olduğunu deyə bilmərik. Amma o həqiqətdir ki, rayon ərazisində parniklər çoxdur.
Ötən yazımızda da vurğulamışdıq ki, bu günlərdə qəsəbə ərazisində, daha dəqiq desək hazırda mavi yanacaq və isti su sarıdan əziyyət çəkən sakinlərin yaşadığı binanın yanında yeni binanın açılışı olacaq (həmin binanı da isti su ilə 425 saylı qazanxana təmin etməlidir). Gözlənilir ki, açılışa ölkə başçısı, yaxud birinci vitse-prezident gəlsin. Belə bir açılışın gözlənildiyi günlərdə “Azəriqaz” ASC-nin Sabunçu rayon nümayəndəliyi tərəfindən təxribat xarakterli addımın atılması başa düşülmür. Çünki ölkə başçısı və xanımı hər zaman görüşlərdə sadə vətəndaşlarla ünsiyyət qurur, onların problemləri ilə maraqlanır. Bu dəfə də belə isti münasibətin yaradılması mümkün ola bilər. Bu zaman neçə vaxtdır isti su üzünə həsrət qalan, övladlarını dərsə qaşına-qaşına yollayan valideynlər şikayətlərini hörmətli şəxslərə birbaşa çatdıra bilərlər. Bu zaman kimin günahkar olduğu təbii ki, araşdırılıb üzə çıxacaq. Amma nə qədər gec deyil, “Azəriqaz” rəhbərliyi Sabunçu Qaz-İstismar idarəsinə lazımi tapşırıqlar verməlidir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.

Kivnews.com

Şərhlər

XƏBƏR LENTİ