SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Təhsil Nazirliyinin böyük saxtakarlığı üzə çıxdı - Nazirlik müsabiqədə müəllimləri aldadır?

Təhsil Nazirliyinin böyük saxtakarlığı üzə çıxdı - Nazirlik müsabiqədə müəllimləri aldadır?

Tarix:

25-09-2017, 00:05

/ 42 381 dəfə oxundu.
Təhsil Nazirliyinin böyük saxtakarlığı üzə çıxdı - Nazirlik müsabiqədə müəllimləri aldadır?

Muəllimlər süni şəkildə artırılmış vakansiyalardan şikayətçidir

Bir az əvvəl Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqəsinin nəticələri açıqlandıqdan sonra bir neçə gənc namizəddən müsahibə götürmüşdük. Onlardan biri müsabiqədə müvafiq keçid balını toplayan, amma seçim üçün 2-ci turu gözləyən Günay Məmmədova idi. İkinci turun nəticələri açıqlandıqdan və müəllimlərin yerləşdirilməsi prosesi başlandıqdan sonra Günay xanımla əlaqə saxlayıb, nəticələrini öyrənmək istədik. Məlum oldu ki, o, müsabiqədən uğurla keçsə də, dərs saatları ilə bağlı problemlə üzləşib. Kiçik bir araşdırma zamanı aydınlaşdı ki, bu problemlə təkcə o deyil, başqaları da üzləşib. Həmin müəllimlərdən bir neçəsinin şikayətini diqqətinizə təqdim edirik.

– Günay xanım, sizinlə hardasa 25 gün öncə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinin açıqlanması zamanı söhbətləşmişdik. O zaman müsabiqənin şəffaf keçdiyini bildirmiş, amma seçimi ikinci tura saxladığınızı demişdiniz. Seçim nəticələriniz necə oldu, razı qaldınızmı?

– Bəli, 2-ci turda seçim etdim və sıralamada ilk yazdığım 280 №li tam orta məktəb üzrə ən yüksək mənim balım olduğundan, elə həmin məktəbə də düşdüm. Növbəti və son mərhələ isə müsahibə mərhələsi idi. Nəhayət, müsahibə mərhələsi də bitdikdən sonra qalırdı cavabların elan olunmasını gözləmək… Həyəcanlı şəkildə keçən bir neçə gündən sonra nəhayət ki, cavablar şəxsi səhifəmizə gəldi. Müsahibədən uğurla keçdiyimi görüb çox sevinmişdim. Sevincimin həddi-hüdudu yox idi. Lakin sevincim çox uzun çəkmədi… Yeni tədris ilinin ilk günündən artıq məyus olmuşdum. Çünki yaşadığım ərazidən xeyli uzaq olmasına baxmayaraq, Hövsan qəsəbəsində yerləşən 280 №li tam orta məktəbi seçməyimin əsas səbəbi məhz 24 saat vakant dərs yükünün verilməsi idi. Lakin direktor R.M. Qasımovla ilk görüşümdə o, 18 saat vakant dərs verdiyini dedi. Mən isə 18 saat yox, 24 saat vakant dərs üzrə gəldiyimi bildirdim. O isə qətiyyətlə 24 saat yox, 18 saat vakant dərs verdiyini təkrarladı. Bu məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsi ilə əlaqə saxladım və mənə bildirildi ki, direktor düz deyir, 18 saat vakant dərs verib. “Bəs Təhsil Nazirliyinin saytında vakansiya ilə bağlı məlumatlar bölməsində niyə 24 saat qeyd edilib?” deyə sual verdikdə isə “24 saat yəqin səhv gedib, olur belə şeylər.” cavabını aldım. İndi sizə sual verirəm, siz deyin, əgər səhv gedibsə, bu səhvin məsuliyyətini kim daşımalıdır?! Bunun cəzasını məhz 24 saat vakant dərs yükünə görə o məktəbi seçdiyim üçün mənmi çəkməliyəm?! 18 saat idisə, niyə Təhsil Nazirliyi 24 saat kimi qeyd etmisdi həmin vakansiyanı?! Belə çıxır ki, Təhsil Nazirliyi süni şəkildə artırılmış vakansiyalar elan edir?! Əgər bu məktəb, əslində, 18 saat vakant dərs yükü vermişdisə, 20-22 saat vakant dərs verən başqa məktəblər var idi, 55+ balımla elə o məktəbləri yazardım. Və ya 18 saat idisə, 18 saatlıq vakant yer verən yaşadığım əraziyə daha yaxın məktəblər var idi, onları seçərdim.

– İndi hüquqlarınızın təmin olunması üçün nə etmək fikriniz var. Bu şərtlərlə müəllimliyə başlayırsınız, yoxsa haqqınız üçün mübarizə aparacaqsınız?

– Bu məsələ ilə bağlı dəfələrlə Təhsil Nazirliyinin qaynar xəttinə (146) müraciət etmişəm. Lakin heç bir nəticəsi olmayıb. 15 sentyabr tarixində mənə dərs saatımın 24 saat deyil, 18 saat (!) olacağı bildirilən gün 146 ilə əlaqə saxlayıb, bu məsələnin araşdırılmasını tələb etdim. Onlar isə müraciətimin qeydə alındığını və araşdırılacağını bildirdi. 1 gün sonra isə yəni sentyabr ayının 16-da 146-ya müraciət edərək, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırovla görüş üçün vaxt təyin edilməsini istədim. Yalnız noyabrın 6-na vaxt təyin oluna biləcəyini bildirdi operator və məni görüşlə bağlı noyabrın 6-na qeyd etdi. Düz 1 həftə sonra, yəni 22 sentyabr tarixində araşdırmanın gedişatı ilə bağlı məlumat almaq üçün 146 ilə əlaqə saxladığımda məlum oldu ki, yalnız görüşlə bağlı müraciətim qeydə alınıbmış. Halbuki, görüş üçün sentyabrın 16-sı əlaqə saxlamışdım, lakin araşdırılma ilə bağlı isə sentyabrın 15-i müraciət etmişdim, yəni 1 gün öncə. Əgər qaynar xətt olaraq müraciət edənin şikayət, təklif və ya müraciətləri qeydə alınmırsa, o zaman qaynar xəttin varlığının mahiyyəti nədən ibarətdir?!

Müəllimliyə sentyabr ayının 15-dən başlamışam. Bu müddət ərzində təyin olunmuş bütün siniflərim üzrə dərslərimi vaxtlı-vaxtında demişəm. Lakin bu o demək deyil ki, hər şeylə razılaşıb sakit oturacağam. Təbii ki, hüquqlarımın təmin olunmasını istəyirəm. Çünki mən məhz həmin dərs saatı verildiyinə görə yaşayış yerimdən çox uzaq bir məktəbi yazmışam. Əgər 18 saat idisə, əvvəlcədən 18 saat olaraq qeyd olunardı. Bakı şəhər Təhsil İdarəsi də məktəb direktorunun dediklərini təsdiqləyir, bu halda deməli, səhv Təhsil Nazirliyinindir. Belə bir sual çıxır ortaya: Təhsil Nazirliyi vakant dərs saatlarını nə məqsədlə süni şəkildə artıraraq verir?!

– Tanıdığınız başqa namizədlər də belə problemlə üzləşib, yoxsa tək sizsiniz?

– Bu hal yalnız mənimlə yaşanmır. Bir çox həmkarlarım da nədənsə saatların azaldılması ilə bağlı problemlə üzləşirlər. Bu problem kütləvi hal alırsa, deməli, bununla bağlı bir tədbir görmək mütləqdir. Araşdırılma aparılsın, vakant saatların süni şəkildə artırılmasına son qoyulsun və hüquqlarımız təmin olunsun. Bu məsələ ilə bağlı digər qurumlara da məktub ünvanlamışam. Tezliklə problemlərimizin həll olunması diləyilə…

İmanova Aygün:

– Mən nazirliyin tabeçiliyində olan S. Rüstəm adına Xarici dillər təmayüllü gimnaziyaya qəbul olmuşam. 05.09.2017-ci il tarixində gimnaziyanın direktoru Ənvər Mustafayevə sənədlərimi təqdim etsəm də, qəbul etmədi. Sonra da qapını örtərək, “mən məzuniyyətdəyəm, get müavin qəbul etsin” dedi. Müavinə sənədlərimi təqdim etdim, dedi “mən sənədləri qəbul etmirəm, direktor edir, həm də analıq məzuniyyətindən müəllim qayıdıb, saat yoxdur.” Vakansiyada da 20 saat dərs göstərilmişdi. 05.09.2017-ci il tarixində Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu mərkəzində oldum. Mənə dedilər “ərizə yazın, məsələ araşdırılacaq, 2 günə sizinlə əlaqə saxlanılacaq. Artıq 20 gün keçib, mən işsiz qalmışam, həm də 56 balla. 2 dəfə Təhsil Nazirliyinin Qaynar xəttinə zəng vurmuşam, deyiblər “narahat olmayın”, ancaq nəticə yoxdur.azadliq.inf

AnaXeber.Az

Şərhlər

XƏBƏR LENTİ