SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Dubaydakı uşaq oğurluğunun izi ilə - yeni gəlişmə

Dubaydakı uşaq oğurluğunun izi ilə - yeni gəlişmə

Tarix:

22-09-2017, 10:53

/ 93 390 dəfə oxundu.
Dubaydakı uşaq oğurluğunun izi ilə - yeni gəlişmə

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyinin prokurorluğunda Azərbaycan vətəndaşının adı keçən uşaq oğurluğu ilə bağlı istintaq işi yekunlaşmaq üzrədir. İş üzrə istintaqa təqsirli şəxs qismində dəvət olunan Davud Bağırov prokurorluğa getməkdən yayınır. Uşaq oğurluğu faktına görə başlanmış cinayət işi isə məhkəməyə göndərilmək üzrədir.
Hazırda iş üzrə təqsirli şəxs qismində istintaqa cəlb olunan Qazaxıstan vətəndaşı Zarina Jaksenbayeva barəsində isə qərar dəyişməyib. O, məhkəmə baş tutana qədər Dubay Əmirliyinin ərazisini tərk edə bilməz. Yada salaq ki, Dubayda bank sektorunda çalışan Qırğızıstan vətəndaşı Merim Beishekeyeva Azərbaycan vətəndaşı Davud Bağırovu onun azyaşlı övladını oğurlamaqda ittiham edir. Merim Beishekeyeva övladı oğurlanandan sonra Dubayın hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra uşaq oğurluğu faktına görə Dubay Prokurorluğunda cinayət işi başlanıb.
M.Beishekeyeva öyrənib ki, azyaşlı övladı Dubaydan Türkiyəyə, oradan isə Azərbaycana gətirilib. Buna görə də o, 2017-ci ilin fevralında Bakıda olub, övladının oğurlanması ilə bağlı ölkə başçısına, baş prokurora, Milli Məclisin sədrinə, ombudsmana, AQUP DK-nın sədri Hicran Hüseynovaya müraciətlər ünvanlayıb. M.Beishekiyevanın nümayəndəsi hüquqşünas Abdulla Əfəndizadədir. O, uşaq oğurluğu ilə bağlı mətbuatda dəfələrlə çıxışlar edib və iş üzrə Azərbaycan məhkəmələrində bir neçə iddia qaldırıb.
Hazırda Azərbaycan Ali Məhkəməsində hakim Əsəd Mirzəliyevin icraatında Dubay Əmirliyinin Ali Məhkəməsinin iş üzrə çıxardığı qərarın tanınması işi var. Həmin qərara əsasən, Merim Beishekeyevanın Davud Bağırova qarşı iddiası təmin olunub. Onların nikahı pozulub, azyaşlı Ceylanın anasının himayəsində qalması, Davud Bağırovun uşağı Merim Beishekeyevaya qaytarması, aliment ödənişi və digər tələblər təmin olunub.
M.Beishekeyevanın nümayəndəsi Abdulla Əfəndizadə deyir ki, Dubay Ali Məhkəməsinin qərarı Azərbaycan Ali Məhkəməsinə bu ilin iyununda daxil olub. Amma Azərbaycan Ali Məhkəməsi həmin qərarın tanınması üçün müvafiq tədbirlər görməyə tələsmir. Eyni zamanda Davud Bağırov həmin qərarın Azərbaycanda tanınmasına qədər Merim Beishekeyevanı və onun nümayəndəsi Abdulla Əfəndizadəni xüsusi ittiham qaydasında şikayəti üzrə həbs etdirmək istəyir.
A.Əfəndizadə deyir ki, Xətai Məhkəməsinə şikayət daxil olub və bir neçə saat sonra artıq ərizənin üstü yazılıb və hakim Bəxtiyar Məmmədova göndərilib. “Bu tələskənlik əbəs deyil. Məqsədləri budur ki, Dubay Ali Məhkəməsinin qərarı Azərbaycan Ali Məhkəməsində tanınana qədər Merim Beishekeyeva və nümayəndəsi olaraq mənə qarşı hər hansı bir formada cinayət işi başlatsınlar” deyə vəkil bildirib.
A.Əfəndizadə deyib ki, ölkə daxilində olduğu kimi, ölkə xaricində də nümayəndəsi olduğu M.Beishekeyevaya qarşı iş aparılır: “Bişkekdə Zarina adlı bir qadını da Merim Beishekeyevaya qarşı istifadə edirlər. Həmin qadın M.Beishekeyevaya şər atır. Bundan əvvəl dəfələrlə müxtəlif qadınların adından Merim Beishekeyavaya qarşı hüquq-mühafizə orqanlarına şikayətlər göndərilib. Araşdırmalar göstərib ki, həmin şikayətlər şər-böhtandan başqa bir şey deyil. Merim Beishekeyeva heç vaxt şikayətlərdə iddia edildiyi kimi əxlaqsızlıqla məşğul olmayıb. Bundan əvvəl Aysel adlı qadın və onun bacısı şikayət yazmışdılar. Bu həmin Ayseldir ki, yalandan üzə durduğuna görə barəsində Dubay məhkəməsinin hökmü var. Bu məsələ yadlarına düşüb və şikayəti onun əxlaqında olan başqa bir qadının adından veriblər. Bütün bunlar uşağın qaçırılmasının gizlədilməsi, ört-basdır olunması, anasına qaytarılmaması üçün edilir. Digər tərəfdən də iş üzrə Dubay Ali Məhkəməsinin qərarı var və həmin qərar Azərbaycan Ali Məhkəməsində tanınmadadır. İnanıram ki, həmin əxlaqsız qadınlar və onları yönləndirən adamlar da ifşa olunacaqlar. Azərbaycanda keçirilən məhkəmələrdən birində Davud Bağırovun vəkilində bundan əvvəl Merimə qarşı şikayətçi qadının Bişkek polisinə müraciəti üzrə araşdırma aparılması haqda qərar vardı. Bu bizdə Bişkekdə baş verən şərləmə kampaniyasının haradan idarə edilməsi ilə bağlı əsaslı şübhələr yaradır”.
Bu qalmaqallı iş üzrə Azərbaycanda paralel olaraq məhkəmə müstəvisində bir neçə proses keçirilir. A.Əfəndizadə Azərbaycan məhkəmələrində üzləşdikləri qanunsuzluqlarla bağlı ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova da müraciət ünvanlayıb.

P.S Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.

musavat.com

Şərhlər

XƏBƏR LENTİ