Laçın ölkəmizin ən inkişaf etmiş rayonlarından biri olacaq

Ümummilli Lider Heydər Əliyev söyləyirdi ki, "dövlətin ən mühüm vəzifəsi öz torpaqlarından didərgin düşmüş vətəndaşlarının güzəranını yaxşılaşdırmaq, onların problem və qayğılarını həll etmək və ən nəhayət, işğal altında olan torpaqların azadlığını təmin etməklə hər bir məcburi köçkünü isti ocağına qayıtmasına nail olmaqdır".
Mənfur düşmənin torpaqlarımıza qarşı növbəti təxribatı nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin verdiyi tapşırıq əsasında illərdir hazırlaşan Ordumuz əks hücum əməliyyatına keçdi.
Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etməklə həm BMT Təhlükəsizlik Şurasının yerinə yetirmədiyi missiyası həyata keçirib, həm də tarixi ədaləti bərpa etmiş oldu.
Noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilmişdir. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunmuşdur.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanan üçtərəfli bəyanata müvafiq olaraq noyabrın 20-də Ağdam, ayın 25-də Kəlbəcər və dekabrın 1-də Laçın rayonları boşaldılaraq Azərbaycana təhvil verilib.
Üçtərəfli Bəyanat Azərbaycanın qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Biz nail olduq, Laçın rayonu işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi.
Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir. Çünki, dövlətimizin idarəçiliyinin arxasında Ümummilli Liderimiz Heydər Əliyevin layiqli varisi, yaratdığı siyasi kursun davamçısı, müstəqilliyimizin təminatçısı Möhtərəm Prezidentimiz İlham Əliyev durur.
Hal-hazırda rayonda abadlıq-quruculuq işləri görülür, avtomobil yolları, enerji və su təchizatı, daxili infrastrukturlar yaradılır, yaşayış məskənləri salınır. Görülən bütün işlər Prezident İlham Əliyevin şəxsi nəzarətindədir.
Onu da bildirməliyik ki, rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir.
Bu il də Laçında quruculuq işləri davam edib. Laçın rayonunun Güləbird, Şəlvə kəndlərinin, Qorçu qəsəbəsinin təməli qoyulub, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Laçın” şəhər, 110/35/10 kv-luq “Qorçu” yarımstansiyalarının, “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının, 2 nömrəli tam orta məktəbinin, “Həkəri Balıq Təsərrüfatı”nın, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışı olub, mehmanxana kompleksinin təməli qoyulub.
Sevindirici haldır ki, bu il ilk dəfə böyük təntənə ilə “Laçın Şəhəri Günü” keçirilib, ölkəmizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu şənliklərdə iştirak ediblər.
İnanırıq ki, yaxın gələcəkdə Laçın ölkəmizin ən inkişaf etmiş rayonlarından biri olacaq.
Aynur Xəlilova - politoloq