Nahid Aslansoy: “Atam dəfələrlə gərgin döyüşlərdə düşmənə ağır zərbələr vurub”

Nahid Aslansoy: “Atam dəfələrlə gərgin döyüşlərdə düşmənə ağır zərbələr vurub”
Vətənizimin azadlığı uğrunda minlərlə insanımız şəhid oldu. Özümü xoşbəxt hesab edirəm ki, işğal altında olan torpaqlarımız düşmən taptağından azad edildi, cənab prezidentimiz İlham Əliyevin və xalqımızın dəmir iradəsi eləcədə xalqla prezident vəhdəti sayəsində qəhraman oğullarımızın döyüş əzmi ilə qısa bir müddət ərzində torpaqlarımız azad edildi. Bu gün şəhidlərimizin ruhları çox rahatdır. Çünki uğrunda şəhid olduqları torpaqlar azaddır. Belə ruhu şad olan şəhidlərimizdən biri də tabor komandiri olmuş mayor Tacəddin Aslanovdur.
Şəhidin oğlu, gənc politoloq “KARABAKH İNTERNATİONAL COMPANY” təsisçi direktoru Nahid Aslansoy bizimlə söhbətində atasının döyüş yolundan danışdı.
- Nahid bəy, atanız müharibəyə gedərkən necə yaşınız var idi? Ümumiyyətlə, atanızı necə xatırlayırsınız?
- Atam keçmiş SSRİ silahlı qüvvələri tərəfindən Çexoslovakiyaya hərbi xidmətə çağrılıb, bacarıqlı, yüksək hərbi biliklərə daha tez yiyələndiyinə və idman nailiyyətləri yüksək olduğuna görə Moskvada yerləşən Ali Hərbi Məktəbə daxil olub, oranı bitirəndən sonra ölkəmizə kadr olaraq dönüb. Həmin illərdən bir sıra hərbi birləşmələrin tərkibində fəaliyyət göstərib. “N” saylı hərbi hissədə tabor komandiri vəzifəsində çalışıb. Elə son döyüş əməliyyatlarına da həmin hərbi hissədən gedib. 1993-cü il avqust ayının 8-də Xatunbulaq uğrunda gedən döyüşlərdə qəhramancasına səhid olub.
Hərbçi ailəsində dünyaya gəlməyim mənim vətənpərvərlik ruhunda böyüməyimə öz təsirini göstərib. Atam çox mərd, qorxmaz və vətəninə bağlı bir insan idi. İdmanın cüdo növü ilə məşğul olardı. Öz işini sevməsi və döyüş bacarığı dəfələrlə düşmən həmlələrini məhv evməkdə ona yardımçı olub.
- İstərdim ki, bir qədər atanızın böyüş yolu haqda danışasınız.
- Bir neçə uğurlu əməliyyatlar keçirtməklə ermənilərin qəzəbini qazanmışdı. Hətta onun başını kəsib aparana pul da vəd olunmuşdu. İxtisaslı kadr olduğu üçün ən şiddətli döyüşlərdə şücaətlə iştirak etmiş, bir sıra mövqelərimizin geri qaytarılması və qorunmasında böyük əməyi olmuşdu. Füzuli, Ağdərə, Laçın rayonunun Dığ kəndi uğrunda gedən döyüşlərdə iştirak edərək, şücaət göstərmişdir. Həmin əraziləri çox gözəl tanıdığı üçün düşmənə hansı ərazilərdən zərbə endirilməsini də gözəl bilirdi. Döyüş yoldaşları hər zaman onun fikirlərinə hörmətlə yanaşır, məsləhətlər alırdılar.
- Atanızın döyüş yoldaşları nə danışırlar?
- Atamın döyüş yoldaşları ilə demək olar ki, mütəmadi görüşürəm. Onlar atamın döyüş ruhlu bir insan olduğunu, ölümdən belə qorxmadığını söyləyirlər. Dəfələrlə düşmən mühasirəsindən onun hərbi taktikaları sayəsində uğurla çıxdıqlarını söyləyirlər. Bir də kitelinin döş cibində olan mənim kiçik yaşlarımın şəklini tez-tez öpərək “gözlə, oğlum, gələcəyəm” sözlərini işlətdiyini deyirlər. Yoldaşlarının dediyinə görə, son döyüşləri Xatunbulaq uğrunda gedən döyüşlər olub. Atam son döyüş zamanı sağ ayağından və sağ qolundan güllə yarası alıb. Döyüş yoldaşlarının mühasirədən çıxmasına dəstək olub və özü son nəfəsinədək döyüşüb. Döyüş yoldaşları atamın yanından ayrıldıqları zaman gördükləri bir hadisəni mənə söyləyəndə hamısının gözləri doldu. Deyirlər ki, atam yaralı vəziyyətdə imiş, çoxlu qan itiribmiş, sol əli ilə sağ döş cibindən mənim qana boyanmış şəklimi çıxararaq öpüb. Mən beş yaşından atasız böyüdüm, ancaq başım dik oldu. Çünki atam vətənimizin bütövlüyü uğrunda şəhid oldu. Vətən sağ olsun!
- Nə qədər ağrılı da olsa, bir məsələyə də aydınlıq gətirilməsini istərdim: eşitdiyimə görə, atanızın məzarı yoxdur...
- Elədir, atamın məzarı yoxdur. Ancaq mən hər zaman Şəhidlər Xiyabanına gedəndə oradakı adsız məzarları ziyarət edirəm. Atam mənim qəlbimdə yaşayır, mənə miras qoyub getdiyi ailəmi, vətənimi qorumaqla onun ruhunun şad olduğuna inanıram.

Geri qayıt