Nə dinləri var... nə də imanları... - Qanunları da ki... heç saya salmırlar!

“İcra haqqında” Azərbaycan Respublikası Qanunun 68.1.2 maddəsində, rus demiş, ağ-qara xətlə yazılıb:
“TƏLƏB – BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ İCRA EDƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ”
Bu qanun, bu Konstitusiya , bu da icra məmurlarının, bankların borc adına Vətəni müdafiə edən Qarabağ qazilərinin xəsarətlərinə görə ödənilən sığorta , pensiya, müavinəti – “qanpulu”nu mənimsəməsi. Bəs Qarabağ qazisinin hüququnu kim qorumalıdır? Beynəlxalq Bankın özbaşınalığına kim hüquqi qiymət verməlidir? Hələ ki nə dövlət hakimiyyəti, nə hüquq mühafizə orqanları, nə Ombudsman – insan hüquqları üzrə müvəkkil ( bu günlərdə Prezident əlillərin hüquqlarının qorunmasını da Ombudsmana tapşırıb – M.B.) konkret addım atır.
Mediada yayılan qanunsuzluqlarla bağlı , özəlliklə, hüquq mühafizə orqanlarının araşdırma aparması qanunvericiliyin tələbidir. Əlil-istehlakçı hüquqlarını bankın pozmasına görə isə, Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyinin uyğun qurumları məhkəməyədək müraciət etməyə borcludurlar. Düzdür, Beynəlxalq Bankın məhkəmə toxunulmazlığı “hüququ” var, amma baxır iddianı kim qaldırır: İstehlakçıların hüquqlarını qorumalı olan dövlət qurumu, yoxsa, yataqda canı ilə əlləşən, “qanpulu”ndan dələduzluqla məhrum olunan Qarabağ qazisi ?!
Bankın özbaşınalığına son qoyan , Qarabağ qazisinin “qanpulu”nu özünə qaytaran olacaqmı? Özbaşınalıq qarşısında qanun da, Konstitusiyada acizdir. Bəs qazilər baştacı idilər, niyə ayaqaltı edilirlər? Bəs əlil-qazi təşkilatları hara baxır? Suallar , suallar, ritorik suallar...
Məğrur Bədəlsoy
DİA.AZ