Azərbaycanda “zerkalnı” maşın nömrələri niyə ƏLALTDAN satılır? - ARAŞDIRMA

Azərbaycanda “zerkalnı” maşın nömrələri niyə ƏLALTDAN satılır? - ARAŞDIRMA


Azərbaycanda bahalı avtomobil nömrələri çoxalsa da, bu sahə biznes maraqlarının qurbanına çevrilib. Bu gün qoşa kombinasiyalı və ya el arasında dediyimiz “zerkalnı” kimi tanınan gözəl nömrələrə bir ətək pul verənlər yalnız imkanlı şəxslərdir. Hansı ki, nömrə “dəllal”ları ilə açıq bazara girib istədikləri avtomobil nömrəsini asanlıqla əldə edə bilirlər.

Dövlət qeydiyyat nişanlarının hərrac yolu ilə satılması məsələsi illərdir müzakirə olunur və bununla bağlı konkret təkliflər işlənilməyib.

Baxmayaraq ki, ölkə başçısı müvafiq təkliflərin hazırlanıb tətbiq edilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıq vermişdi. Amma alver indi də davam edir. Üstəlik nömrə “dəllal”ları daha da aktivləşərək, “qol-qanad” açıblar.

Məlumat üçün bildirək ki, 2022-ci ilin yanvar ayının 1-dən etibarən “Dövlət rüsumu haqqında” Qanuna edilmiş dəyişiklik qüvvəyə minib. Həmin gündən etibarən avtomobil qeydiyyata alınan zaman vətəndaşdan qeydiyyat şəhadətnaməsi üçün 30 manat, dövlət qeydiyyat nişanı üçün 30 manat, nəqliyyat vasitəsinin qeydiyyatı üçün isə 20 manat tələb olunur. Avtomobil nömrəsinin rüsumu isə seriya və rəqəm fərqliliyinə görə dəyişir. Seriyadakı hərflər eynidirsə qiymətlər bir qədər də artır. Dövlət rüsumuna görə ən bahalı eyni kombinisiyalı nömrə 3000 manatdan yuxarı deyil.

Real mənzərə isə başqadır:

Bu gün bir çox elan saytlarında “cib yandıran” avtomobil nömrələrinə rast gəlinir. Məsələn, Biturbo.az saytında 90 OO 079 dövlət qeydiyyat nişanı 25 min manata, 90 MM 008 dövlət qeydiyyat nişanı 25 min manata, 10 MY 111 dövlət qeydiyyat nişanı 11 min manata, 10 AM 002 dövlət qeydiyyat nişanı 50 min manata, 77 RR 707 dövlət qeydiyyat nişanı 25 min 500 manata, 90 KN 999 dövlət qeydiyyat nişanı 15 min 500 manata, “Avtonet” elan saytında 10 AV 004 dövlət nişanı 45 min manata, 20 TT 200 qeydiyyat nişanı isə 30 min manata satılır.

Digər elan saytlarına da nəzər salsaq avtomobil nömrələri ilə bağlı fantastik siyahı ilə rastlaşmaq mümkündür.

Ekspertlərin fikrincə, avtomobil nömrələrinin alışında şəffaflıq və vahid pəncərə sistemindən ibarət reyestr yoxdur. Bu gün vətəndaş istədiyi avtomobil nömrəsini ala bilmir. Almaq istədiyi nömrənin satışda olmadığı bildirilir. Halbuki həmin nömrə “dəllal”lar vasitəsilə əlaltından fantastik qiymətlərə satışa çıxarılır. Qanundan kənar fəaliyyət göstərilir. Aidiyyəti qurum isə bu məsələdən hali olsa da, “dəllal” larla bağlı heç bir tədbir görmür. Hətta söyləntilərə görə bu “dəllal”lara elə özləri “yaşıl işıq” yandırır.

Nəqliyyat eksperti Eldəniz Cəfərov Bizim.Media-ya bildirib ki, qanunda əks olunub ki, vətəndaş istədiyi kombinasiyalı dövlət nömrə nişanı almaq üçün yazılı şəkildə Dövlət Yol Polisinə müraciət etməlidir:

“Elektron və kağız sənəd üzərində də ola bilər. Təbii ki, vətəndaşın istədiyi nömrənin dövlət rüsumu var. Dövlət rüsumunda qiymətlərlə bağlı cədvəllər var. O cədvəldəki qiymətə uyğun rüsumu ödəyib nömrəni əldə etməlidir. Dövlət nömrə nişanı vətəndaşın şəxsi mülkiyyəti deyil. Lakin vətəndaşın hüququ var ki, onun avtomobilinə verilən nömrəni başqa birisinə yönləndirsin. Bu mümkündür. Amma müəyyən “dəllal”lar da var ki, onlar nömrənin alışı və verişi ilə məşğul olur. Biz vətəndaşlara tövsiyə edirik ki, belə “dəllal” larla işləməsinlər. Kimə nömrə lazımdırsa, birbaşa Dövlət Yol Polisinə müraciət etsin”.

Ekspertin sözlərinə görə müvafiq qanunvericilikdən kənar addım atılırsa vətəndaş ilk növbədə Daxili işlər Nazirliyinə müraciət edə bilər:

“Bu şikayətə müvafiq qanunun 78.1- ci maddəsində müəyyən olunmuş qaydada bir ay müddətində baxılır. Nömrə almaqla bağlı vətəndaşın hüquqları tapdanıbsa, xidmətlərdən istifadə zamanı yaranan mübahisələrlə bağlı məhkəmələrə qədər həlli yolları var”. //Bizim.Media//
Geri qayıt