Şamil Heydərov: Azərbaycan Silahlı Qüvvələri tarixi vəzifənin öhdəsindən uğurla gəldi

Şamil Heydərov: Azərbaycan Silahlı Qüvvələri tarixi vəzifənin öhdəsindən uğurla gəldi Hər bir xalqı dünyada tanıdan, məşhurlaşdıran, aparıcı söz sahibinə çevirən amillərdən biri də onun ordusu, silahlı qüvvələridir. Tarixən hər bir millət ordusuna güvənib, onu milli qürur və fəxarət ünvanı sayıb. Qüdrətli ordusu olan dövlət nəinki maraq və mənafeyini layiqincə qoruya bilib, eyni zamanda, dünya siyasətinə əsaslı təsir imkanları əldə edib. Bəli, güclü dövlətin təməl prinsiplərindən biri qüdrətli ordunun mövcudluğudur. Ona görə ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra məhz bu prinsipə söykənərək ilk növbədə güclü ordunun formalaşdırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə start verdi.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında 1994-cü ildən ordu quruculuğu sahəsində keyfiyyətcə yeni mərhələ başlanmış, ordunun elmi əsasda qurulması, peşəkar kadr potensialının hazırlanması, nizam-intizamın gücləndirilməsi, maddi-texniki təchizatın yüksəldilməsi baxımından bir sıra vacib tədbirlər həyata keçirilmişdir. Dövlət müstəqilliyini qazandıqdan sonra çoxqütblü inkişaf modelləri sırasından Qərb dəyərlərini seçən Azərbaycan hərbi-siyasi təhlükəsizliyinə təminatı gücləndirmək, beynəlxalq birliyin tamhüquqlu subyektinə çevrilmək üçün aparıcı beynəlxalq təşkilatlarla, o cümlədən NATO ilə əməkdaşlığa mühüm önəm vermişdir.
Heydər Əliyevin ordu quruculuğu ilə bağlı siyasi dəst-xətti, ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən çox böyük fədakarlıqla həyata keçirilir. Dövlət başçısı ordu quruculuğu və Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi istiqamətində çox gərgin, səmərəli və məqsədyönlü iş aparmaqdadır.
Azərbaycan Ordusu bu gün mövcudluq tarixinin çoxşaxəli hərbi quruculuq və islahatlar mərhələsi kimi səciyyələnə biləcək yeni mərhələsini yaşayır. Silahlı Qüvvələrin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin maddi rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqlarla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər praktik nəticələrini verməkdədir. Ordu quruculuğu siyasətini yeni dövrün tələbləri səviyyəsində davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu məqsədlə bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir.
Dövlət başçısı İlham Əliyev ilk gündən bəyan etmişdir ki, ordunun möhkəm, qüdrətli olması üçün ölkə iqtisadiyyatının güclü olması vacib şərtdir. Bu reallıq fonunda ölkə rəhbərliyi iqtisadiyyatın inkişaf tempinə adekvat olaraq ordu quruculuğu istiqamətində də qətiyyətli addımlar atır. Təkcə bir faktı demək kifayətdir ki, son beş ildə respublikanın hərbi büdcəsi on dəfədən çox artaraq bütövlükdə işğalçı Ermənistanın dövlət büdcəsinə çatmışdır. 2 milyard dollardan artıq hərbi büdcəyə malik Azərbaycan Ordusu bu gün regionda NATO standartları səviyyəsində inkişaf edən nizami, peşəkar və çevik orduya çevrilmişdir. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələri bu gün yüksək döyüş hazırlığına malik və peşəkar, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş savadlı, vətənpərvər kadrlardan ibarətdir.
Bu gün Silahlı Qüvvələrimizin fəaliyyətinin ən parlaq səhifələrindən biri də əsgər və zabitlərimizin beynəlxalq miqyasda nümayiş etdirdikləri böyük döyüş şücaəti və qəhrəmanlıqlarıdır. Qeyd edim ki, bəşəriyyət üçün potensial təhlükə mənbəyinə çevrilən transmilli cinayətlərə qarşı effektiv mübarizənin təşkili baxımından ayrı-ayrı dövlətlərin birgə fəaliyyətinin təmini müasir dövrün son dərəcə vacib və aktual məsələlərindəndir. Dünyanın bir sıra qaynar nöqtələrində sabitliyi və təhlükəsizliyi pozan beynəlxalq terrorizm, təcavüzkar separatizm, narkotik qaçaqmalçılığı və digər qlobal təhdidlərlə mübarizədə NATO-ya üzv olan, habelə bu hərbi-siyasi blokla sıx əməkdaşlıq edən ölkələrin koalisiyasının formalaşdırılması da məhz bu zərurətlə şərtlənmişdir. Azərbaycan da tarixən erməni terrorizmindən əziyyət çəkmiş dövlət kimi Kosovo, Əfqanıstan və İraqda həyata keçirilən antiterror əməliyyatlarına ilk gündən hərbi-siyasi dəstək vermiş, Silahlı Qüvvələrimizin mətin hərbçiləri NATO qoşunlarının tərkibində sülhməramlı əməliyyatlarda fəal iştirak etmişlər.
Azərbaycan sülhməramlıları son 10 ildə üzərlərinə düşən sülhməramlı missiyanı daim yüksək məsuliyyətlə, şərəflə həyata keçirərək dövləti və xalqı layiqincə təmsil etmişlər. Qlobal miqyasda sülh və sabitliyə töhfə vermək, sülhməramlı əməliyyatlara qoşulmaq respublikamızın beynəlxalq aləmdə nüfuzunun daha da artmasına, dünya birliyində öz yerini möhkəmləndirməsinə, bəşəriyyəti narahat edən problemlərin həllində yaxından iştirakına əlverişli zəmin yaratmışdır. 1994-cü ildən NATO-nun bir sıra hərbi proqramlarında yaxından iştirak edən Azərbaycanın məqsədi həm də nizami ordu quruculuğu prosesində təşkilatın geniş təcrübəsindən və imkanlarından istifadə etməkdir. 1997-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin tərkibində sülhməramlı bölüyün, daha sonra isə sülhməramlı taburun yaradılması da məhz NATO xəttilə həyata keçirilən hərbi-humanitar aksiyalarda fəal iştirak etməkdən, münaqişə ocaqlarında təhlükəsizliyin, sülhün təminatına əsgəri dəstək verməkdən ibarət olmuşdur.
Ordu quruculuğu konkret zamanla məhdudlaşmayan, daim gərgin səy göstərilməsini tələb edən çətin və mürəkkəb prosesdir. Bu sahədə uğurları təmin edən başlıca amillərdən biri də polad nizam-intizamın yaradılması, habelə şəxsi heyətin yüksək vətənpərvərlik ovqatında yetişdirilməsidir. Təcrübə göstərir ki, döyüş ruhu olmayan orduya uğur qazanmaqda ən müasir silahlar belə kömək etmir. Bu gün Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji durumu, habelə hərbi-vətənpərvərlik əhval-ruhiyyəsi yüksək səviyyədədir. Bunun əsas səbəblərindən biri də ön xətdə yerləşən hərbi hissələrdə yüksək vətənpərvərlik əzmi ilə düşmənlə üz-üzə dayanan, hücum əmrinə daim hazır olan hərbçilərimizin sosial müdafiəsinin ildən-ilə gücləndirilməsidir.
Dövlətin hərtərəfli qayğısını hər addımda hiss edən mətin əsgər və zabitlərimiz üzərinə düşən məsuliyyəti yetərincə dəyərləndirir, komandanlığın əmr və göstərişlərini yüksək səviyyədə yerinə yetirməyə çalışırlar. Müdafiə Nazirliyinin həyata keçirdiyi kompleks tədbirlər nəticəsində bu gün ön xətdə keşik çəkən əsgər və zabitlərin vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Hər cür qayğı və ehtiyacdan azad olan şəxsi heyətin əsas diqqəti nizam-intizama, hərb elminin incəliklərini dərindən mənimsəməyə yönəlib. Xüsusən də düşmənlə təmas xəttində xidmət keçən hərbçilərin geyim və silah-sursatla təchizatı, normativə uyğun şəkildə qidalanması, gigiyenik-sanitar tələblərə riayət etməsi üçün hər cür şərait yaradılıb. İnşa olunmuş əsgər sığınacaqları zəruri hərbi ləvazimat və əşyalarla təmin olunub.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin son beş ildə ordu hissələrində şəxsi heyətlə müntəzəm keçirdiyi görüşlər zaman keçdikcə ordunun döyüş ruhunun yüksəlməsində və əzmkarlığının artmasında özünü büruzə verir. Dövlət başçısının hərbi hissələrdəki vəziyyətlə, əsgər və zabitlərin qayğıları ilə bilavasitə maraqlanması, xidmətdə fərqlənən əsgər və zabitlərə xüsusi hədiyyələr təqdim etməsi, bir sözlə, onlarla səmimi ünsiyyətdə olması şəxsi heyətdə özünəinam hissini gücləndirir.
Bu gün Azərbaycan Ordusunun beynəlxalq standartlar səviyyəsində inkişafı üçün bütün zəruri addımlar atılır. Ordu quruculuğuna dair bütün mühüm tədbirlər müvəffəqiyyətlə, ardıcıl surətdə, mövcud siyasi kursun tələblərinə uyğun şəkildə yerinə yetirilir. Silahlı Qüvvələrin sıralarında hərbi xarakterli cinayətlərin, xüsusən də fərarilik hallarının azalması da məhz ordumuzun gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin, hərbi-vətənpərvərlik əhval-ruhiyyəsinin nəticəsidir. Azərbaycan Ordusunun mütəşəkkilliyi sahəsində görülən irimiqyaslı işlər ictimaiyyət tərəfindən də razılıqla qarşılanır.
Ordu quruculuğu işinin sürətli və keyfiyyətli aparılması baxımından dövlətlə yanaşı, ictimaiyyətin diqqəti, qayğısı da son dərəcə vacib amildir. Xalq öz ordusunu o zaman sevir ki, ona güvənir, döyüş qüdrətinə, qələbə əzminə inanır və mənəvi-psixoloji dəstəyini ondan əsirgəmir. Bu dəstək dövlət başçısının orduya, onun maddi-texniki təchizatının, sosial-məişət şəraitinin yaxşılaşdırılmasına göstərdiyi qayğı ilə vəhdət təşkil edəndə həyata keçirilən islahatlar daha səmərəli nəticələr verir.
Bu gün ardıcıl və sistemli şəkildə aparılan ordu quruculuğu prosesi elə mühüm mərhələyə qədəm qoymuşdur ki, qazanılan nailiyyətlərlə yerində hərtərəfli tanış olmadan Azərbaycan Ordusunun real vəziyyətini obyektiv qiymətləndirmək, dolğun fikir söyləmək mümkün deyildir. İndi nəinki arxa cəbhədə, hətta düşmənlə üzbəüz təmas xəttində yerləşən hərbi hissələrdə özünü qabarıq göstərən nizam-intizam, səliqə-sahman, yüksək döyüş ovqatı qürur və sevinc hissi doğurur. Əlində silah düşmənlə üz-üzə dayanaraq müşahidə aparan əsgər və zabitlərin vətən, torpaq sevgisini duymaq, döyüş ruhunu, düşmənlə mübarizə ovqatı üzərində köklənən yüksək mənəvi-psixoloji durumunu yaxından hiss etmək və bütün bunları qeyd etmək mənəvi borcdur.
Orduya dövlətin simvolu olaraq xüsusi ehtiram göstərmək lazımdır! Azərbaycan xalqı öz ordusunu sevir!

Şamil Heydərov
“Çin Karqo” şirkətinin rəhbəri
Geri qayıt