COVİD-19 faciəsinin acıları. Yarımçıq qalmış ömrün səhifələrindən...

COVİD-19 faciəsinin acıları. Yarımçıq qalmış ömrün səhifələrindən... Bir ziyalı, əziz dost haqqında danışmaq və ya yazmaq nə qədər şəfəfli işdirsə, o qədər də çətin və məsuliyyətlidir. Belə ki, o şəxslə yaxın aylar, günlərədək ünsiyyətdə olasan, səsi qulağından getməyə, mənalı baxışları, xəfif təbəssümü gözlərinin önündən çəkilməyə, indi isə özü haqq dünyasında ola,  məhz bu məsuliyyəti ikiqat artırır. Çünki bəhs edəcəyin yazı onun həyat yoluna işıq salmalı, onun fəaliyyətini, həyat amalını, arzu və istəklərinibütün reallıqları ilə əks etdirməlidir.
Dünyanı ağuşuna alan COVİD-19 koronavirus pandemiyası minlərlə ailələr kimi Rüstəmovlar ailəsindən də yan keçmədi. Haqqında bəhs edəcəyim ailə başçısı, tələbə dostumuz Əli müəllim də bu xəstəliyə düçar oldu. Aparılan müalicələrə baxmayaraq, onu bu xəstəliyin cəngindən xilas etmək mümkün olmadı. Arzuları, istəkləri yarımçıq qaldı Əli müəllimin. 2021-ci ilin yanvar ayında ömrünün-gününün qaynar və müdrik çağında, 62 yaşında həyatla vidalaşdı Əli Rüstəmov. Ruhu şad olsun!..
Əli Fəti oğlu Rüstəmov 1958-ci ildə Bakının Binəqədi rayonunda ziyalı ailəsində dünyaya göz açmışdı. Hələ orta məktəbdə oxuyarkən humanitar fənlərə, əsasən tarix və ədəbiyyata xüsusi maraq göstərmişdir. Bu və digər  fənlərdən həmişə əla qiymətlər almışdır. O, tarixçi olmaq arzusunda idi. Hərbi xid- məti başa vurduqdan sonra bu istək onu Azərbaycan Dövlət Universitetinə (indiki BDU) gətirdi. Əli Rüstəmov 1980-ci ildə həmin universitetin Tarix fakültəsinə (axşam şöbəsi) daxil oldu. Ali təhsil almaqla yanaşı o, həm də Mərkəzi Dövlət Arxivində (indiki Milli Arxiv İdarəsi) əmək fəaliyyətinə başladı.
Tələbəlik illəri... Tələbə yoldaşlarım arasında ünsiyyətdən qaçan, qarabaq, özünəqapalı olanlar da az deyildi. Lakin böyük əksəriyyəti ünsiyyətə meylli, mehriban, həvəslə dostluq əlaqələri qurmağa can atan yoldaşlar, həmyaşıdlar idi. Bu mənada tələbə dostumuz Əli Rüstəmov hamıdan daha çox seçilirdi. O, tələbəlik illərinin ilk günlərindən səmimi davranışı, ünsiyyətçilliyi, təvazökarlığı, təşəbbüskarlığı və aydın, məntiqli düşüncələri ilə hamının diqqətini cəlb etmişdi. Universitetdə təhsil aldığımız müddətdə Ə.Rüstəmov bu kimi yüksək insani keyfiyyətləri ilə bütün tələbə yoldaşlarının hörmətini qazanmış, hamının sevimlisinə çevrilmişdi.
1986-cı ildə universiteti bitirdikdən sonra Əli Rüstəmov arzuladığı kimi pedaqoji fəaliyyətlə başladı və ömrünün sonuna qədər bu şərəfli müəllim peşəsinə bağlandı. O, pedaqoji fəaliyyəti dövründə bir neçə təhsil ocağında uğurla çalışmışdı. Pedaqoji fəaliyyəti dövründə Azərbaycan Respublikasının bir sıra  aparıcı ali məktəblərində çalışan Əli Rüstəmov son illərdə Bakı Slavyan Universitetindəmüəllimlik etmiş, Azərbaycan tarixi fənnini tədris etmişdir. Yaradıcı bir insan olaraq, o, elmi araşdırmalar aparmış, AMEA-nın aspiranturasında təhsil almışdır. Əli müəllim işlədiyi bütün pedaqoji kollektivlərdə öz işgüzarlığı, təşkilatçılığı, yüksək intellekti və obyektivliyi ilə nüfuz sahibi olmuş, tələbələrin rəğbətini qazanmışdır. Hazırda onun vaxtilə dərs dediyi yüzlərlə tələbə müxtəlif sahələrdə uğurla çalışır.
Əli müəllim vətənpərvər, millətsevər bir ziyalı idi. Xalqımızın işıqlı  gələcəyinə həmişə ümidlə baxırdı. Məhz 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin elan edilməsi onun həyatında dərin iz buraxmış, ümidlərinin çin olacağına inamını artırmışdır. Əli müəllimin düşündüyü kimi, müstəqillik illərində Respublikamız istər iqtisadi və siyasi, istərsə də hərbi və diplomatik sahələrdə çox mühüm uğurlar əldə etdi. 44 günlük Vətən müharibəsində torpaqlarımız erməni faşistlrinin işğalından azad edildi. Əfsus ki, bu qələbə sevincini də az yaşamaq qismət oldu Əli müəllimə. Əslən Qubadlı rayonundan olan Əli Rüstəmova işğaldan azad edilən öz ata-baba yurdunu görmək nəsib olmadı.
Mərhum Əli Rüstəmov ictimai həyatda yüksək dəyərlərə sahib bir ziyalı, nüfuzlu bir müəllim olmaqla yanaşı, həm də gözəl ailə başçısı idi. Onun ömür-gün yoldaşı Fəridə xanım da vaxtilə Azərbaycan Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin məzunu olmuşdur. Bu mehriban ailədə dörd övlad – üç qız və bir oğul övladı böyüyüb başa çatmış, mükəmməl təlim-tərbiyə və ali təhsil almışlar. Qız övladları – Arzu, Lamiyə, Fidan ailə qurmuş, müəllim,  hüquqşünas sənətlərinə sahib olmuş, ailənin son beşiyi  Həmid isə məktəblidir, iqtisadçı olmaq arzusu ilə yaşayır. Babalıq səadətini yaşayan Əli müəllim, həmçinin balaca nəvələrinin  sevimlisi idi. Qəfil gələn amansız ölüm isə bu xoşbəxt ailəni sarsıtdı. Bu vaxtsz ayrılığın acı həqiqəti Əli Rüstəmov ömrünü yarımcıq kitaba çevirdi,  onun səhifələrini saraltdı... Rüstəmovlar ailəsi ilə birgə onların qohumları, yaxınları, Əli müəllimi tanıyanlar, onun tələbələri və dostları da bu itkidən sarsıldılar, bu kədər onları da üzdü. Tələbə dostumuz Tahir Bayramlı bu ağır itkini öz şeirində belə ifadə etdi:

Dünyanı bürüdü virus böhranı,
Pozuldu həyatın, sanki səhmanı.
İtirdik, a dostlar, neçə insanı…
Haqladı Əlini əcəl beləcə,
İnana bilmirəm, inanım necə?

*    *    *    *    *
Dili şəkər idi, ləhcəsi şirin,
Zəkası bir dərya, ağılı dərin.
Qatı düşməniydi yalanın, şərin –
Gəldi qapısına ölüm gizlicə,
İnana bilmirəm, inanım necə?

*    *    *    *    *
Bir mərd şikar oldu namərd əcələ,
Arzusu, istəyi çox idi hələ.
Ölümün üzünə bax, gülə-gülə
Qovuşdu ruhlara Əli o gecə!
İnana bilmirəm, inanım necə?

    Əli müəllimin ölümünə inana bilmirik, bu itki ilə barışmaq istəmirik. Ancaq nə etmək olar ki, vaxt, zaman öz axarındadır. Həyat davam etməkdədir. Əli müəllim cismən sıralarımızı tərk etsə də, ruhən həmişə bizimlədir: öz işıqlı əməlləri, aydın düşüncələri və sağlam əqidəsi ilə! Onu tanıyanların, övladlarının, tələbələrinin–bütün əlisevərlərin ürəklərində,  xatirələrində daim yeri olacaq Əli müəllimin! Əziz dost!  Sən xatirələrəmizdə yaşayacaqsan. Xalq şairi Səməd Vurğun demişkən:

Şirin bir xatirə tək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər...

Ulu Tanrıdan  rəhmət diləyirik. Torpağı nurla dolsun, Haqq dünyasında ruhu şad olsun!

1980-1986-cıillər Azərbaycan Dövlət UniversitetininTarix fakültəsinin TOZ-8, TOZ-10 potokuvə Əli Rüstəmovun xatirəsini əziz tutanlar.



Geri qayıt