AZAL-da İSLAHATLAR APARILACAQMI?

AZAL-da İSLAHATLAR APARILACAQMI? Azərbaycanda təyyarədə sərnişinlərə əl yükünün daşınmasına qoyulan qadağa ləğv edilib. Bu, Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”a etdiyi dəyişiklikdə əksini tapıb. İndiyə qədər qüvvədə olan qərara əsasən, aviaşirkətlərin bütün reyslərində əl yükünün daşınmasına icazə verilmirdi. Dəyişikliyə əsasən məhdudiyyətlər aradan qaldırılıb.

Digər dəyişiklik isə aerovağzal kompleksinin girişində postlarla bağlıdır. Hazırda aerovağzal kompleksinin girişində sərnişinlərin pasportunun, müəyyən reys üçün biletlərinin və uçuşdan 48 saat əvvəl COVID-19 müayinəsinə dair neqativ nəticəli arayışın mövcudluğunu yoxlayan aviasiya təhlükəsizliyi işçilərindən, polis və tibb əməkdaşlarından ibarət postlar fəaliyyət göstərir.

Bundan sonra isə aerovağzal kompleksinin girişində sərnişinlərin pasportunun, müəyyən reys üçün biletlərinin mövcudluğunu yoxlayan aviasiya təhlükəsizliyi işçilərindən ibarət postlar fəaliyyət göstərəcək. Beləliklə, artıq postlarda polis və tibb əməkdaşları yer almayacaq. Məlum olduğu kimi, ölkə ictimaiyyətinin, xüsusən tez-tez xaricə səfər edənlərin ən böyük dərdi AZAL-ın təklif etdiyi qiymətlərin həddindən ziyadə baha olmasıdır. Dəfələrlə deyilib-yazılsa da, əfsuslar ki, nəticə dəyişmir. Əksinə, qiymətlər daha da bahalaşır. Halbuki, AZAL dövlət büdcəsindən maliyyələşən, ən çox subsidiya alan qurumlardan biridir. Ehtimal edilir ki, islahat dalğası yaxın günlərdə AZAL-a da çatacaq və uçuş qiymətləri göylərdən yerə enəcək.

Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə “Şərq”ə bildirib ki, AZAL Azərbaycan cəmiyyətinin ən çox narazı olduğu qurumların başında gəlir. Ekspertin sözlərinə görə, bərbad idarəçilik səbəbindən əhalidə bu şirkətə qarşı aqressiv münasibət yaranıb:

“Tanıdığım insanların çoxu məcburiyyət qarşısında qalmasa, AZAL-ın xidmətindən istifadə etmirlər. Qiymət baha, keyfiyyət aşağı, imic bərbaddır. Neçə illərdir deyirik, yazırıq, amma şirkətin fəaliyyətində heç bir müsbət dəyişiklik yoxdur. Qiymətlər Ukrayna, Gürcüstan və keçmiş postsovet məkanına daxil olan ölkələrlə müqayisədə iki-üç dəfə bahadır.

Niyə? Təəssüf ki, AZAL rəhbərliyi, şəxsən Cahangir Əsgərov bunun məntiqli izahını verə bilmir.

Geriyə tək bir versiya qalır: - qiymətlər rəhbərliyin cibini doldurmaq üçün bu qədər bahadır. Hesab edirəm ki, şirkətin başında duran şəxs dərhal vəzifədən azad olunmalı, fəaliyyəti hərtərəfli yoxlanılmalıdır.

Əks halda AZAL-da heç nə düzəlməyəcək. Dəyişiklik üçün üçün ciddi islahat şərtdir.

Dövlətdən, xalqdan oğurlanan pulları geri qaytarmağın vaxtı çatıb. Bir sıra məhdudiyyətlərin aradan qaldırılması, qadağaların ləğvi isə pandemiya şəraitinin yumşalması ilə əlaqəlidir. Onsuz da bunlar narazılıq doğuran məqamlar idi və ləğvi zəruri idi. Söhbət biletlərin bahalığından və xidmətin aşağı olmasından gedir”.
Geri qayıt