Aygül Bağırova yazır: Bəxtəvərsən Azərbaycan, Şuşada bayrağımız dalğalanır!

Aygül Bağırova yazır: Bəxtəvərsən Azərbaycan, Şuşada bayrağımız dalğalanır! Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”

Azərbaycan Respublikasının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev

Azərbaycan paytaxtından 373 kilometr aralıda yerləşən Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Şuşanın işğalı zamanı 195 nəfər həlak olub, 165 nəfər yaralanıb.Bundan başqa 55 nəfər əsir düşüb və ya ya girov götürülüb.
İşğal nəticəsində 22 minə yaxın insan məcburi köçkün düşüb.Ötən 28 ildə nə qədər ağır və ümidsiz zamanlar olsa belə, Azərbaycan xalqı heç bir zaman Şuşaya qayıtmaq ümidini itirmədi.....

Keçən il 9 mayda Ermənistanın Baş naziri Nikol Paşinyan Şuşada şəhərin ələ keçirilməsinin 27-ci ildönümünü qeyd etmək üçün düzənlənən məclisdə yallı gedənlərə qoşuldu. Mayın 21-də Şuşada separatçı "DQR"-in yeni "prezidenti"nin andiçmə mərasiminin keçirilməsi Azərbaycan xalqının qaysaq bağlamayan yarasında köz basdı....

Cənab Ali baş komandan İlham Əliyev ikinci vətən müharibəsi dövründə müsahibələrində işğaldan azad edilmiş ərazilərlə bağlı danışarkən: "Paşinyan Şuşada, Cıdır düzündə sərxoş halda rəqs edəndə özünə bu gün baş verənlər barəsində hökm imzalamışdı". deyə vurğulamışdı.
Vəəə nəhayət.......

"Qucaqda gedən körpələr,tank belində qayıtdı"

27.09 2020
Azərbaycan tarixində bu gün hesab günüdür. Düşmən aciz vəziyyətdə hərbi texnikalarını ataraq meydandan qaçdı. Şəhidlərimizin qanı yerdə qalmaz və qalmayacaq deyən Ali Baş Komandanımızın rəhbərliyi altında müzəffər ordumuz qisasımızı döyüş meydanlarında düşmənə sarsıdıcı zərbələr vurmaqla aldı. Heç bir qüvvə Azərbaycanın iradəsinə təsir göstərə bilməzdi, onu haqq savaşından döndərə bilməzdi.

O gün gəldi.....

08.10.2020
İşğalından 28 il 6 ay sonra Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan paytaxtdakı Şəhidlər xiyabanından xalqa müraciət edərək dedi:
“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!
Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.
Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Şuşanın işğaldan azad edilməsi xəbərini xalqa çatdırmazdan əvvəl birinci xanım Mehriban Əliyeva ilə birlikdə Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edən, onun ruhu qarşısında baş əyən Prezident İlham Əliyev həm də ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt sandığını qeyd edərək dedi: “Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

O gün Ali Baş Komandanın müjdəsi təkcə sentyabrın 27-dən bu yana iş­ğal altındakı torpaqlarımızın azad edilməsi ilə bağlı növbəti qələbə xəbəri deyildi, həm də son 17 illlik prezident­lik fəaliyyətinin sevinc, fərəh dolu bir gündə atanın – ümummilli lider Heydər Əliyevin – “Mən ona özüm qədər inanı­ram” etimadının oğul tərəfindən doğrul­dulması, ata vəsiyyətinə ləyaqətlə əməl edilməsi və ötən illər ərzində yurd, torpaq uğrunda qanlarından-canlarından keçən şəhidlərimizin ruhları önündə hesabatı idi.....

07.05.2021

Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzalayıb.
Gözün aydın olsun, əzəmətli Şuşa Qalası, daha da gur çağla, İsa bulağı! Lalələrin, nərgizlərin bir daha solmasın, Cıdır düzü, həsrətdən, xiffətdən boynun bükülməsin, daim üzün gülsün, Xarı bülbül, qonaqların aşıb-daşsın, Karvansaray, duaların qəbul olunsun, Gövhər Ağa məscidi!

Ruhun şad olsun, Pənahəli xan Cavanşir, tikdirdiyin Şuşa qalasında üçrəngli Azərbaycan bayrağı dalğalanır. Ruhun şad olsun, Xan qızı Natəvan, Şuşaya çəkdirdiyin “Xan qızı bulağı” bundan sonra daha gur axacaq. Ruhun şaddır, Molla Pənah Vaqif, Şuşada qoşduğun gözləlləmələr daha şövqlə səslənəcək dilimizdə bundan sonra.

Ruhun şaddır, Üzeyir bəy, “Koroğlu” üverturası Şuşanın əzəmətli zirvələri, quşqonmaz qayaları ilə baş-başa, səs-səsə verib daha zəmətli səslənəcək bundan sonra.

Ruhun şaddır, Xan əmi, Şuşanın dağları daha dumanlı deyil...

Ruhun şaddır, Qasım bəy Zakir, Mir Mövsüm Nəvvab, Nəcəf bəy Vəzirov, Cabbar Qaryağdıoğlu, Əhməd bəy Ağaoğlu, Əbdürrəhim bəy Haqverdiyev, Bülbül, Lətif Kərimov, Niyazi, Rəşid Behbudov, Şirin Mirzəyev, Ramiz Qəmbərov...
Ruhun şad olsun, “Şuşa Azərbaycanın ən əziz və ən böyük tarixi olan bir guşəsidir” - söyləyən, hər zaman Şuşa ilə nəfəs alan, Şuşada Vaqifə, Xan qızı Natəvana abidələr ucaldan ulu öndərimiz Heydər Əliyev!

Şuşanın ən uca zirvəsində sənin heykəlin ucaldılacaq - xalqımızın qəlbində çoxdan ucalmış heykəlin!
Gözün aydın olsun, “Şuşasız bizim işimiz yarımçıq qalar” - deyən və bu haqq işini qeyrətlə, cəsarətlə, əzmlə başa çatdıran Ali Baş Komandanım!

2016-cı ilin aprel zəfərindən sonra Qarabağa qayıdışımızın simvolu olan Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərini tikməklə müqəddəs Şuşamızı heç zaman unutmadığınızı bir daha nümayiş etdirmişdiniz və bununla ən yaxın zamanda müqəddəs şəhərimizin - Şuşamızın işğaldan azad ediləcəyinin mesajını vermişdiniz!

Bu gün o bəxtəvər günün sevincini yaşayırıq. Bəxtəvərsən Azərbaycan, Şuşada bayrağımız dalğalanır!
Əsgərlərimiz Şuşadan raport verir. Şuşa məscidindən 28 il sonra azan səsləri eşidilir. Duaların qəbul oldu, Azərbaycan! Allah səni hifz etdi.
Dünya durduqca var ol, məmləkətim!

Aygül Bağırova-Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Geri qayıt