Türkiyəli iş adamından şikayət: - KİM HAQLIDIR...

Türkiyəli iş adamından şikayət: - KİM HAQLIDIR... Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs, Y.Hüseynov küç, döngə 3, ev15, mənzil 4 ünvanında yaşayan Türkiy vətəndaşı Necdat Uzun Mustafa oğlu və həyat yoldaşı Məmmədova Nailə Maarif qızı Azərbaycan vətəndaşı Rövşən Abdullayev tərəfindən aldadıldığını iddia edir. Necdat Uzun Mustafa oğlu bu iddia ilə redaksiyamıza göndərdiyi, dövlət rəsmilərinə ünvanlanış müraciətində bildirib.

Modern.az müraciəti olduğu kimi təqdim edir:

- Mən Məmmədova Nailə Maarif qızı ilə 22 may 2003-cü il tarixdə ailə həyatı qurmuşam və birgə nikahımızdan iki övladımız var. Qeyd olunan tarixdən Azərbaycan Respublikasının ərazisində yaşayıram və ötən illər ərzində müxtəlif sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam. Dövlət tərəfindən müəyyən edilən vergi və imtiyazları hər zaman yerinə yetirmişəm. Hər kəsə bəllidir ki, ana vətənim Türkiyə Cumuriyyəti ilə Azərbaycan Respublikası qardaş dövlətdirlər. Mən Azərbaycanda yaşadığım illər ərzində heç vaxt özümü xarici ölkə vətəndaşı kimi hiss etməmişəm. Ümumiyyətlə, Azərbaycanda yaşayıb ailə həyatı qurduğuma və övladlarımın burada doğulmalarına görə heç də peşman deyiləm və ömrümün sonuna kimi Azərbaycanda yaşamaq niyyətindəyəm.

Qeyd edim ki, bu günə kimi başıma gətirilən olayların əsas səbəbkarı Abdullayev Rövşən Hüseyn oğludur. Bu şəxs artıq 12 ildir ki, bizə məxsus əmlakımızı əlimizdən alıb. Bu səbəbdən də artıq bir neçə ildir ki, ağır duruma düşmüşük. Bildirmək istəyirəm ki, Rövşən Abdullayev bizə məxsus əmlakı əlimizdən almaqla kifayətlənməyib, o, hətta müxtəlif vaxtlarda şər və iftiralar ataraq məni, ailəmi və əzizlərimi hədələyib. Hazırda maddi vəziyyətimiz o qədər ağır duruma düşüb ki, bu gün heç cür dolana bilmirik. Ötən illər ərzində çoxsaylı məhkəmə proseslərində iştirak etmişik.


Bildirim ki, 1997-ci ildə Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində olan bütün əmlaklarımı satıb Azərbaycana köçdüm və əldə etdiyim pul vəsaitlərini Bakı şəhərində biznesə yatırdım. 2004-cü ildə qardaşım Naci Uzun Mustafa oğlu ilə birlikdə “Lüks Sönməz” MMC təsis etdik. Təsis etdiyimiz bu MMC-nin balansında indiki Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalın yaxınlığında, daha dəqiq desəm Sumqayıt şossesi-6 ünvanında 0,79 ha toraq sahəsi var idi. Qevd edim ki, bu gün həmin torpaq sahəsinin üzərində 56 obyekt fəaliyyət göstərir və onların hər birini öz vəsaitimlə ərsəyə gətirmişəm. Yəni, həmin obyektlərin hər birində mənim əməyim və əziyyətim var. Bunu orada çalışan şəxslər də təsdiq edə bilərlər. Bütün var-dövlətimi həmin əmlakların əmələ gəlməsinə sərf etdim. Həyat yoldaşımın adına müxtəlif banklardan kreditlər götürdüm. 2007-cı ildə əmlakım tam işlək vəziyyətdə olarkən Abdullayev Rövşən Hüseyn oğlu adlı bir şəxs mənə yaxınlaşdı və qeyd olunan ərazini almaq niyyətində olduğunu bildirdi. Həmin vaxtlarda bu ərazini kiməsə satmaq fikirində deyildim. Buna baxmayaraq o, mənə təklif etdi ki, qeyd olunan ərazidə üçmərtəbəli ticarət mərkəzi inşa etmək istəyir. Rövşən Abdullayev onu da vurğuladı ki, mən ona torpaq sahəsi versəm, o da, qeyd olunan ərazidə tikinti işlərini tam şəkildə başa çatdıra bilər. Çox çək-çevirdən sonra Rövşən Abdullayev məni bu məsələdə razı sala bildi. Son olaraq belə bir şərt daxilində razılığa gəldik ki, Rövşən Abdullaye “Lüks Sönməz” MMC-nə təsisçi kimi qəbul olunsun və o, bunun müqabilində üç il ərzində aparacağı tikinti işlərini tam şəkildə başa çatdırsın. Tikinti işlərini qeyd olunan vaxtda başa çatdırmayacağı təqdirdə isə, Rövşən Abdullayev təsisçilikdən çıxmalı idi. Beləliklə, bu məsələ ilə bağlı aramızdakı müqavilə sənədini notarial qaydada təsdiq etdirdik. Əslində mənim və ailəmin qara günləri bundan sonra başladı.

Onu da qeyd edim ki, Rövşən Abdullayev həmin vaxtlarda mənə 170.000 manat borc pul verdi və həmin pulu “Lüks Sönməz” MMC-nin bəzi sənədləşmə işlərinə sərf etdim. Bu şəxs üzərinə götürdüyü öhdəliyi qeyd olunan müddət ərzində yerinə yetirmədi və bunun səbəbini soruşduqda o, hər dəfə mənə müxtəlif bəhanələr danışdı. “Lüks Sönməz” MMC-nin əmlakı necə var idisə, elə də qaldı. Bundan sonra vəziyyətim ağırlaşmağa başladı. Çünki, əmlakıma sərf etdiyim və banklardan kreditə götürdüyüm borclarımı geri qaytarmalı idim. Son anda şirkəti satmaq qərarına gəldim. Belə bir qərara gəlməyimə baxmayaraq, Rövşən Abdullayev əmlakın 50 faiz payçısı olduğu üçün o, buna razılıq verməli idi. Elə ki, o, buna razı olmadı, o halda məcbur olub onu payçı kimi təsisçilikdən çıxartmaq üçün məhkəməyə müraciət etdim. Çox keçmədi ki, Rövşən Abdullayev hansısa yollarla məhkəməyə təsir etdi və həm vaxtı, həm də işi uzatdı. Tapdığım alıcılar isə, vəziyyətin belə bir durumda olduğunu görüb şirkəti almaqdan boyun qaçırdılar. Çünki, onlar gözləyə bilmirdilər. Bundan sonra Rövşən Abdullayev düşdüyüm vəziyyətdən sui-istifadə etdi və bildirdi ki, o, borca verdiyi 170.000 manat pulu 55 faizlə hesablamış və bu pulun faizi 785.000 manat pul edir. Çox keçmədi ki, Rövşən Abdullayev həmin pulu qaytarmağımı tələb etdi və mənə “Əgər pulu verməsən, o halda alqı-satqı müqaviləsinə imza atmaqdan imtina edəcəyəm” dedi. Onun belə bir israrlı tələbindən sonra çıxılmaz vəziyyətdə qaldım və sonda adı çəkilən bu şəxsin şərti ilə razılaşmalı oldum. Belə ki, həyat yoldaşım Məmmədova Nailə Marif qızı “Lüks Sönməz” MMC-nin təsisçilərindən biri olduğu üçün, onunla Abdullayev Rövşən Hüseyn oğlu arasında notarial qaydada kredit müqaviləsi imzaladıq və qeyd olunan əmlak satıldıqdan sonra, məhz həmin pulun ona qaytarılacağı ilə bağlı razılığa gəldik. Biz həmin vaxt Abdullayevin digər kələyindən xəbərsiz idik.

Bir neçə alıcı əmlakımızı almaq istəyi ilə bağlı bizə müraciət etsə də, Rövşən Abdullayev hər dəfə onları ərazidən uzaqlaşdırır və alqı-satıqı işlərinə mane olurdu. Belə ki, onunla aramızda olan kredit müqaviləsinin vaxtı başa çatdıqdan sonra o, məhkəmyə müraciət etdi və kredit müqaviləsində qeyd olunmuş 170.000 manat pulu və ona hesablanmış faiz borcunu bizdən tələb etdi. Çox keçmədi ki, başımız məhkəmələrə qarışdı və nədənsə o, hər məhkəmədə bizə qalib gəlməyi bacardı.

Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış qərarı Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə göndərildi. Burada da çoxsaylı qanunsuzluq halları baş verdi. Əvvəlcə Binəqədi Rayon İcra və Probasiya Şöbəsi mənə məxsus əmlakı təxminən 1.500.000 manat dəyərində qiymətləndirdi və xəbərim olmadan mənə məxsus olan 50 faiz payımı da, məhz Rövşən Abdullayevin adına rəsmiləşdirdi. Bundan sonra o, heç bir halda bizi əmlakımıza yaxın buraxmadı və müxtəlif vasitələrlə mənə təzyiqlər etməyə başladı. Əslində bizim əmlakın dəyəri təqribən 4-5 milyon manat civarında ıdi. Buradan da görünür ki, o,məqsədli şəkildə bizə məxsus olan əmlakı ələ keçirib. Bundan sonra, əmlakımızın qiymətləndirilməsi məqsədilə təkrar Binəqədi Rayon Məhkəməsinə müraciət etdim və bu dəfə əmlakımız 4.500.000 manat dəyərində qiymətləndirildi.

Çox keçmədi ki, Rövşən Abdullayev çıxarılmış məhkəmə qətnaməsindən apelliyasiya şikayəti verdi və Bakı Apellyalsiya Məhkəməsində təkrar ekspertiza keçirildi. Bu dəfə bizə məxsus olan əmlak 1.918.700 manat məbləğində qiymətləndirildi. Bu dəfə həmin qətnamədən kassasiya qaydasında Ali Məhkəməyə müraciət etdim və işə yenidən baxılması üçün, iş materialları Bakı Apellyasiya Məhkəməsinə geri qaytarıldı. Təkrar ekspertiza təyin olunsa da, nə iştirakımız, nə də ki, qaldırdığımız vəsatətlərin heç biri təmin olunmadı. Məhkəmə tərəfindən yenidən iş üzrə təyin olunmuş ekspertiza üzrə rəy verən ekspert, əvvəl müstəqil rəy verən ekspert kimi, əmlakımızın dəyərini 1.968.700 manat qiymətləndirdi.

Tərəfımizdən verilmiş təkrar vəsatət əsasında məhkəmə əmlakımızın dəyəri barədə daha dəqiq rəy almaq məqsədilə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təkrar rəy verilməsi üçün sorğu göndərib.

Baxmayaraq ki, Bakı Apelllyasiya Məhkəməsi tərəfindən əvvəlcə qiymətləndirilmə keçirilmiş və MBA LTD MMC-nin MB13/661 saylı 23 iyun 2020-ci il tarixli rəyində “Lüks Sönməz” MMC-ə məxsus torpaq sahəsinin real bazar qiyməti 1.587.200 manat, qeyd olunan torpaq sahəsi üzərində inşa olunmuş tikilinin qiyməti 363.000 manat qiymətləndirilməklə, ümumi qiymətin 1.950.200 manat olması qənaətinə gəlinmişdir. Son olaraq Bakı Apelllyasiya Məhkəməsi hesab edir ki, əsl həqiqətin aşkara çıxarılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi-3 saylı ünvanda yerləşən 0,79 ha torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə hazırda mövcud olan real bazar qiymətinə uyğun mütəxəssis rəyi alınmalıdır.

Bu səbəblər üzündən də, Bakı Apelllyasiya Məhkəməsi Mülki Prosesual Məcəllənin 97, 263, 264 və 400-cü maddələrinin tələblərini əsas tutaraq, “Lüks Sönməz” MMC-ə məxsus ümumi əmlakın dəyərinin real bazar qiymətinin müəyyən olunması üçün, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təkrar rəy verilməsi üçün sorğu göndərib.

Bütün bunları sizə bildirməkdə məqsədim ondan ibarətdir ki, üz-üzə qaldığım belə problemin həllində mənə imkan daxilində öz köməkliyinizi göstərəsiniz. Məndə olan məlumata görə Rövşən Abdullayev hər vasitə ilə əmlakımı ucuz qiymətə qiymətləndirtdirir ki, qarşısına qoyduğu məqsədinə çata bilsin. Artıq neçə ildir ki, o, bizə məxsus əmlakı faktiki olaraq idarə edir və lazımi qədər gəlir də götürür. Bu gün Rövşən Abdullayev bizə öz əmlakımızın həndəvərinə yaxınlaşmağa heç cür imkan vermir. Qeyd etdiyim halların varlığını əsas tutaraq, ilk növbədə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan, Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədovdan, Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafızə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri cənab Fuad Ələsgərovdan və digər vəzifə sahiblərindən artıq dərəcədə xahiş edirəm ki, üz-üzə qaldığımız problemi öz nəzarətlərinə götürsünlər və məsələnin ədalətli həlli üçün, aidiyyatı dövlət qurumlarına lazımi tapşırıqlarını da versinlər. Ümidvaram ki, bu açıqlamada qeyd olunanlar gec-tez haqqın, ədalətin qələbəsi ilə nəticələnəcək.

Qarşı tərəf - Rövşən Abdullayevin vəkili Sənan Süleymanlı Modern.az-a açıqlamasında ittihamları qəbul etmədiyini bildirib:

“Əvvala, mübahisə predmet olan yer Necdet Uzun Mustafanın deyil, Azərbaycanvətəndaşı Nailə Məmmədovanınadınadır. İkincisi, tərəflər-Nailə xanım və Rövşən bəy təsisçi olublar. Onlar arasında borc münasibətləri olub. Sonradan borc müqaviləsi üzrə borc ödənilmədiyi üçün məhkəməyə müraciət olunub. Məhkəmə qərar çıxarıb və qərar icraya yönəldilib. İcrada həmin pulu ödəmədiyi üçün Nailə xanımın şirkətdəki payları üzərinə həbs qoyulub və iş şirkətin 50 faiz hissəsinə yönəldilib. Bununla bağlı da torpaq sahəsi qiymətləndirilib. Hazırda məhkəmə mübahisəsi davam etdir. Nailə xanım tərəfindən edilən müraciət üzrə torpağa qoyulan qiymət mübahisələndirilib. İş Ali Məkəmənin icrasındadır”.

Vəkil, türkiəli iş adamının “dolandırıldım” ittihamlarını haqsız olması ilə əlaqələndirib:

“Təbii ki, qarşı tərəf vətəndaş olaraq özünə haqq qazandırmaq üçün bunu deməlidir. 2016-cı ildən bu günədək məhkəmələrdə borc, şirkət mübahisələri, qiymətləndirmə üzrə bir neçə məhkəmə keçirilib. Hətta Nailə xanım bir neçə dəfə Rövşən bəyi polisə verib. Nailə xanım və Necdet Uzun Mustafa qeyri-rəsmi həyat yoldaşıdır. Hətta övladları da var.

Təxminən 2006-2008-ci illərdən müvəkkilim “Lüks Sönməz” MMC ilə ilə ortaq olub. Bunun əvəzində isə Türkiyəli iş adamının bəzi borclarından dolayı ona pul verib. Bundan sonra 2016-cı ilədək ortaq olaraq, bir yerdə işləyiblər. Söhbət notarial qaydada bağlanmış borc müqaviləsindən gedir, orada da borc 785 min manat olaraq qeyd edilib. Qarşı tərəf borcun 170 min manat olduğunu iddia edirdi. 170 min manat 55 faizlə hesablananda onların dediyi məbləğ alınmır. Yəni onlar öz dediklərini danırlar. 170 mini 55 faizlə veribsə, 250 min etsin, 785 min niyə edir? Sadə desək, əgər mən 50 faizlə 100 manat borc verirəmsə, 150 manat qaytarılmalıdır”.

Türkiyəli iş adamının “Rövşən Abdullayev məhkəmələrə hansısa yollarla təsir edib” fikirlərinə gəldikdə, vəkil bunları yalanlayıb:

“Bütün proseslərlə bağlı Ali Məhkəmənin yekun qərarı var. Onlar hətta Konstitusiya Məhkəməsinə də müraciət etmişdilər. Bizim məhkəmə sisteminin nə qədər şəffaf işlədiyini hamımız bilirik. Bununla bağlı ittiham və etirazları varsa, buyursunlar, rüşvətxorluqla mübarizə üçün Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etsinlər”.
Geri qayıt