Siyavuş Novruzov Ramiz Mehdiyevə belə dəstək oldu

Siyavuş Novruzov Ramiz Mehdiyevə belə dəstək oldu Deputat Siyavuş Novruzov Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevi müdafiə edib. 
HİT.Az xəbər verir ki, Siyavuş Novruzov "Musavat TV"nin “Canlı debat” verilişinin qonağı olarkən xüsusi akademikin nəvəsinin toyunda iştirak etməsi barədə deyilənlərə də toxunub.
 
“İnsan toya gedər də… Allah hamıya toy nəsib eləsin. Mən xeyir iş üçün yaranmışam, pislik üçün yox… Bir toyla adamın o boyda fəaliyyətini müqayisə eləmək olar?”, - deyə Siyavuş Novruzov bildirib.
Qeyd edək ki, 2020-ci ilin avqustunda Ramiz Mehdiyevin nəvəsinin toyu olub. Həmin ilin martından isə koronavirus pandemiyasına görə ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Karantin rejimində kütləvi tədbirlər, o cümlədən toy və yas mərasimlərinin keçirilməsi qadağan edilib. Bu baxımdan, Ramiz Mehdiyev və toyda iştirak edənlər ictimai tənqidə məruz qalıb. 
Siyavuş Novruzovun həmin vaxt “Getmişəm, yaxşı eləmişəm” deməsi qalmaqalın daha da böyüməsinə səbəb olmuşdu. Toyun təşkilatçıları, qonaqlar, eləcə də Siyavuş Novruzov inzibati qaydada cəzalandırılmışdı. 
Onu da bildirək ki, deputat bu olaydan sonra hakim Yeni Azərbaycan Partiyasındakı vəzifəsini və nüfuzunu da itirib. 
Bir maraqlı məqamı da qeyd etmək yerinə düşər. Siyavuş Novruzovun “Getmişəm, yaxşı eləmişəm” ultimativ açıqlamasından sonra “Ramiz Mehdiyev bizi aldadıb” deməklə vəziyyətdən çıxmağa çalışmışdı. Ancaq göründüyü kimi, “Canlı debat”da açıq şəkildə onu müdafiə edib.
Geri qayıt