Türk Dövlətlərinin birliyi xoşbəxt gələcəyimizin qarantıdır

Türk Dövlətlərinin birliyi xoşbəxt gələcəyimizin qarantıdır 30 ilə yaxın işğal altında olan torpaqlarımızın geri qaytarılması və BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan qətnamələrinin icra olunması ilə bağlı möhtərəm Prezidentimiz dəfələrlə müxtəlif beynəlxalq tribunalarda, beynəlxalq qurumlar çərçivəsində məsələ qaldırsa da,  dünya  ictimaiyyətinin Azərbaycana münasibətdə bu ədalət bərpa olunmadı.  
İllər ərzində Azərbaycanın mövqeyinin Beynəlxalq Təşkilatlar tərəfindən daim dəstəklənməsinə baxmayaraq bu münaqişənin həllinin mümkünsüzlüyü artıq bir dövlət və xalq olaraq bizim səbr kasamızı daşırmışdı. Dünyanın ali beynəlxalq qurumlarının lehimizə qəbul etdiyi qərar və qətnamələrin kağız üzərində söz olaraq qalması bizim qəti və cəsarətli addımlar ataraq öz dədə-baba yurdlarımızı savaş yolu ilə düşmən tapdağından azad edilməsinə səbəb oldu. Beləliklə münaqişə öz həllini hərbi-siyasi yolla tapdı və bu torpaqlarda illərdir pozulan tarixi ədalət bərpa olundu. Xalqımız, Ordumuz və Dövlətimizin birliyi sayəsində tarixi Zəfərə imza atıldı.
İşğaldan azad olunmuş ərazilərimiz erməni vandalizminin bariz nümunəsidir. Azad edilmiş torpaqlarda evlər, kəndlər, şəhərlər dağıdılıb, tarixi abidələrimiz məhv edilib. Əbəs yerə yerlə-yeksan edilmiş Ağdam şəhərini "Qafqazın Xirosiması" adlandırmayıb. Düşmən tərəfindən qəbirlər dağıdılıb, qəbiristanlıqlar şumlanıb, 60 - dan çox məscid dağıdılaraq orada inək və donuz saxlanılıb. Dədə-baba yurdumuz viran qoyulmuş, torpaqlarımız minalanmışdır. Bu günə qədər də Ermənistan dövləti minalanmış ərazilərin xəritələrini ölkəmizə verməkdən imtina edir. Bu səbəbdən də müharibədən sonra bir neçə mülki şəxs və hərbçimiz minaya düşərək həlak olub və ya yaralanıb.
Bu münaqişənin həll edilməsində qardaş Türkiyə dövlətinin böyük rolu olub. Müharibənin ilk günündən Türk dövlətindən və xalqından siyasi və mənəvi dəstək aldıq. Onlar bu mübarizədə bizimlə birgə olacaqlarını açıq şəkildə bəyan edərək bizə tam dəstək ifadə etdilər. Xalqımız, Ordumuz və Dövlətimiz üçün bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi və bu dəstək nəticəsində düşmənə qarşı əks-hücum əməliyyatını uğurla keçirildi. Bu dəstək düşmənlərimizin havadarlarının məsələyə müdaxilə etməməsinə səbəb oldu. Bu gün tam əminliklə deyə bilərik ki, 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsiylə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və tarixi şəhərimiz olan Şuşa terrorçulardan azad edildi. İşğalçılardan təmizlənmiş tarixi Şuşa şəhərimiz Azərbaycanın Mədəniyyət Paytaxtı elan edildi.
Münaqişənin həlli bütün Qafqaz regionunun inkişafı üçün yeni imkanlar yaratmışdır. Bu imkanlardan ən vacibi nəqliyyat imkanlarıdır. Çünki işğaldan azad olunmuş ərazilərimiz böyük geostrateji əhəmiyyətə malikdir. Azərbaycanın Qarabağda əldə etdiyi tarixi qələbə qardaş Türkiyəyə Naxçıvan üzərindən Orta Asiya və Sakit Okeana uzanan strateji dəhliz qazandırdı. Bu qədim Azərbaycan torpağı Zəngəzurdur. Qeyd etmək lazımdır ki, 10 noyabr bəyanatına Zəngəzur dəhlizi ilə bağlı bənd ölkə başçımızın xüsusi təşəbbüsü ilə salınıb. Bu dəhliz Türk dünyasının əsas quru bağlantısıdır. Onunla 3 milyardlıq əhaliyə sahib olan iri bazarın qapıları sonuna qədər qardaş Türkiyəyə açılmış olacaq. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün Türk dünyasını birləşdirəcək, digər ölkələr üçün əlavə imkanlar yaradacaq.
Bu isə illərdir Qarabağ məsələsiylə bağlı uzaqgörən strateji hədəflər müəyyənləşdirmiş Ali Baş Komandanımızın xalqımız və ümumilikdə bütün Türk dünyası üçün vacib bir lider olduğunu bir daha sübut edir. 


Aynur Əsgərova, 
Salyan şəhər 2 saylı tam orta məktəbin direktoru
Geri qayıt