Deputatın qardaşı oğluna hökm oxundu

Deputatın qardaşı oğluna hökm oxundu Emil Əmiraslanov ayrı-ayrı adamlardan işə düzəltmək adıyla pul alıb.

Deputat Əhliman Əmiraslanovun qardaşı oğlu Emil Əmiraslanov 5 il azadlıqdan məhrum edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Hakim Fikrət Qəribovun sədrliyilə çıxarılan hökmə əsasən, Emil Əmiraslanov Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 32.312 (rüşvət verməyə təhrik) maddələrilə təqsirli bilinib. İddia olunur ki, Emil Əmiraslanov müxtəlif vəzifələrə işə düzəltmək, kimisə həbsdən buraxdırmaq adıyla adamlardan pul alaraq, onları aldadıb. Sonradan nə verilən vəsait geri qaytarılıb, nə də vəd olunan iş həyata keçirilib. Cinayət işinin materiallarında Emil Əmiraslanovun Bakı Humanitar Kollecində prorektor vəzifəsinə təyin etdirmək vədiylə birindən 20 min manat, Fövqəladə Hallar Nazirliyinin İsmayıllı rayon Yanğından Mühafizə İdarəsinə işə düzəltmək adıyla başqa birindən 12 min manat, həbsdə olan şəxsin azadlığa buraxılması üçün 20 min manat pul aldığı göstərilib. Ümumilikdə 5 nəfərin aldadıldığı iddia olunub. İstintaq və məhkəmə dövründə onlardan üçü ilə razılıq əldə olunub, zərərlər ödənilib.

Emil Əmiraslanov Ədliyyə Nazirliyi İcra və Probasiya Şöbəsində işləyib. Atası isə Humanitar Kollecin direktoru olub.
Geri qayıt