İnam Kərimovla Mikayıl Cabbarovun köhnələrdən fərqi... - HƏLƏ Kİ GÖRÜNMÜR!

İnam Kərimovla Mikayıl Cabbarovun köhnələrdən fərqi... - HƏLƏ Kİ GÖRÜNMÜR! Afrika haqda həmişə bir fikir yayğındır ki, zəngin qitənin yoxsul insanları bu coğrafiyada yaşayırlar. Hər bir sərvətə malik qitənin əsrlərdir səfalət, aclıq və xəstəlik girdabında yaşaması az qala normaya çevrilib. Dünya qəbul edib ki, afrikalılar kasıb, ac, ümidsiz olmalıdırlar.
Bu absurd reallıqla barışan qitənin insanları da dünyanın aparıcı ölkələrinin onların daş-qaşlarını, ləl-cəvahirətlərini, sərvətlərini daşıması, istismar etməsi, sümürməsi və taleləri ilə sanki barışıblar.
Amma Afrika qitəsində yerləşməyən, Avropa Şurasının üzvü, Avropa İttifaqı ilə assosiativ saziş imzalamağa hazırlaşan, Xəzərindən neft çıxan, TAP, TANAP layihələri işə düşən, qazını Avropa bazarına çıxaran Azərbaycanda da əhali sərvəti bol olan afrikalılar kimi yoxsul yaşayırlar.
Dünyadakı ən kasıb 49 ölkədən 34-ü Afrikadadır. Amma əmin ola bilərsiniz ki, Azərbaycan da həmin 49 ölkə cərgəsində bir yer alır.
Anaxeber.info təklif edir ki, əhalinin rifah halını, dolanışıq səviyyəsini ölçən cihaz olmasa da, bazarlarda, marketlərdə mənzərə etalondur.
Bu çılpaq həqiqətlə Azərbaycan hökuməti tanışdır, sadəcə, toxun acdan xəbəri olmadığı kimi, vəzifələrdə oturanların da xalqdan xəbəri yoxdur.
Daha doğrusu, hər şey onlara agah olsa da, biveclik və talançılıq tamahı vicdan hissinin itirilməsi ilə nəticələnir. Bir baxın - xalq Novruz ərəfəsində bazarlardan, marketlərdən bayramlıq sovqatları, ərzaqları qram-qram, yarım-yarım alarkən, “mart gəldi, dərd gəldi” deyərək ailə başçıları külfətini doyurmaq, uşaqlarını bayramda necə sevindirmək haqda baş sındırarkən, ən aşağı rütbəli məmurlar və balaları yağ-bal içində yaşayırlar.
Kimisi COVİD testi verib təyyarəyə bilet alıb hansı ölkəyə getməyi, kimisi hansı şəhərdə, hansı bahalı oteldə Novruzu qarşılamağı fikirləşir, xalqa heç bir xidməti olmayan baş nazirin müavini Yaqub Eyyubov 16 milyona bağ sahəsi alır, hansısa nazir uşağı kef-əyyam çəkir, kasıb millət isə pandemiya vaxtı daha da səfil vəziyyətdə şükür etməklə ömür yola verir.
Həmin kasıbın balası Qarabağda şəhid olsun, həmin kasıb neft gəlirlərindən məhrum edilsin, nemətlərə tamarzı qalsın ki, varlıların, xalqın pulunu oğurlayanların, heç bir istedadı olmayan nazirlərin balaları xoşbəxt, tox yaşasınlar, ilaxır çərşənbəni ehtiyacsız, ciblərindəki pulu götür-qoy etmədən qeyd etsinlər.
Bu talançılıq, mənimsəmə, yağmalama adını verdiyimiz məmurların oğurluqları, qarətçilikləri bir yana qalsın, bizi afrikalıların gününə salan həm də idarəetmə sistemi, səlahiyyətli şəxslərin yarıtmaz fəaliyyətidir.
Adi bir misal - bazarlarda qiymətlər “od tutub yanır”, amma Qərb təhsili almış gənc nazirlər, islahatçı olduqları deyilən Mikayıl Cabbarovla İnam Kərimovun “tükü tərpənmir”. Onlar ölkənin iqtisadiyyat və kənd təsərrüfatı kimi əhəmiyyətli sahələrinə rəhbərlik edirlər.
Amma nə iqtisadiyyat naziri M.Cabbarov və onun tabeliyində olan Antiinhisar xidməti süni qiymət artımına qarşı səfərbər olaraq kompleks şəkildə mübarizə aparır, nə İ.Kərimovun Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bazardakı məhsulların bahalığı təftiş edilir.
Bu kadrların təyinatında o zaman məqsəd nə olub? Təkcə fiqur dəyişikliyi? Əgər sadə azərbaycanlı bazardan məhsulu yenə baha qiymətə alırsa, onun üçün bayram nemətləri həmişə olduğu kimi əlçatmazdırsa, çərəzləri, quru meyvələri, qoz-fındığı qram-qram, 250-300 qram çəkdirib alırsa, onda onun üçün bu sahəyə cavabdeh olan nazirin Mikayıl Cabbarov, İnam Kərimov, yoxsa Şahin Mustafayev, İsmət Abbasov, Heydər Əsədov olmasının fərqi nədir?!
Deməli, bu sahədə heç bir real işlər görülməyib, vitrin dəyişib, adlar yenilənib, idarəetmədə yanaşma ənənəvi qaydalara söykənir, xalq da “islahat”ları vecinə almayan monopolistlərin ucbatından ələ baxır.
Ona görə mif dağılmağa başlayır, xalqa sırınan gənc nazirlərin mahiyyəti, idarəçilik qabiliyyəti, səriştəsi üzə çıxmaqdadır. Onların köhnələrdən fundamental şəkildə ciddi fərqləri yoxdur və yarıtmırlar.
Gəlin bazarlarda qiymətlərə nəzər yetirək, dəhşətli bir bahalaşma dalğası müşahidə olunur; istər yağ, çay, düyü, şəkər tozu, ağartı, istər ət, toyuq, kosmetik, gigiyenik məhsullar olsun, istərsə də Novruz nemətləri - hər şeyin qiyməti fantastik dərəcədə artıb, hökumətin səsi çıxmır.
Heç bir qurum təftiş etmir ki, pandemiya dönəmində bir az da kasıblaşan əhali, ailə başçıları evlərinə necə bayram bazarlığı etsinlər. Ona görə də xalqın mədəsi müharibədə zəfərdə dolmur, sosial siyasəti köklü şəkildə dəyişmək lazımdır.
Anaxeber.info
Geri qayıt