Nəcməddin Sadıkov ordudan NECƏ QOVULUB?.. - ŞOK İDDİA

Nəcməddin Sadıkov ordudan NECƏ QOVULUB?.. - ŞOK İDDİA Səfər Əbiyev kimi nazir, Nəcməddin Sadıqov kimi Baş Qərargah rəisi sadəcə, biabırçılıq idi. Hamısı da general-polkovnik rütbəsi daşıyır.

Bakupost.az xəbər verir ki, bu sözləri “Babat debat” Yutub kanalındakı müsahibəsində uzun illər hərbi və mülki prokurorluq sistemində çalışan, “döyüşçü prokuror” olaraq təqdim edilən Fərman Rzayev deyib.

O, maraqlı bir tarixi faktı açıqlayıb:

“Valeh Barşadlı vardı, rəhmətlik, əsl peşəkar general, Ulu öndər Heydər Əliyevin yetirməsi idi. Səfər Əbiyevə dedi ki, sən necə gəlib Qərargaha çıxmısan? O vaxt Səfər Əbiyev Qərargah rəisinin müavini idi. Ona dedi ki, mən sənə tağım da etibar etməzdim. Amma bu adam gəlib müdafiə naziri oldu”.

F.Rzayev Səfər Əbiyevin müdafiə naziri olmasının səbəblərinə də toxunub. İddia edib ki, onu “5-ci kolon” vəzifəyə gətirib:

“Bunlar şimal qonşumuzun tör-töküntüləridir. O cümlədən Nəcməddin Sadıqov. Ordumuzdan qovulandan sonra onun haqda Rusiya kanallarında bildirilir ki, “qoy, Azərbaycan unutmasın ki, onun ordusunu Nəcməddin Sadıqov qurub”. Necə qurub? Nəcməddin Azərbaycan ordusunu dağıdıb, o, xəyanətkardır”.

R.Rzayev bildirib ki, Səfər Əbiyev, Nəcməddin Sadıqov və onların orduya sırıdıqlarının Azərbaycan ordusuna vurduğu ziyanı heç nə ilə izah etmək mümkün deyil.

O, Milli Qəhrəman Fəxrəddin Cəbrayılovun ordudan uzaqlaşdırılmasını da xəyanət kimi qiymətləndirib.

“Xüsusi idarədə işləyirdi, İlqar Mazanov, onun müavini İlqar Səfərov... - canavar kimi əsgərlər idi. Bu xüsusi təyinatlılar 2016-cı ilin aprel savaşında irəli atıldılar, döyüşə-döyüşə haralara qədər aldılar. Ancaq arxadan kömək gəlmədi, onlar mühasirəyə düşdülər. Sonra özləri mühasirədən çıxmışdılar, döyüşə-döyüşə - ölən öldü, yaralanan yaralandı”, - o bildirib.

F.Rzayev iddia edib ki, İkinci Qarabağ savaşının ilk günündə Ordumuz itkilərə məruz qalıb:

“Taktikanı kim qururdu? Əlbəttə ki, Baş Qərargah rəisi Nəcməddin Sadıqov. Nəcməddin ordumuzu tələyə saldı, hücumu sağa istiqamətləndirdi, Ağdama doğru. Hansı ki, 30 ildir ermənilər tunellər, istehkamlar, tələləri məhz orda qurublar. Nəcməddin ermənilərin ən güclü olduğu istiqamətə hücum planı hazırlamışdı.

Nəcməddin, hətta, əmr vermişdi ki, türk komandanlarını nazirliyə, qərargahlara yaxın buraxmayın! İlk itkilərimiz də o istiqamətdə oldu. Ancaq yenə də cənab Prezident! İlham Əliyev gənc olsa da, sanki 100 ilin komandanıdır, Suvorov kimi. Ona xəbər çatan kimi Baş Qərargaha gəldi, məsuliyyəti öz üzərinə götürdü, əməliyyatlardan Baş Qərargah rəisini və naziri uzaqlaşdırdı, birbaşa döyüş meydanlarındakı korpus komandirlərini çağırdı, dərhal tapşırıqlarını verdi, əməliyyatın istiqamətini və taktikasını dəyişdirdi. Ordumuz anında cənubdan girib, ermənilərin darmadağınının əsasını qoydu”.
Geri qayıt