Keçmiş məmurdan Əli Həsənov haqda ŞOK SÖZLƏR... - "300 min rüşvət alanların poladdan ürəkləri varmış..."

Keçmiş məmurdan Əli Həsənov haqda ŞOK SÖZLƏR... - "300 min rüşvət alanların poladdan ürəkləri varmış..." İnsanları qudurdan, onu adam cildindən çıxaran bircə şey tanıyıram. Onun adı vəzifə və puldur.

Bu haqda daha dürüst və maraqlı bir yazını dünən media cameəsinin tanınmış üzvlərindən olan “Konkret.az” saytında Əli Həsənovun xarekterik cizgilərini cızan, istedadlı qələmə sahiblik edən müəlliflərdən birinin məqaləsində tanış oldum. Müəllif ilk cümləsi ilə diqqətimi cəlb etdi. O, Əli Həsənovun timsalında adamı adamlıqdan məhrum edən, onu el içində biabırçı şəklə salıb, cəmiyyətin hədəfinə çatdıran daha uyğun bir tərif seçmişdir. Müəllifin rəhmətlik atasından gətirdiyi iqtibas belədir: “İnsanın pulu çoxaldıqca ağlı da azalır”. Çox düzdü.

Bir anlığa gözlərimiz önünə vəzifə yiyələrini gətirək. Stolda oturar-oturmaz yığmağa, özləri üçün əfsanəvi yaşayış tərzi qurmağa, bütün “it-pişikləri” üçün iş, varidat yaratmaq məqsədilə hər cür alçaq xüsusiyyətlərə əl atan adamlar nə qədər ki, qanun əsasında cəzalanmırlar, onları hər hansı tərbiyəvi metodlarla düzgün və təmiz yola çıxarmaq mümkün olmayacaqdır.

Əli Həsənovu partiyadan tanıyıram. Onun rüşvətə, haram məsələlərə xoş meyli elə YAP-ın qərargahından vüsət almağa başlamışdır. Onsuz düşmənim az deyil. Kimlərdən pul alıb partiyada vəzifələrə gətirdiyi adamların adlarını çəkmək istəmirəm. Hətta onların içərisində bu gün dörd rayon təşkilatının sədri vəzifəsini daşıyan şəxslər də vardır. O, mənə də öz təcrübəsini öyrətməyə çalışırdı. Lakin tam məsuliyyətimlə bildirirəm ki, onun fitvasına uyub, belə çirkin yolu seçmədim.

İndi kimsə deyə bilməz ki, ondan rüşvət götürüb işini düzəltmişəm. Bu natəmiz işdən bəhrələnmək imkanım az olmayıb. Ancaq köməklik etdiyim və işlə təmin olunmasına səyimi əsirgəmədiyim adamların heç birindən 5-10 quruş almamışam. Halbuki təklif ediblər… Götürə bilərdim. Cəmi bircə dəfə bunun oduna yanmışam. Ölümlü-itimli dünyadı.

Günlərin birində yaxın bildiyim birini işə düzəltdim. Gətirib zorla cibimə 300 dollar pul qoydu.

Axşam səhərəcən gözümə yuxu gəlmədi. 300 min rüşvət alanların poladdan ürəkləri varmış.

Sabah açıldı, həyat yoldaşım Tahirə xanıma dedim ki, rüşvəti götür get şəhərə, uşaqlara, özünə paltar-palazdan al. Qapı cırıldayan kimi qorxurdum. İçimdə deyirdim ki, gəldilər aparmağa… O oldu, bu oldu, evimə 1 manat belə haram pul girmədi.

Əli Həsənov isə rastına çıxanı buraxmazdı. Jurnalistlərə prezidentin verdiyi mənzilləri də rüşvətlə satırmış. Ona görə də bu adam nəinki üzr istəməklə çanını qurtarmalıdır, o, məhkəmə önünə çıxarılmaqla öz layiqli cəzasını almalıdır. Rüşvətə, haram pula heç bir halda güzəşt ola bilməz!!!

İctimai-siyasi şöbənin müdiri Əli Həsənovun ailə itinə ayda 3500 manat vəsaitin xərclənməsi xəbərini eşidəndə təpəmdən tüstü çıxdı. Görün, özünün saxlanmasına nə qədər pul xərclənirmiş. Hələ ailəsini demirəm. Onun təkcə Bakı şəhərində qiyməti milyonlarla hesablanan villası var. Şamaxıda, Xızıda, Qax və Zaqatalada və ölkənin digər səfalı məkanlarında bilmədiyimiz neçə-neçə iqamətgahları var…

Ailə biznesi ilə fəxr edən Vəzirovçunun medianın başına açdığı hadisələrdən ola bilsin ki, ictimai rəyin ətraflı bilgisi yoxdur. Bu gün məhz Əli Həsənovun yarıtmaz, mediaya münasibətdə qeyri-peşəkar fəaliyyəti nəticəsində ölkəni tərk edən bəzi jurnalist və bloqerlər tərəfindən xaricdən hakimiyyətin əleyhinə, prezidentə və ailəsinə olmazın ədəbsiz və tərbiyəsiz ifadələrin işlədilməsinə yol verilir ki, bunun da əsas baiskarı Əli Həsənovdur.

Konkret bir misal çəkəcəyəm. Vidadi İsgəndərlini yəqin ki, tanımamış deyilsiniz. Fransada oturub o söyüş qalmır ki, hakimiyyətin ünvanına səsləndirməsin. Əvvəllər yalnız sərt ittihamlarla kifayətlənən Vidadi İsgəndərli atasının məzarı murdarlanandan sonra başladı öz “tərbiyəsini” nümayiş etdirərək, ağzına və ağlına gələn söyüş və təhqiri hakimiyyətin ünvanına yönəltməyə!!! Vidadinin atasının məzarını təhqir etdirən, sonra da sosial şəbəkələrdə bu biabırçı faktın yayılması tapşırığını verərkən Əli Həsənov azca düşünsəydi, bu əməlin haralara uzanacağını müəyyən edə bilərdi.

Yəqin elə zənn edib ki, düz iş görür. Çirkab bir işdən yapışdığının bəlkə də fərqinə varmadan bu “sədaqətin”altına imzasını atıb. İctimai-siyasi şöbənin müdiri Əli Həsənov öz atasına necə olub ki, başqasının atasını qiymətləndirməyi də bacarsın. Belələri yenə var. Özü də çoxluqdur… Prezidentə yarınmaqdan ötrü hər vasitəyə əl atan adamlar açıq düşməndən daha təhlükəli olurlar. Odur ki, öz işinin xatirinə dövlət başçısına göstərilən ölçüsüz-biçisiz yaltaqlığın qarşısı alınmalıdır.

Yaltaqdan hər şeyi gözləmək olar. Odur ki, cənab prezidentdən bir xahişim var. YALTAQLARA İNANMAYIN!!! Məqamında Sizi birinci satan, üzəduranlıq edən beləsi olacaqdır.
//hurriyyet.org//
Geri qayıt