"Mübariz Mənsimova azadlıq tələb edən adamlar bizim azadlığımızı əlimizdən alıb" - NARAZILIQ!

"Mübariz Mənsimova azadlıq tələb edən adamlar bizim azadlığımızı əlimizdən alıb" - NARAZILIQ! Bu il martın 17-də İstanbul Baş Prokurorluğu tərəfindən Fətullahçı Terror Təşkilatı (FETÖ) istintaqı çərçivəsində həbs olunan iş adamı Mübariz Mənsimova məxsus olan və Zeytinburnunda lövbər salmış “Lerik” adlı gəminin azərbaycanlı heyət üzvləri taleyin ümidinə buraxıldıqlarını bildirirlər. Onlar düşdükləri acınacaqlı vəziyyətlə bağlı aidiyyəti qurumlardan kömək istəyirlər.

DİA.AZ bildirir ki, matros Tural Fərziyev ekipaj üzvləri adından danışır. O, açıqlamasında bildirib ki, 10 azərbaycanlı dənizçi aylardır şirkətdən kömək və pul gözləyir: “2019-cu il avqustun 26-da “Lerik” gəmisinə oturmuşam. Artıq 16 aydır ki, buradayam. Bu müddət ərzində heç birimiz əməkhaqqı almamışıq. Gəmidə ümumilikdə 12 nəfər - 2 Rusiya, 10 Azərbaycan vətəndaşı var. Gəmi İstanbulda Mübariz Mənsimovun “Palmali” şirkətlər qrupuna daxil olan “Armada Voyager Three” şirkətinə məxsusdur. Rəhbəri isə Paşa Vəkilsoydur. Müqaviləyə əsasən, 6 ay işləyib, sonra gəmidən enirik. Mübariz Mənsimov azadlıqda olanda 8-10 ay işləyirdik, sonra gəmidən enirdik, oteldə yerləşirdik. Bir həftə, on gün bizi oteldə saxlayandan sonra maaşımızı verirdilər. Mübariz Mənsimovun həbsindən sonra mayın 27-dək gəmilər işləyib. Düşünürdük ki, həmişəki qaydada pulumuzu alacağıq. Zeytunburnunda bizə dedilər ki, gəmi burada lövbər salacaq. Əməkhaqlarımızı istədikdə, dedilər ki, bir az gözləyin. Sonralar isə bizimlə kobud danışmağa, saymazlıq etməyə başladılar”.

Gəmidə çalışanlar yeddi ay müddətində susuz, qidasız qalsa da, rəhbərlik heyətin problemləri ilə maraqlanmayıb. Əksinə, onların şikayətlərinə qulaq asmaq istəməyiblər: “Biz gəmidə 6 aydan artıq qalmamalıyıq. 16, 18, 22 ay gəmidə qalmaq olmaz. Bu hal bütün normativ sənədləri qəti şəkildə pozur. Mübariz Mənsimov həbsdə olsa da, bizim vəziyyətimizdən xəbərdardır. Artıq gəmidə qalmaq dözülməzdir. İnsanlarda sağlamlıq problemləri, güclü yorğunluq, psixoloji pozğunluq yaranıb. Bu, beynəlxalq norma və hüquqlara tamamilə ziddir. Biz burada girov kimi saxlanılırıq, yəni vəziyyəti belə qiymətləndiririk. Mübarizə azadlıq tələb edən adamlar bizim azadlığımızı əlimizdən alıb. Şirkət bizə ümumilikdə 350 min dollar əməkhaqqı borcludur. Mübariz bəyə, yaxud bir başqasına qarşı deyilik. Əlbəttə ki, Mübariz Mənsimovun azadlıqda olmağını istəyirik. Lakin bizim də ailələrimiz, problemlərimiz var. Evimizdən problemlərimizə görə çıxmışıq və geri dönmək istəyirik. Mübariz Mənsimov böyük xeyriyyəçidir. Amma heç kim unutmasın ki, Mübariz bəy həmin pulları biz dənizçilərin sayəsində qazanıb. Biz işləmişik, Mübariz bəy pul qazanıb, xeyriyyəçilik edib. Azadlığa çıxar, yenə xeyriyyəçilik edər. Amma Mübariz bəy bizim ailələrimizdən önəmli deyil”.

Tural Fərziyevin sözlərinə görə, ekipaj heyəti günlərlə ac qalır. Onlara ayrılan normativ aylıq qida ilə təmin olunmurlar: “Gəmi İstanbul limanında lövbərdə olduğu müddət ərzində şirkət rəhbərliyi yalan və əsassız vədlər verdi, yanacağımız və qidalarımız dəfələrlə tükəndi. Gəmi enerjisiz qaldı, daş dövrünə qayıdan və adada sağ qalmağa çalışan adamlar kimi yaşamağa başladıq. Elektrik ümumiyyətlə yox idi. Yemək odun üstünə bişirilir. Biz burada günlərlə ac qalırıq. Aylıq yeməyimiz 3100 dollardır. Yeddi ay ərzində 1500, bəzən 1000 dollarlıq yemək gəlməyə başladı. O da makaron, un, yumurtadır. Elə vaxt olur ki, bir aya 500 dollarlıq ərzaq göndərirlər. Aramızda 25-dən 62 yaşa qədər dənizçi var. Aylarla ac qaldığımızı ailələrimizdən gizlədirik. Son bir ildə baş verənlər qandondurucudur. Artıq bezmişik, gəmidə elə insanlar var ki, intiharın bir addımlığındadır. Dünyanın heç bir dənizçi şirkətində bu kimi olaylar baş vermir. Zəng vurursan, pulunu, haqqını tələb edirsən, şirkətin işçiləri adamı hədələyir. Biz onlardan pulumuzu tələb edirik, evimizə getmək istəyirik. Yeddi aydır burada dayanmışıq. Şirkətin cavabdeh şəxsləri Paşa Vəkilsoy və Mahmud İmansoy bizimlə maraqlanmır. Çox acınacaqlı günlər keçiririk. Təsəvvür edin, balıqçılar bizə yemək, siqaret gətirirlər”.
"Mübariz Mənsimova azadlıq tələb edən adamlar bizim azadlığımızı əlimizdən alıb" - NARAZILIQ!


Geri qayıt