Qubada şəhidin vəsiyyətinə əsasən yeni doğulan oğluna onun adı verildi - FOTO

Qubada şəhidin vəsiyyətinə əsasən yeni doğulan oğluna onun adı verildi - FOTO Vətən Müharibəsinin igidlərindən biri, son döyüşündən əvvəl mobil telefonla çəkdiyi videogörüntüdə şəhid olacağı təqdirdə dünyaya gələn oğluna öz adının verilməsini istəyən baş gizir Allahyarov Şahin Hüseynbala oğlunun vəsiyyəti reallaşıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, baş gizirin Qusar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində dünyaya gələn oğluna onun adı verilib.

Xəstəxanadan "Report"un Şimal bürosuna bildirilib ki, çəkisi 3 kq 600 qram olan körpənin və anası Kəmalə Allahyarovanın vəziyyəti normaldır.

Qeyd edək ki, Şahin Allahyarov Quba rayonunun Zizik kəndində doğulub. O, sentyabrın 27-də başlayan Vətən Müharibəsinə könüllü qoşulub. Bir sıra ağır döyüşlərdə şücaətlər göstərən Şahin Allahyarov noyabrın 1-də şəhid olub.

O, son döyüşündən əvvəl çəkdiyi videoda həyat yoldaşı Kəmalə Allahyarovaya son arzusunu "Əgər oğlum olsa, ona mənim adımı qoyarsınız", - deyə bildirmişdi.

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Allahyarov Şahin Hüseynbala oğluna “Vətən Müharibəsi Qəhrəmanı” ad verilib.
Qubada şəhidin vəsiyyətinə əsasən yeni doğulan oğluna onun adı verildi - FOTO
Geri qayıt