Azərbaycan hakimiyyətində FETÖ varmı - GƏLİŞMƏ

Azərbaycan hakimiyyətində FETÖ varmı - GƏLİŞMƏ Bu ilin iyul ayında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkə mediasına açıqlamasında bildirmişdi ki, Azərbaycan FETO-ya məxsus bütün qurumları bağlayaraq, Türk xalqına və hökumətinə dəstək nümayiş etdirib. FETO ilə mübarizədə Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bildirən diplomatın fikirlərində əsaslı məqamlar çoxdur. Həqiqətən də Azərbaycanda FETO-çu məmurlar deşifrə olunaraq vəzifədən çıxarılıblar, onlara məxsus olan təhsil şirkətləri, maliyyə “məntəqələri”, biznes şəbəkələri, eləcə də, media resursları bağlanıb.

Ancaq ölkmizdə FETO ilə mübarizə bu qədər tez baş tutdu və yekunlaşdı? Həbslər, sensasiyalı ittiham aktları olmadan Azərbaycanda FETO-nun kökü necə kəsilib? Söhbət FETO ilə bağlantısı olan iş adamları, təhsil işçiləri, yazıçılar, şairlər, biznesmenlər, jurnalistlər, dövlət strukturlarında çalışan minlərlə məmurlardan və onların “imam”larından gedir.

Dünyanın ən nəhəng dövlətlərindən olan 85 milyonluq Türkiyədə bir gecədə dövlət çevrilişi planını az qala reallaşdıran FETO ölkəmizdə belə tez necə məhv edilib?
Dünyanın ən nəhəng dövlətlərindən olan Türkiyə FETO ilə mübarizəyə illərlə vaxt sərf edibsə, o zaman bütün dünyanı bürüyən FETO-nun ölkəmizdəki bağlantıları, dayaqları Azərbaycanda belə tezliklə necə aradan qaldırılıb, bu şəbəkə necə deşifrə olunub ki, kütləvi həbslər baş verməyib?

Düşünməyə dəyər... Bu mövzuya toxunmağım da təsadüfi deyil. Türkiyədə 2016-cı il 15 iyul hadisələrindən sonra Azərbaycanda da FETO-ya qarşı ciddi hərəkətlilik müşahidə olundu. Həqiqətən də, sanki təqdim olunmuş siyası əsasında FETO-nun görünən resursları – şirkətləri bağlandı, bu təşkilatın təmsilçiləri vəzifələrindən qovuldular.

Ancaq düşünürəm ki, keçən bu müddət ərzində FETO-nun Azərbaycan qanadı vaxt udmaq üçün sadəcə hücrələrinə çəkilib. Elə onlar üçün ən yaxşı taktika bu ola bilərdi.

Apardığım müşahidələr göstərir ki, vaxtilə adları FETO-nun ən üst kataloqunda hallanan şəxslərin, “hücrə” qaimləri və “imam”larının fəaliyyətində bir hərəkətlilik, aktivlik müşahidə olunur. Məsələn, son bir il ərzində FETO-nun ən önəmli adamlarından hesab olunan şəxslərə bağlı olanlar Azərbaycanda ya müxtəlif vəzifələrə təyinat alırlar, ya da yaxınlarını müxtəlif strukturlara yerləşdirirlər. Və bu proses davam edir. Onlar ölkənin siyasi, təhsil və gənclər siyasəti sahəsində ciddi aktivlik qazanıblar.

Görünən budur ki, FETO Azərbaycanda bu dəfə daha çox gənclər və idman sahəsində, eləcə də, təhsil sferasında ciddi mövqeyə sahib olmaq üçün hərəkətə keçib. Həmçinin, onların ölkənin çoxpartiyalılıq sisteminə “fərqli” düşüncə və adla daxil olmaq cəhdləri də bu sıradadır.

Hələki adları çəkməyi düşünmürəm. Ancaq hesab edirəm ki, FETO Azərbaycanda hərəkətə keçib.

Bəs Azərbaycan hakimiyyəti nə etməlidir?

Ölkəmizdə islahatlar aparılır, yeni siyasi münasibətlər sistemi formalaşır, əksər dövlət strukturları yenilənir, kadr dəyişiklikləri çevik və fərqli müstəviyə qədəm qoyub. Açıq görünür ki, hakimiyyət bu dəfə xaricdə təhsil alan, ömürlərinin bir hissəsini Avropada keçirən, müəyyən Qərbyönümlü layihələrin iştirakçısı olan, bir neçə dil bilgisinə malik şəxsləri önə çəkir. Ona görə də, ciddi düşünməli, təyin olunan şəxslərin kimliyi, bütün bağlantıları araşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, FETO bütün ölkələrə məhz bu üstünlüklərə malik olan kadrlar vasitəsilə daxil olur. Mən demirəm ki, təyin olunan yeni kadrlar FETO-çudur. Sadəcə diqqət, diqqət və yenə də diqqət!

Diqqətçəkən məqamlardan biri FETO-çu hesab olunduğuna görə vəzifədən çıxarılan, buradakı biznes şəbəkələri ciddi şəkildə itkilərə məruz qalan şəxslərin həmin vaxtdan son bir ilə qədər xarici ölkələrdə yaşaması, orada özlərinə biznes imkanları yaratmasıdır.

Ən qəribəsi odur ki, bu şəxslər Azərbaycanda islahatlar aparılan bir ərəfədə yenidən ölkəmizdə peyda olublar. Bu şəxslərin bir qismi vəzifə almaq üçün bütün vasitələrdən istifadə edirlər, digər qismi öz adamlarını müxtəlif sahələrə yerləşdirirlər.

Artıq proses çoxdan başlayıb. Məncə, FETO izini aşkarlamaq üçün ilk mərhələdə gənclər və idman sahəsini araşdırmaq bəs edər.
Samir FEYRUZOV //dominant.az//
Geri qayıt