Adı Ramiz Mehdiyevlə iş birliyində hallanan iş adamı məlumat yaydı

Adı Ramiz Mehdiyevlə iş birliyində hallanan iş adamı məlumat yaydı "Çin Karqo" şirkətinin rəhbəri Şamil Heydərov barəsində yayılan məlumatlara münasibət bildirib.

Bildirək ki, editor.az saytının yaydığı həmin yazıda “Karqo Şamil” ləqəbli iş adamı Şamil Heydərovun AMEA prezidenti Ramiz Mehdiyevlə biznes şərikliyinin olduğu bildirilirdi.

“Heydərov Şamil Hilal oğlu tərəfindən Kütləvi İnformasiya Vasitələrinə TƏKZİB” başlığı ilə daxil olan açıqlamanı təqdim edirik:

“15.09.2020-ci il tarixdə tərəfinizdən barəmdə əsassız formada “Ramiz Mehdiyevin biznes imperiyası: Kimlərlə şərik imiş?-VİDEO” başlıqlı xəbər tipli yazı dərc edilmiş və həmin yazının dərc olunması nəticəsində bu əsassız məlumatlar digər mətbuat orqanlarında da yayılmışdır.

Əslində isə həmin yazıda qeyd olunan xüsusatlar tamamilə uydurma əsaslıdır. Belə ki, mən ölkəmizdə fəaliyyət göstərdiyim müddət ərzində yüzlərlə vətəndaşımızı daimi işlə təmin etmiş və ölkənin ən çox vergi ödəyən sahibkarlarından biri olmuşam.

Fəaliyyət göstərdiyim dövrdə Respublikamızın qanunvericiliyinin tələblərinə riayət etmiş və tam qanuni fəaliyyət göstərmişəm. Barəmdə dərc olunan bu tip xəbərlər isə mənim qanuni fəaliyyətimə kölgə salmaqdadır.

Ölkə başçımız cənab İlham Əliyevin iş adamlarına və sahibkarlığın inkişafına ayırdığı diqqət və qayğının yüksək səviyyədə olduğu bu dövrdə sahibkarlar barəsində əsassız məlumatların yayılmasına qətiyyən yol vermək olmaz. Barəmdə bu formada əsassız və uydurma olaraq xəbər tipli yazıların dərc olunmasına qarşı hüquqi müstəvidə mübarizə aparılacaq”.
Geri qayıt