Avtobus sürücüsünü döyən şirkət müdirini “Azərkosmos“-a nə bağlayır?

Avtobus sürücüsünü döyən şirkət müdirini “Azərkosmos“-a nə bağlayır? Azərbaycanda koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə bu ilin mart ayından ölkə üzrə tətbiq edilən sərt karantin rejimi bir çox sahələrdə olduğu kimi dövlət satınalmaları üzrə bağlanmış layihələrə də öz mənfi təsirini göstərdi.

Sərt karantin rejiminin tətbiqinin şərtləri olaraq yolların bağlanması, dövlət müəssisələrində çalışan işçilərin sayının 25 %-ə endirilməsi və kütləvi tədbirlərin ləğv edilməsi qərarı xeyli sayda satınalmanın ləğvi ilə nəticələndi.

Lakin qeyd edilənlərə baxmayaraq, dövlət qurumları ilə bağladıqları tender müqavilələrini davam etdirən özəl qurumlar da oldu.

Sərt karantin rejimində dövlət maliyyəli qurumla bağladığı tenderin şərtlərini dəyişməyən şirkətlərdən biri də "AZBA AUDİT AND BUSİNESS SERVİCES LTD" Məhdud Məsuliyyətli Cəmiyyətidir.

AzFakt.com saytının araşdırması “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə "AZBA AUDİT AND BUSİNESS SERVİCES LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış tender üzərindədir.

Qeyd edək ki, sözügedən tender 2019-cu ilin dekabr ayının 30-da “Azərkosmos” ASC ilə "AZBA AUDİT AND BUSİNESS SERVİCES LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanıb.

"AZBA AUDİT AND BUSİNESS SERVİCES LTD" MMC-nın "Texniki personal üzrə xidmətlər" lotu üzrə qalib elan olunduğu tenderin dəyəri 722.750 manat təşkil edir.

Tenderin qalibi elan edilən "AZBA AUDİT AND BUSİNESS SERVİCES LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti barədə geniş məlumata rast gəlinmir. Şirkətin hansı profil üzrə faəliyyət göstərdiyi, hansı müvafiq sertifikat və lisenziyalara sahib olması barədə də məlumat yoxdur.

Şirkətin qanuni təmsilçisi 1993-cü il təvəllüdlü Fərmanov Məmmədrza Şamo oğludur.

Araşdırmamız zamanı məlum oldu ki, "AZBA AUDİT AND BUSİNESS SERVİCES LTD" MMC-nin qanuni təmsilçisi əslən Zəngilan rayonundan olan 1993-cü il təvəllüdlü Fərmanov Məmmədrzadır.

“Azərkosmos” ASC ilə "AZBA AUDİT AND BUSİNESS SERVİCES LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanan tender müqaviləsi bu ilin dekabr ayının 2-də bitəcək.

AzFakt.com “Azərkosmos” ASC ilə "AZBA AUDİT AND BUSİNESS SERVİCES LTD" arasında bağlanmış "Texniki personal üzrə xidmətlər" lotunun konkret mahiyyəti və karantin rejiminin müqaviləyə təsir edib-etmədiyini öyrənmək üçün "AZBA AUDİT AND BUSİNESS SERVİCES LTD" MMC ilə əlaqə saxlayıb.

Özünü şirkətin rəhbəri kimi təqdim edən Rüfət Abasov "AZBA AUDİT AND BUSİNESS SERVİCES LTD" MMC ilə "Azərkosmos" ASC-nin arasında bağlanmış 722 min manatlıq tender müqaviləsinin qüvvədə qaldığını bildirdi.

Əməkdaşımızla söhbətində iyirmi dörd nəfər əməkdaşlarının olduğunu bildirən R.Abasov "Azərkosmos" ASC-yə texniki və hüquqi yardım göstərdiklərini vurğuladı.

Xatırladaq ki, "AZBA AUDİT AND BUSİNESS SERVİCES LTD" MMC-nin qanuni təmsilçisi Məmmədrza Fərmanov bir müddət əvvəl paytaxtda avtobus sürücüsünü döyməklə gündəmə gəlmişdi. Belə ki, Trend-in yaydığı məlumatda Xətai rayonu ərazisində, "Əhmədli" metrostansiyasının qarşısında 1993-cü il təvəllüdlü Fərmanov Məmmədrza Şamo oğlu və qardaşı, 1994-cü il təvəllüdlü Fərmanov Asəf Şamo oğlu "Əhmədli" stansiyasının qarşısında marşrut avtobusunun sürücüsü, Naxçıvan sakini, 1970-ci il təvəllüdlü Əsədov Bayram Lətif oğlunu qəsdən döyüb bədən xəsarətləri yetirdiyi, faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanıldığı və hadisəni törədən hər iki şəxs saxlanıldığı deyilirdi.
Geri qayıt