Başçısı həbs edilən Kürdəmirin deputatı: Əminə Ağazadə dosyesi…

Başçısı həbs edilən Kürdəmirin deputatı: Əminə Ağazadə dosyesi… Ən yeni deputat” rubrikasının bu sayında Əminə Ağazadə ilə tanış olacaqsınız. O, Kürdəmirin millət vəkilidir.
Reportyor.info xəbər verir ki, Ə.Ağazadə təsadüfən yada düşməyib.

Rayon icra başçısı Ceyhun Cəfərovun və İH-də vəzifəli şəxslərin rüşvət faktı ilə həbs olunmasından sonra Kürdəmirin deputatı meydana çıxıb.

Ə.Ağazadə onların qanunla cəzalanacaqlarını açıqlayıb. Amma xanım deputat bu günə qədər nə mətbuatda, nə Milli Məclisdə rayonun problemlərindən, icra başçısının özbaşınalıqlarından, vətəndaşların üzləşdiyi problemlərdən söz açmamışdı.

Xanım millət vəkili Korrupsiyaya qarşı mübarizə komissiyasının üzvüdür, amma Kürdəmirdə dünənə qədər baş verənlərdən danışmamışdı. Elə ki, C.Cəfərov və dəstəsi həbs edilib, Ə.Ağazadə rayonda neqativ hallar olduğunu dilə gətirib.

Ümumiyyətlə, ən yeni deputatlardan olan Əminə xanım xüsusi fəallığı ilə diqqəti cəlb etməyib. Onun parlamentdəki debütünü bir o qədər uğuru saymaq olmaz. Eyni zamanda kürdəmirli seçicilərlə də aktiv işlədiyini söyləmək çətindir.

Amma insafən, obyektivlik naminə onun məhkəmə-hüquq islahatları, Cinayət-Prosessual Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərlə bağlı çıxışlarını qeyd etmək lazımdır.

Kifayət qədər pozitiv xanım təəssuratı yaradan Ə.Ağazadədən sadəcə, deputat kimi daha çox gözləntilər var. Onun hüquqşünas olması, gənc bir siyasətçi kimi parlamentdə yer alması fürsət yaradıb ki, həm kürdəmirli seçicilərlə sıx işləsin, problemlərini Milli Məclisdə qaldırsın, mətbuatda daha aktiv görünsün, ictimai nəzarətin təmin olunmasında fəal iştirak etsin.
Lakin icra başçısı həbs edilənə qədər Kürdəmirdəki qanun pozuntularından bir dəfə olsun bəhs etməyib.

Yeri gəlmişkən, Ə.Ağazadə mediada deputatlıqla yanaşı həm də prokuror İbrahim Ləmbəranskinin xanımı olaraq tanınır.

Əliş Ləmbəranskinin nəvəsi müstəntiq olduğu dövrdə bir çox siyasi xarakterli cinayət işlərinin istintaqını aparıb. Misal üçün “Quba hadisələri”, “NİDA”çıların işi, Leyla Yunus, Rauf Mirqədirov…

İ.Ləmbəranski uşaqların sevimli “Şir evdən getdi” filmində “Muradik” rolunu ifa edib. Bizsə rubrikamızın növbəti buraxılışında sizi ən yeni deputatlardan daha biri – Əliabbas Salahzadə ilə tanış edəcəyik.
Başçısı həbs edilən Kürdəmirin deputatı: Əminə Ağazadə dosyesi…

Geri qayıt