Həsənov qardaşlarını nə gözləyir? - Həbs olunacaqlar?

Həsənov qardaşlarını nə gözləyir? - Həbs olunacaqlar? Bir neçə gün öncə Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Daha bir sərəncam ilə F.Quliyev Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, Dursun Həsənov Xarici İşlər nazirinin müavini Ramiz Həsənovun qardaşıdır. 1994-cü ildən diplomatik sahədə çalışan Dursun Həsənov 2016-cı ildən bu vəzifədə idi. Dursun Həsənov 1994-2004-cü illərdə Xarici İşlər Nazırliyində (XİN), 2004-2006-cı illərdə Azərbaycanın İstanbuldakı konsulu, 2006-2009-cu illərdə Azərbaycanın Rusiyadakı səfirliyinin konsulu, 2009-2010-cu illərdə XİN-də müşavir, 2010-2015-ci illərdə Azərbaycanın Türkiyədəki səfirliyində müşaviri, 2015-2016-cı illərdə isə Azərbaycanın Gürcüstandakı səfirliyində səfir müavini vəzifələrində işləyib.

Məlumat üçün bildirək ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) XİN-də keçirdiyi xüsusi əməliyyatdan sonra hakimiyyət diplomatik sahədə “təmizləmələr”ə başlayıb. Yeri gəlmişkən, bir neçə gün əvvəl məlumat yayılmışdı ki, Ramiz Həsənov da DTX-də XİN-in vəzifəli şəxsləri barədə başlanmış cinayət işinin istintaqına cəlb edilib. Lakin o, sonradan açıqlama verərək məlumatın həqiqətə uyğun olmadığını bildirib.

Ehtimal edilir ki, qardaşı Dursun Həsənovun səfir vəzifəsindən geri çağırılmasından sonra Ramiz Həsənovun da karyerasına son qoyula bilər.

Bəzi ehtimallara görə, Dursun Həsənovun işdən çıxarılması silah qalmaqalı ilə bağlıdır. Söhbət Serbiyanın Gürcüstan üzərindən Ermənistana silah satmasından gedir. Bu arada qeyd edək ki, Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov həbs olunub.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Milli Məclisin deputatı Asim Mollazadə vurğuladı ki, nazirlikdə baş verən hüquq pozuntuları ilə bağlı araşdırma aparılır: “Azərbaycan qanunvericiliyində nəzərdə tutulur ki, səfirlik səlahiyyətinin vaxtının uzadılması ilə bağlı prezidentin xüsusi qərarı olmasa, hər 5 ildən bir səfirlər rotasiya olunmalıdır. Diplomatik xidmət haqqında qanunda hər bir diplomatın iş müddəti müəyyənləşdirilir, buna uyğun olaraq həmin şəxslər rotasiya olunmalıdır. Müəyyən müddət xaricdə çalışan Azərbaycan diplomatı mərkəzdə də işləməlidir ki, nazirliklə əlaqələr uzun müddət ayrılmasın. İndi araşdırmalar gedir, Xarici İşlər Nazirliyində bir çox xoşagəlməz faktlar müəyyənləşdirilib. Ona görə də bu işlər davam etdirilməlidir. Həm də rotasiya prinsipinə uyğun olaraq verilən müddət bitəndən sonra ya başqa ölkəyə getməli, ya da vətənə qayıtmalıdırlar”.

İki qardaşın eyni dövlət strukturunda oxşar vəzifələr tutmasının qanunvericilikdə necə nəzərdə tutulmasına gəlincə, Asim Mollazadə bildirdi ki, əgər onlar bilavasitə bir-birinin tabeliyində deyillərsə, mümkündür və hər hansı məhdudiyyət yoxdur.

Hüquqşünas Əkrəm Həsənov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, qanunla belə bir qadağa yoxdur ki, iki qardaş eyni strukturda işləyə bilməz: “Bizdə Xarici İşlər Nazirliyində nəinki qardaşlar, o cümlədən ər və arvad eyni strukturda işləyir. Rəhbər vəzifədə olmasa da, ər bir ölkənin, arvad başqa ölkənin səfirliyindədir. Bu, prinsipcə qanuna zidd deyil, ancaq qanunvericilikdə belə məhdudiyyətlərin nəzərdə tutulması məqsədəuyğun olardı”.

Ə.Həsənovun sözlərinə görə, xaricdə Azərbaycanın maraqlarını təmsil edən şəxslərin hüquq pozuntularına yol verməsi, saxlanılması çox neqativ haldır: “Xarici işlər nazirinin işdən kənarlaşdırılması, Eldar Həsənovla bağlı baş verənlər, digər səfirlərimiz haqqında da söz-söhbətin olması təkcə daxili məsələ deyil, xaricilər də bunu izləyirlər. Diplomatlar ölkəni xaricdə təmsil edənlərdir. Bizim haqqımızda belə bir fikir formalaşa bilər ki, bir ölkənin xarici işlər naziri, səfirləri bu vəziyyətdədir. Xarici işlər naziri ən çox səfər etməli olan, kabinetdə oturmağa vaxtı olmayan şəxsdir. Əgər o ”evdən işləyirəm" deyirsə, digərlərindən nə gözləmək olar? Xaricdəki səfirlərin korrupsiyaya qurşanması ölkəmizin imici üçün çox pisdir. Dövlət rəhbərliyi də bunu başa düşür. Görün vəziyyət nə yerdədir ki, artıq bu məsələlər ictimailəşib. Müsbət bir hal odur ki, bu hadisələr ictimailəşdi, ört-basdır etmədilər. Amma istənilən halda xaricdəki imicimiz üçün çox pis haldır".
Geri qayıt