İşdən çıxarılan icra başçısına ağır ittihamlar... - Bu faktlar araşdırılarsa...

İşdən çıxarılan icra başçısına ağır ittihamlar... - Bu faktlar araşdırılarsa... Bir müddət əvvəl Prezidentin Sərəncamı ilə işdən qovulan Nizami rayon icra başçısı Arif Qasımovun mülkiyyəti barədə məlumatlar üzə çıxmışdı. İcra başçısına məxsus olduğu bildirilən və foto-şəkilləri ilə media qurumlarının səhifələrini bəzəyən həmin mülklərin siyahısı ABŞ prezidenti Trampı belə qısqandıracaq həddə idi.

Müxtəlif restoranlardan tutmuş quşçuluq fermasına, torpaq sahələrinə, binalara qədər çox saylı göz qamaşdırıcı sərvət sahibi olan Arif Qasımovla Donald Tramp arasındakı yeganə fərq isə həmin sərvətlərin mənbəyidir. Tramp atasından, babasından qalan sərvətləri öz biznesmen ağlı sayəsində qazanıbsa, Nizami rayonun sabiq icra başçısı sadəcə hansısa sənədə imza atmaqla buna nail olub.
Yox, yox, bu o deyil ki, biz Arif Qasımov öz sərvətinə sərvət qatarkən ağlından qətiyyən istifadə etmədiyi qənaətindəyik. Əsla, belə bir fikrimiz yoxdur. Əksinə, Arif Qasımovun sərvətinin siyahısını artırarkən ağlına elə gözəl metodlar gəlib ki, Tramp eşitsə bu böyük düha qarşısında diz çökər. Dünyanın ən zəngin insanlarını belə heyrətləndirəcək belə metodlardan biri eyni yeri 2 və ya daha artıq adama satmaqdır. Üstəlik, Arif müəllim bu qeyri-adi iş prinsipini həyata keçirərkən müştərilərinin sosial vəziyyətinə, qaçqın, məcburi köçkün, yetim-yesir olmasına da baxmayıb. Hər halda redaksiyamıza şikayət edən Ermənistan köçkünü Elmir Məhərrəmovun iddialarından belə çıxır.

1988-ci ildə Ermənistanın Ararat rayonundan didərgin salınmış Məhərrəmovlar ailəsi böyük ümidlə Bakıya gəlmişdi. Mənsub olduğu xalqın paytaxtına sığınarkən ailənin ən başlıca ümidi, sözsüz ki, daldanacaq yer tapa biləcəklərinə inamları idi. Məhərrəmovlar ağıllarına da gətirməzdi ki, Bakıda da onları daha ağır imtahan gözləyir. Elmir Məhərəmmovun iddiasına görə, atası Məmməd kişi Bakıda qarşılaşdığı ədalətsizliklərə dözə bilmir və ürəyi dayanaraq dünyasını dəyişir.

Məhərrəmovlar ailəsi 1988-cü ildə ilk əvvəl Bakıda Məmməd kişinin qardaşıgildə məskunlaşırlar. Dövlət orqanlarına çoxsaylı müraciətlərindən sonra ailəyə Prezident Heydər Əliyevin 22 avqust 2001-ci il tarixli, 562 saylı Fərmanına və Bakı şəhər İcra Hakimiyyətinin 15 avqust 2003-cü il tarixli Sərəncamına əsasən Nizami rayonu, K.Balakişiyev küçəsi, 61 saylı evin 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsində mənzil verilir. Həmin yerin təmir edilməsi və yaşayış üçün yararlı hala gətirilməsi ailənin öhdəsinə buraxılır. Məhkəmə materiallarına inansaq, ailə həmin qeyri-yaşayış sahəsini mənzil halına gətirənədək 8 min ABŞ dolllarından keçir. Amma bu mənzildə yaşamaq sevincləri uzun sürmür. Bir neçə aydan sonra – 13 dekabr 2003-cü ildə Heydər Əliyev dünyasını dəyişən kimi ailənin də qara günləri başlayır. Qalmaqallı məhkəmə çəkişmələri nəticəsində ailə bir ildən sonra yaşadığı evdən zorla çıxarılır. Beləliklə, Məhərrəmovların öz hüquqlarının bərpası uğrunda bitib-tükənmək bilməyən mübarizə prosesi başlayır. Məhkəmədən-məhkəməyə süründürülən Məhərrəmovlar sonunda 27 noyabr 2007-ci ildə Səbail rayon Məhkəməsinin iş N 2-1335/2005 saylı qətnaməsi ilə Nizami rayonunda torpaqla təmin edilmək haqqına qovuşurlar. Qətnamədə göstərilir ki, Bakı şəhər Nizami rayonu, Yavər Əliyev və Şərifli küçələrinin kəsişdiyi yerdə ailəyə torpaq sahəsi ayrılsın və burada ev tikintisinə icazə verilsin.

Hər şey türk filmlərindəki olduğu kimi “mutlu son”la bitmiş görünsə də, Məhərrəmovlar ailəsinin əsl dramı məhkəmənin bu qərarından sonra başlayır. Şikayətçi Elmir Məhərrəmovun iddiasına görə, məhkəmənin bu qətnaməsindən sonra o vaxt Nizami rayon bələdiyyə sədri işləyən Arif Qasımova 8 min dollar rüşvət verərək torpaq sahəsi alır. Həmin torpaq sahəsində ev tikməyə maddi imkanı çatmadığı üçün inşaat işi bir qədər ləngiyir. Nəticədə isə bir gün gəlib görür ki, ona məxsus torpaq sahəsində bir başqası villa tikir. Beləcə, ip də əldən gedir, it də.

Şikayətçinin iddiasına görə, Arif Qasımovdan hələ bələdiyyə sədri işlədiyi dövrdə öz haqqını tələb etməsi onun həbsiylə nəticələnir. Yuxarılardakı əlaqələrini işə salan Arif Qasımov şikayətçini susdurmaq üçün həbs etdirir. İnzibati məsuliyyətə cəlb olunan Elmir Məhərrəmovun dəmir barmaqlıqlar arasındakı cəzası uzun sürmür. Bir neçə gündən sonra evə buraxılan zərərçəkmişə susmaq məsləhət görülür.

2015-ci ildə isə Elmir Məhərrəmovun hüquq mübarizəsinin ikinci mərhələsi başlayır. Bu mərhələ birincidən xeyli ağır olur. Zira bu zamana qədər bələdiyyə sədriylə qarşı-qarşıya gələn Elmir Məhərrəmov indi daha statuslu biriylə döyüşməliydi. Çünki 2015-ci ilin 22 sentyabr tarixində Arif Qasımov artıq Nizami rayonunun İcra başçısı təyin olunmuşdu. Köhnə hesabla desək, Nizami rayonunun yeni “kəndxudası”na batmaq, təbii ki, Elmir Məhərrəmov kimi kimsəsiz qaçqının boyunu aşan məsələ idi. Təsadüfi deyil ki, dəfələrlə İcra Hakimiyyətinə tapdalanmış hüquqları üçün ayaq döyən Elmir Məhərrəmov ən sonunda bu cavabı alır: “Hara gedir, getsin. İstəyir, lap Prezidentə şikayət etsin. Mən ona pul qaytaran deyiləm. Arxamda dağ boyda hiumayədarım var. Heç kim mənə verdiyi pulu ala bilməz”. Bir sözlə, “kəndxudanı gör, kəndi çap”. Nizami rayonunun “kəndxudası” isə Arif Qasımov idi. Ondan haqqını almaqmı olardı?

Hazırda məhkəmə qərarı ilə Məhərrəmovlar ailəsinə verilən torpaq sahəsində böyük imarət ucalır. Şikayətçinin dediyinə görə, həmin imarətdə Arif Qasımovun biznes ortağı əslən Sədərəkdən olan Elsevər adlı vətəndaş yaşayır.

Bəli, Elmir Məhərrəmov kimi qaçqınların, yetim-yesirlərin əlindən alınan mülklər hesabına sərvətinə sərvət qatan Arif Qasımov məhz bu sehrli iş prinsipilə bu gün bir çox biznesmeni, dövlət başçısını heyrətləndirəcək var dövlətə sahibdir. Məzlumların ahı, qaçqınların göz yaşı üzərində qurulan bu səltənətin dodaq uçuqladan siyahısı ilə gəlin, yenidən tanış olaq:

– Bakının Nizami rayonunda yerləşən, keçmiş OMON-un binasının yanında, 30 sot torpaq sahəsinin içərisində tikilmiş “Amazon” restoranı. Tikintinin sahəsi 1000 (min) kvadrat metrdir;

– Nizami rayonu, Elşən Süleymanov küçəsi 80-də, 8 sot torpaq sahəsinin içərisində yerləşən “Kölgə” restoranı. Tikintinin sahəsi 1000 (min) kvadrat metrdir;

– Nizami rayonunda yerləşən məşhur “Neolit” restoranına şərikdir. Belə ki, bu restoranın səhmlərinin 50 faizi A.Qasımova məxsusdur;

– Nizami rayonu, Əli Vəliyev küçəsi 24-də (“Ruslan 93” kimi tanınan mağazanın arxasında) 8 nəfərin adına sənədləşdirilimiş torpaq sahəsi. Bölgüdə hər bir şəxin adına 10 sot torpaq sahəsi qeyd olunub. Bunların arasında icra başçısının qaynı və həyat yoldaşının adı da var. Ən maraqlısı isə odur ki, Arif Qasımov son vaxtlar bir çox əmlakı ilə yanaşı, sözügedən 80 sot torpaq sahəsini də satışa çıxarıb. Həmin ərazinin dəyəri təxminən 8 milyon manatdır;

– Sabunçu rayonu, Ramana qəsəbəsində, “Şuşa şəhərciyi” adlanan ərazinin yaxınlığında 150 hektara yaxın torpaq sahəsi. Hazırda bu ərazi də satışa çıxarılıb;

– Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində (“Xəzər” Universitetinin arxasında) əslən Şərurdan olan Elsevər adlı iş adamı ilə şərikli binalar. Hazırda bəzi binaların tikintisi davam edir. Tikintiyə icra başçısının oğlu nəzarət edir;

– 2011-ci ildə Nizaminin Bələdiyyə sədri olduğu vaxtlar qanunsuz yolla əldə etdiyi, Şərq küçəsi 40/85-də yerləşən və 10 nəfərin adına sənədləşdirilən torpaq sahəsi. Bölgüdə hər bir vətəndaşın adına 6 sot torpaq sahəsi rəsmiləşdirilib.(hurriyet.org)

– Nizami rayonu, Şərifli küçəsi 808-ci keçiddə yerləşən qara mərmərdən üzlənmiş milyonlarla dəyəri olan villa. Mənbə deyir ki, bu villanın altında böyük yaşayış kompleksinin qarajı qədər geniş olan yeraltı qaraj var. Burada A.Qasımovun dəyəri milyonlarla dollar olan maşın kolleksiyası yerləşir. Bildirilir ki, villanın qarajında qiyməti 360 min dollar olan “Mercedes-Maybach”, 300-350 min dollarlıq “Gelendevagen Brabus”, 220 min dollarlıq “Mercedes GL”, həmçinin təxminən bu qiymətlərdə “Range Rover Sport”, “Mercedes S-klass” və s. markalı 30-a yaxın avtomobil var. Şübhə yoxdur ki, aidiyyəti qurumlar bir gün Nizaminin icra başçısının da “qapısını döyəndə” həmin qarajdakı göz oxşayan avtomobillərin hamısı üzə çıxacaq;

– Nizami rayonunda, Vərəm Disponserinə yaxın ərzidə “Çayla” çay evi yerləşən 3 mərtəbəli bina. Çoxları həmin obyektin Rəcəb adlı şəxsə məxsus olduğunu düşünür, əslində isə icra başçısı onunla şərikdir. Üstəlik diqqətli oxucularımız ərazidən keçərkən görəcəklər ki, bu bina tikilən zaman kobud qanun pozuntusuna yol verilib. Belə ki, döngədə yerləşən bina yolun yarısını tutub.

– Xətai rayonu, Keşlə qəsəbəsində (NZS pivə zavodunun yanında) 4-5 ədəd villa və hər birinin qarşısında da obyektlər;

– Xızı rayonu, “6 ağac” adlanan ərazidə hektarlarla torpaq sahəsi;

– 2011-2015-ci illərdə Siyəzən rayonunda icra başçısı işləyən dönəmdə böyük ərazidə quşçuluq ferması açıb ki, hazırda da fəaliyyət göstərir” – “Hürriyyət” qəzeti.

Üstəlik, bütün bunlar Arif Qasımov səltənətinin yalnız bir qismidir. Onun hələ üzə çıxmayan daha böyük sərvətləri olduğu bildirilir. Sonuncu dəfə Arif Qasımov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Nizami rayonu sakinlərinin istirahəti üçün saldığı parkda restoran inşa etdiyi əsnada iş üstündə yaxalanmış və ölkə rəhbərinin sərəncamı ilə vəzifəsindən kənarlaşdırılmışdır.
Ovqat.com

P.S. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Geri qayıt