Qanlarının arasına pandemiya girmiş olsa da... - Dəyişiklik mütləqdir...

Qanlarının arasına pandemiya girmiş olsa da... - Dəyişiklik mütləqdir... "Hazırda çamadan ab-havasında olan bəzi icra başçıları var, təşviş içində olan icra başçıları var, işdən azad olunacağını gözləyən icra başçıları var. Pandemiya onların qanlarının arası girmiş kimi görünsə də, özləri də başlarına gələ biləcəklərin tam fərqindədirlər". Bu sözləri DİA.AZ-a bildirən mənbə rayon icra başçıları ilə bağlı yeni dəyişiklik dalğasının start götürəcəyini qeyd etməkdədir.

Gələn ilkin informasiyalara görə, Şəmkirin icra başçısı Alimpaşa Məmmədov və Siyəzənin icra başçısı Novruz Novruzov günlərini sayır. Tezliklə Ucarın icra başçısı, prezidentin pambıqçılıq müşavirəsində işinə irad bildirilən Mənsur Məmmədov da vəzifəsindən azad olunacaq. Mənbə dia.az-a bildirir ki, bütün bu dəyişikliklər yaxın vaxtlara təsadüf edə bilər: "Çünki başlanan proses məhz dövlətçilik baxımından vacibdir, durdurulması fəsadlara səbəb ola bilər".

"Samuxun icra hakimi Alı Qocayev, Ağdamın icra başçısı Vaqif Həsənovla bağlı qeyri-müəyyənlikdir" deyən qaynağın dia.az-a söylədiklərinə görə, Xızının icra başçısı Xəzər Aslanov da şələ-şüləsini yığışdırıb getməyə hazırlaşır: "Eyni zamanda Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun da məsələsinə baxıla bilər".

Məlumatlı qaynaqlar Daşkəsənin icra başçısı Əhəd Abıyev, Sabirabadın icra başçısı Siraqəddin Cabbarovla bağlı hansısa qərar olmadığını bildirir.

Bu gün ən çox şikayət olunan məmurların başında gələn icra başçıları ilə bağlı məsələ hələlik tam aydınlaşmasa da, onların da qısa zamanda yola salınacağı gözlənilir. Rəhbərlik etdikləri rayonlarda “kiçik padşah”lıq edən icra başçıları arasında da yaşı 70-i ötmüş kifayət qədər şəxs var.

Amma xalqın problemləri ilə maraqlanmaq, onların həllinə çalışmaq onların birbaşa vəzifəsidir. İstefa verməmək üçün çalışa, müxtəlif yollar üzərində düşünə bilərlər, amma, bu addıma görə təşəkkür almayacaqlar.

Əksinə, zamanında xalqın problemlərini qulaqardına vurduqları üçün bu və ya digər formada cəzalandırıla bilərlər.

Üçüncü seçim isə yenə də öz bildikləri kimi işləməyə davam etmələridir ki, bunun da onlara heç bir halda, xeyirli olmayacağı əvvəlcədən bəllidir.

Belə olduğu halda, onların könüllü olaraq təşəbbüsə qoşularaq istefa mədəniyyəti göstərmələri gözlənilməyəcək.

Bu yolu tutan icra başçıları birbaşa istefaya göndərilə bilər və yeni həbslər də mümkündür ki, bu da illərlə “qazandıqları”nı bir anın içində vəzifə sevdasına görə itirmək anlamına gələcək. Hər halda, vaxt əhalinin problemlərinə biganə qalan icra başçılarının əleyhinə işləyir.
Geri qayıt