Əli Həsənov qeyr-ciddi adamların müdafiəsində... - Ondan faydalananlar niyə qeybə çəkilib?

Əli Həsənov qeyr-ciddi adamların müdafiəsində... - Ondan faydalananlar niyə qeybə çəkilib? Sosial mediada da yazdım: heç kimlə şəxsi məsələm yoxdur,ola bilməz. Jurnalistlərə ev paylanarkən Əli Həsənovun, “Divarları boyamayın, divar kağızlarını cırmayın”- xəbərdarlığının da şəxsən özümlə heç bir əlaqəsi yoxdur (jurnalistlər divarları niyə boyayacaqdı, divar kağızlarını nə üçün cıracaqdı - bunun sirri-xudasını anlamaq üçün Atif Yılmazın çəkdiyi, Şener Şen, Kemal Sunal, Müjde Ar, İlyas Salmanın oynadığı “Kibar Feyzo” filmindəki Maho ağanı və xüsusilə, Feyzonun borc kağızına qol çəkərkən etdiyi xəbərdarlığı xatırlamaq lazımdır).

Hörmətli Sona Vəliyevanın iki şeir kitabını da Türkiyə türkcəsinə mən tərcümə etmişəm, müəllifini ciddi ədəbiyyat insanı saymadığıma görə, tərcüməçi kimi adımı yazmadım (tərcümələr üçün əsla maddi tələbim olmayıb, təfərrüata ehtiyac olsa, onu da oxucularla bölüşərəm. Sona xanımın zəmanənin böyük şairi və ən böyük romançısı kimi xarakterizə edənlərə salyut göndərirəm).

Son yazımda cənab Həsənovun, “keçmişlə bağlı müzakirə aparmağa həvəsim yoxdur”- sözünə “dövlət, dövlət adamlığı” prizmasından baxacağımı bildirmişdim. O sözümü yerinə yetirirəm. Deyəsən, Əli Həsənov “dövlət” məfhumuyla “ədəbiyyat” məfhumunu səhv salır. Elə olmasaydı, 25 il yüksək kreslosunda oturduğu dövlətin etibarını qorumaq və daha da yüksəltmək naminə keçmişlə bağlı danışmağa həvəsinin olması öz yerində, keçmişlə üzləşməyi özü istəməliydi.

“Keçmiş yoxdur, keçmiş olsaydı, nə qəm olardı nə də qüssə” - bunu Nobel mükafatı laureatı Villiam Faulkner deyib. Onun özünün “yaratdığı” əsərlərinin kompozisiyasını da ona görə qurduğu bir zaman məfhumu vardı. Ancaq təkrar edirəm ki, o, bir yazardır, həyatın reallıqlarından istifadə edərək bədii əsər yaradır, zamanla istədiyi kimi rəftar edə, hətta Jean-Paul Sartrenin dediyi kimi, “zamanın başını yerindən qopara bilər”. Dövlətin yüksək kreslosunda oturmuş bir şəxsin “özünün zamanı” ola bilməz, onun, “keçmişi müzakirə etməyə həvəsim yoxdur” - demək lüksü olmamalıdır. “Həvəsim yoxdur”- deyirsə, onda istər-istəməz bu sualları cavablandırması lazım gəlir:

1. Həvəsi niyə yoxdur? Dönüb 25 illik keçmişinə baxanda ürəyi sıxılır, yoxsa öz keçmişində onu utandıracaq şeylər görür? İnsanın öz keçmişi barədə danışmağa niyə həvəsi olmaz? Həvəsi yoxdursa, bunun hansı ciddi səbəbləri var? Cənab Həsənov Azərbaycanın müstəqillik tarixinin adi bir adamı deyil, 25 il ərzində bəzi mühüm sahələri dizayn etmək ona tapşırılıb, xüsusilə, media sahəsində öz işinin öhdəsindən uğurla gəlib. İndi o uğurlu işləri barədə danışmağa niyə həvəsi olmasın?

2. Bir şəxs kimi “keçmişi müzakirə etməyə həvəsi olmaya” bilər, heç kim ondan özəl həyatı barədə heç nə soruşmur, buna heç kimin haqqı da yoxdur. Cənab Həsənov 25 il ərzində gördüyü işlərin doğruluğuna inanırsa, məntiqə görə, o işlər barədə həvəslə danışmalıdır. Çünki söhbət dövlətin həyata keçirdiyi çox mühüm işlərdən gedir, cənab Həsənov o işlərin mühüm tətbiqatçılarından biri olub, o işlər barədə ağız dolusu danışmaq onun haqqı olduğu halda, “həvəssizliyini” səbəb göstərərək, ya həyata keçirdiyi işlərin düzgünlüyünü şübhə altına alır, ya da 25 il yüksək kreslosunda oturduğu dövlətə hörmətsizlik edir.

3. İşin qəribə tərəfi budur ki, dünənə qədər onun ətrafında pərvanə kimi dolaşıb, bir dediyini iki etməyə qətiyyən cəsarəti çatmayan, onun nüfuzundan dəfələrlə istifadə edərək ev, pul, sayt sahibi olmuş, onunla kitab yazmış jurnalist-yazarların əksəriyyəti də bu gün tut yemiş bülbül kimi susurlar. Həsənovun ən yaxın adamına qarşı cinayət məcəlləsinin üç maddəsiylə iş açılıb, o boyda qanunsuzluqları KİVDF-in başında duran adamın təkbaşına və ya özbaşına etməsi mümkün idimi? Bəs o Fondun imkanlarından gen-bol istifadə etmiş jurnalistlər niyə ağızlarına su alıblar? Bəlkə, Əli Həsənovun “keçmişi müzakirə etməyə həvəsinin olmamasının” əsas səbəblərindən biri elə budur? Hardan biləydi ki, dizayn edib qabağında təzim etdirdiyi media bir gün ona “Brut”luq edəcək? Hardan biləydi ki, bir vaxtlar hər cür risk alaraq ev verdiyi qeyri-jurnalistlərin hamısı indi “toz olacaqlar”, onun adı gələndə qulaqlarını tıxayacaqlar?

Bunlar son dərəcə ciddi məsələlərdir, bir vaxtlar qeyri-məhdud səlahiyyətlə media sahəsini, tamamilə nəzarəti altında saxlamış bir adamın indi 2-3 qeyri-ciddi adamın ümidinə qalması, onu “öz keçmişini müzakirə etməyə həvəssiz” edə bilər. Əli Həsənov o adamlara ümid bəsləyirsə, bax, həyatının ən böyük səhvini də elə o nöqtədə edir.

Bir an əvvəl onları meydandan çəkib, 25 il yüksək kreslosunda oturduğu dövlətin naminə, öz adı və şəxsiyyəti naminə keçmişiylə də, bu günüylə də üz-üzə gəlməkdən çəkinməməlidir. Şəxsən mən ona suallar göndərib cavablarını 4 dildə çap etməyə və o cavabları Türkiyə türkcəsində çıxacaq kitabıma daxil etməyə hazıram.

Məncə, son dərəcə demokratik və humanist təklifdir. Əli Həsənova sübut etməyə hazıram ki, ölkəsini ən çox sevən qələm sahibləri iqtidarı obyektiv şəkildə tənqid edənlərdir. 60 yaşlı Həsənovun bunu dərk etməsi özü üçün də, ölkə üçün də çox faydalı və ibrətamiz olacaqdır.
Mayis Əlizadə, Dominant.az
Geri qayıt