26 dəfə Həcc ziyarətinə gedib, amma zalıma “dur” demək istəmir...

26 dəfə Həcc ziyarətinə gedib, amma zalıma “dur” demək istəmir... Hacı Qalib Salahzadə Şeyxlə quda olmamışdan əvvəl də varlı adam idi. Sovet vaxtı ticarətçi olduğu üçün əli həmişə pulla oynayıb, 5 manata aldığı malı 15 manata satıb, sərvətinə sərvət qatıb...

İnternetdə onun haqqında çox az məlumat var. Deputat olanda bir-iki dəfə müsahibə verib. 22 illik redaktor təcrübəsinə malik olan adam kimi deyirəm: oxuduqlarımın çoxunu onun adından həmkarlarım yazıb. Çünki Hacının danışmaqla arası yoxdur. 15-20 il əvvəl Milli Məclis danışmağı deyil, yatmağı sevən adamların məkanı olduğu üçün Hacının da yolu ordan keçib. Bakı kəndlərinin problemlərin məngənəsində çabalayan sakinlərinin “səsiylə” beş il səssizcə Milli Məclisdə oturub. Salahzadələrin parlamentdə həmişə “bron”u olub. İndi onun yerində oğlu oturub...

Şeyxin qudası, keçmiş deputat, iş adamı, nəhayət, 26 dəfə Həcc ziyarətində olan bir adam kimi onu sorğu-sual etmək istədik. Hacının yaxşı natiq olmadığını bildiyimiz üçün ona çox əziyyət vermək fikrimiz yox idi. Ağzını açıb beş-on kəlmə danışsaydı, özümüz düzüb-qoşacaq, ortaya Hacı Qalib Salahzadənin adına layiq bir müsahibə çıxaracaqdıq.

Əməkdaşlarımızın işi başından aşdığı üçün daşın altına özüm əlimi qoydum. Hacının nömrəsini yığıb, ədəb-ərkanla hal-əhval tutandan sonra müsahibə götürmək istədiyimi dedim. O da ədəb-ərkanla cavab verib, kefimi xəbər alandan sonra belə dedi: “Yanımda adamlar var. Beş dəqiqə sonra danışaq”.

Beş dəqiqə beş saat oldu, amma Hacıdan səs çıxmadı...

Aradan 3 gün keçəndən sonra Salahzadə yoldaşı yenə aradım. Sağ olsun, məni çox intizarda qoymadı. Yenə ədəb-ərkanla salamlaşıb, hal-əhval tutduq. Yenə eyni cavabı verdi: “Yanımda adamlar var. Beş dəqiqə sonra danışaq”.

Yenə beş dəqiqə beş saat oldu, yenə günəşin şüaları redaksiyanın divarlarına çıxdı, amma Hacıdan səs çıxmadı...

Bu hadisə üçüncü dəfə təkrarlananda Hacının müsahibə verməyəcəyinə əmin olub, onu bir daha narahat etməməyə qərar verdim...

Yadımdan çıxmamış deyim: hər dəfə Hacı Qalib Salahzadəyə zəng edəndə, onu müsahibənin mövzusu ilə tanış etmişəm. Hər dəfə ölkə başçısının rüşvətxor və korrupsioner məmurlara qarşı mübarizəsini necə qiymətləndirdiyilə maraqlanmışam. İnanın ki, Hacının Bakı kəndlərində hektarlarla torpağa necə sahib olması barədə bir kəlmə də soruşmamışam...

Hacı Qalib Salahzadə mənim suallarıma cavab vermək məcburiyyətində deyil. Artıq deputat olmadığı üçün ondan hansısa məsələyə münasibət bildirməyi tələb edə bilmərik. Susmaq Hacının haqqıdır. Amma bunun da öz üsulu var. Rəhmətlik atamdan cəmi bir-iki yaş kiçik olduğu üçün ərklə deyə bilərdi ki, ay oğul, mən müsahibə vermirəm. Mən də atamın həmyaşıdı olan bu adamı bir də narahat etməzdim...

Hacıyla müsahibə planlaşdıranda söhbətimizin sonunu təxminən belə təsəvvür edirdim: Hacı Qalib Salahzadə əvvəl özünü, sonra oğlunu deputat edən hakimiyyətin islahat siyasətini dəstəkləyəcək, rüşvətxor və korrupsioner məmurlara savaş açan siyasi iqtidarın arxasında dayandığını bəyan edəcək, 26 dəfə Həcc ziyarətində olan bir müsəlman kimi zalımla mübarizə aparmağın vacibliyini dilə gətirəcəkdi. Lakin ehtimallarım özünü doğrultmadı. Hacı var-dövlətinin, sərvətinin qarantiyası olan YAP iqtidarının xeyrinə bir kəlmə də danışmadı. Əgər həvəsiniz varsa, zəng edib niyəsini soruşa bilərsiniz. Yanında adam olmasa, səbəbini deyər...
Seymur VERDİZADƏ //yenisabah.az//
Geri qayıt