KORRUPSİYADAN DANIŞMAQ ONA YARAŞIR... – Yaxud Mərdanovun təmizlikdən dəm vurmaq haqqı

KORRUPSİYADAN DANIŞMAQ ONA YARAŞIR... – Yaxud Mərdanovun təmizlikdən dəm vurmaq haqqı Təəssüf ki, Azərbaycanda nə qədər həbs olunmadan vəzifədən uzaqlaşdırılan iri və orta “kalibrli” məmur var, az qala hamısını doldurublar elm sahəsinə - akademiyaya, institutlara və sair. Sanki hakimiyyət bunlardan birtəhər canını, yaxasını qurtararaq, “elmi-mədəni sürgün”ə göndərib...

Lakin bu adamlar oturduqları “isti yerdə” də dinc durmayıb, ölkədə baş verən hansısa prosesə, hadisəyə “ağsaqqal münasibəti” bildirəndə, istər-istəməz insanlarda qıcıq yaradırlar. Sabiq Təhsil naziri, hazırda isə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsini tutan Misir Mərdanov kimi. Sabiq nazir ötən gün verdiyi müsahibədə ölkədəki korrupsiya ilə bağlı mübarizə tədbirlərini dəstəkləyib və tərifləyib.

Əslində, belə adamların siyasi hakimiyyətin hansısa addımını tərifləməsi, dəstəkləməsi elə həmin hakimiyyətə qarşı az qala təxribat xarakteri daşıyır. Çünki cəmiyyətdə bunlara qarşı olan antipatiya onların təriflədikləri siyasi hakimiyyətin istənilən müsbət addımına da şübhə ilə yanaşmağa əsas yaradır, həmin prosesi kölgə altına almış olur.

Axı hansısa mövzuda mühakimə yürüdən adamın kimisə ittiham etməsi üçün buna birinci növbədə özünün mənəvi haqqı çatmalıdır. Bu baxımdan Misir Mərdanovun korrupsiya ilə mübarizəni tərifləməsi, hansısa iri məmuru, icra başçısını korrupsiyaya, rüşvətə görə qınaması, üstəlik təmizlikdən danışması göstərir ki, utanmaq, öz abırına sığınmaq kimi hissləri itirmək o qədər çətin iş deyilmiş... Bu, əyri-üyrü yollarla, mərdiməzarlıqla, yetim-yesirin haqqını yeməklə qazandığı pulun cüzi hissəsini xərcləyib Həccə gedənlərin orada özlərindən qat-qat məsum olan şeytana daş atmasına bənzəyir.

Məhz korrupsyanı “bəh-bəhlə” Azərbaycan təhsilinin iliyinə qədər yeridən Mərdanovun sayəsində rayon təhsil şöbələrinin müdirləri, məktəb direktorları rüşvətlə təyin olunmağa başladı, tələbə köçürmələri “ən yağlı iş”ə çevrildi, nazirlikdə qohumbazlıq, yerlibazlıq “çiçəkləndi”. Hər il nazirliyə ayrılan 100 milyonlarla dollarlıq investisiya təyinatlı büdcə vəsaitlərinin talan edilməsinə, mənimsənilməsinə dair həmin dövrün mətbuatında yüzlərlə fakta, şikayətə rast gəlmək olar. Təkcə onu qeyd etmək yetər ki, Mərdanov nazir postundan atılandan sonra Azərbaycan məktəblərində 2500 saxta diplomlu müəllim aşkar olundu. İndi ölkə təhsilinin kökünü baltalayan, onu açıq bazara çevirən belə birisinin təmizlikdən danışması, həbsləri dəstəkləməsi necə ikrah hissi doğurmaya bilər?

M.Mərdanov müsahibəsində deyir ki, onun nazir olduğu dövrdə də icra başçıları təhsil şöbələri müdirlərini, məktəb direktorlarını öz təsiri altında saxlamağa çalışırdılar. Azərbaycanda rüşvətə “vəsait” adı qoyan klassik məmur təbəqəsinin ən parlaq nümayəndələrindən olan sabiq nazirin “öz təsiri altında saxlamaq” deyəndə nəyi nəzərdə tutduğunu anlamaq çətin deyil. Ancaq bu adamdan soruşan yoxdur ki, nazir ola-ola bircə dəfə mərdliyi, cəsarəti çatıb hansısa icra başçısının qabağına çıxa bilibmi, onların özbaşınalıqlarını ictimailəşdiribmi, etiraz edibmi? Bircəciyinin əməlini ifşa edibmi? Deyibmi ki, başçılar təhsil şöbələrinin müdirlərinə, məktəb direktorlarına “haqq qoyduqları” üçün onlar da məktəbləri bazara çeviriblər? Yox! Niyə? Çünki elə özü onlardan da betər olub! Çünki ölkə, xalq üçün strateji sahə olan təhsili alim, nazir yox, ferma müdiri kimi idarə edib. Çünki təhsil şöbələrini “sağmal inəyə” döndərib - özü bir tərəfdən sağıb, icra başçıları da o biri tərəfdən. Və şübhəsiz ki, icra başçıları korrupsiya bacarıqlarına, istedadlarına görə klassik məmur-oliqarx zümrəsinin “ulduz”larından olan Mərdanovun yanında “xırda balıqlar” olublar...

“Bir nazir bu qədər vaxtda öz müavinin əməllərindən xəbərsiz ola bilərmi” sualına cavab verən M.Mərdanov “bu barədə konkret bir söz deyə bilmərəm” deyib. Bununla suyu da üfürə-üfürə içərək, hələ ki, vəzifəsində qalan Əbülfəs Qarayevin xətrinə dəymək istəməyib, düşünüb ki, nə bilmək olar, bəlkə heç çıxartmadılar... Ardınca PA-nın sabiq şöbə müdiri və artıq “vurulduğu” kəsinləşən Əli Həsənovla bağlı suala cavabında isə deyir: “Çox təəssüf ki, bəzən təsadüfi adamlar yüksək vəzifələrə və YAP rəhbərliyinə qədər gəlib çıxa bilib...”

Baxın, bu adam 15 il Azərbaycan təhsilinə rəhbərlik edib və təəssüf ki, onu da özünə oxşatmağa nail olub.

Nəhayət, Mərdanovun həmin müsahibəsində korrupsiyaya qarşı mübarizə tədbirləri barədə bir fikri var - “kim tutduğu vəzifəyə layiq deyilsə, oradan uzaqlaşdırılmalı və yerinə daha bacarıqlı və təmiz insanlar gətirilməlidir” - necə ki, onun özünü 7 il əvvəl layiq olmadığı vəzifədən gec də olsa uzaqlaşdırdılar...
“AzPolitika.info”
Geri qayıt