BDU-nun rektoru haqda İLGİNC İDDİA - Professordan AÇIQLAMA

BDU-nun rektoru haqda İLGİNC İDDİA - Professordan AÇIQLAMA İslahatlar bütün dövrlərdə, həm də bütün ölkələrdə heç də rəvan getməyib. Yəni, insanlar, cəmiyyətlər, dövlətlər bir çox hallarda səhv edə-edə, lakin səhvləri təkrar etmədən irəliləyərək müəyyən olunmuş hədəflərə yetişiblər. Bu yolda uğurlarla yanaşı itkilər də, qurbanlar da olub. Həm də bütün bunlar daha çox məhz filosofların izah etdiyi kimi inkişaf prosesinin təbiətindən və mahiyyətindən irəli gələn bir hal kimi dəyərləndirilib.

Müstəqillik dönəmində Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatlar da bu cəhətdən istisnalıq təşkil etmir.

Tarixi inkişaf və ictimai-siyasi mahiyyəti etibarı ilə xüsusi çəkisi olan elə islahatlar olub ki, onları başlamaq və uğurla sona çatdırmaq həqiqətən çox böyük qətiyyət və əzmkarlıq, bundan da daha artıq peşəkarlıq və siyasi iradə sayəsində mümkün olub. Azərbaycanda Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən Torpaq islahatı, kolxoz və sovxozların islahatı buna bariz misal ola bilər.

Təsəvvür edin, Azərbaycan MDB məkanında ilk olaraq bu islahatlara başladı. Başlanğıcda bir çoxlarının bu addımın gələcəyinə pessimiscəsinə innanmadığına baxmayaraq onu uğurla başa çatdırdı.

Təqdirəlayiq haldır ki, Azərbaycanda Ulu öndər tərəfindən başlanan islahatlar xətti onun siyasi varisi olan möhtərəm cənab Prezident tərəfindən bu gün də uğurla davam etdirilməkdədir.

Sovet dönəmində çox geniş yayılmış belə bir tezis vardı, kadrlar hər şeyi həll edir. Əlbəttə, bu bir qədər şişirdilmiş ifadə idi. Bununla belə, hər şeyi olmasa da, çox şeyi məhz kadrlar həll edir. Bu, keçmişdə belə olub, indi də belədir. Gəlin, etiraf edək ki, əvvəlki onilliklərdə ölkəmizdə kadr islahatları baxımından bir qədər mühafizəkar abu-hava hökm sürüb. Yəni hətta fəaliyyəti və ya fəaliyyətsiziliyi ilə bağlı geniş ictimai narazılıq olan bir çox kadrlar da nə özləri vəzifədən gedib, nə də onları buna məcbur ediblər.

Amma məmnunluq hissi ilə deməliyəm ki, cənab Prezident hakimiyyətdə olduğu ilk vaxtlardan başlayaraq özünün çevik və düşünülmüş kadr siyasəti ilə bu stereotipi də aradan götürmüş oldu. Hər kəsə məlum olduğu kimi, son vaxtlar ölkədə həyata keçirilməkdə olan islahatlar, xüsusən də kadr islahatları sahəsində dinamika daha da artıb. Bir-birinin ardınca nazirliklərin, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərliyi yeni düşüncəli, sağlam təfəkkürlü gənclərə etibar olunmaqdadır.

Bununla da idarəçiliyə yeni nəfəs gəlir. Əlbəttə, bütün bunlar təqdir olunasıdır. Amma cənab Prezidentin özünün də xüsusi olaraq qeyd etdiyi kimi, bu siyasət heç bir halda kampaniya halı almamalıdır. Unutmaq olmaz ki, yaşlı, təcrübəli, bilikli kadrlar dövlətin də, millətin də qızıl fondudur. Bu fondu siyahılardan silərək onu muzey eksponatı kimi kənara qoymaq olmaz. Dünya praktikasına baxsaq görərik ki, inkişaf etmiş, otruşmuş dövlətləri və onların daxili strukturunu daha çox məhz yüksək təhsilli, elmi titullu və təcrübəli insanlar idarə edir. Bu praktikadan kənara çıxıldığı ölkələrdə baş verməkdə olan əks proses və anomaliyaları doğuran səbəbləri və onların arzuolunmaz nəticələrini də təhlil etmək pis olmaz.

Dünya gör-götür dünyasıdır. Kimdə və harada yaxşı nə varsa, onu əxz etmək gərəkdir. Qürurverici haldır ki, son vaxtlar bir sıra sahələr üzrə Azərbaycan təcrübəsi dünya miqyasında təqdir və təbliğolunmaqdadır. Sözsüz ki, dövləti bu səviyyəyə qaldıran ölkə Prezidenti və onun uğurlu kadr siyasətidir.

Cənab Prezidentin kadr siyasətində başlıca meyar vəzifəyə təyin olunanların peşəkar, təvazökar, təşəbbüskar və gözütox olmalarıdır. Bəli, xalqın layiqli xidmətçisi ola bilmək üçün bu kriteriyalar həqiqətən çox vacibdir. Televiziya və mətbuatdan da bildiyimiz kimi, dövlət başçısı yeni təyinatlarla bağlı kadrları şəxsən qəbul edir, onlara tapşırıq və tövsiyyələrini verir. Bunlar televiziya ekranlarında ona görə təkrar-təkrar nümayiş etdirilir ki, qoy vəzifədə olanların da yaddaşı təzələnsin.

Amma son vaxtlar Ağstafa, Yevlax, Neftçala və Biləsuvar rayon icra hakimiyyəti başçılarının qanunsuz əməllərinin aşkar olunması göstərdi ki, hələ də Prezidentin təkrar-təkrar xəbərdarlıqlarını, onun tapşırıq və tövsiyyələrini unudaraq “dərə xəlvət, tülkü bəy” düşüncəsi ilə yaşayanlar da var imiş. Bu yerdə bir vətəndaş olaraq məni çox narahat edən bir neçə məqam üzərində ayrıca dayanmaq istərdim. Əslində məni bu yazını yazmağa sövq edən də məhz bu oldu. Birincisi, yuxarıda adları çəkilən rayon icra hakimiyyəti başçılarını sözsüz ki, təyinata qədər cənab Prezident şəxsən tanımayıb. Yəni, kimlərsə namizədliyini verərək onlara zamin durub. Cənab Prezident də məhz zamin duran şəxslərə inanaraq o kadrları məsul vəzifələrə təyin edib.

Fikrimizcə, keyfiyyətsiz kadrlara zamin duraraq onların bu və ya digər vəzifəyə namizədliyini irəli sürən, müdafiə edən vəzifəli şəxslərdən də indi məsuliyyət tələb olunmalıdır. Axı, necə olub ki, həmin vəzifəli şəxslər namizədliklərini irəli sürərək zamin durduqları kadrları yaxşı tanımayıblar. Axı, necə olub ki, zamin durduqları kadrların sonrakı davranışından, əyri yolda olduqlarından xəbərsiz olublar?! Hələ heç onu demirəm ki, bütün bunlardan xəbərləri olduğu halda belə onları himayə etməkdə davam ediblər?! Fikrimcə, baş verənlərə digər bir müstəvidə də yanaşmağa lüzum var. Yəqin ki, Ağstafa, Yevlax, Neftçala və Biləsuvarda icra başçılarının törətmiş olduqları qanunsuz hərəkətlərlə bağlı rayon ictimaiyyəti nümayəndələrinin, xüsusən də hüququ pozulan insanların müxtəlif orqanlara çoxsaylı müraciətləri olub. Bəs, o müraciətləri gizlədən, ört-basdır edən, necə deyərlər «əl-əli yuyar, əl də üzü» fəlsəfəsi ilə işləyən, bununla da vəzifə səlahiyyətlərini aşaraq özbaşınalıq edən şəxslərin vaxtında ifşa olunmasını əngəlləyən digər vəzifəli şəxslərin prinsipsiz mövqeyini necə izah etməli? Yəqin ki, onların da sorğu-sual edilməsi pis olmaz.

Qeyd olunan özbaşınalıqların olduğu rayonlardan seçilmiş bəzi millət vəkillərinin baş verənlərə ən azı seirçi, biganə və laqeyd münasibətinin nədən qaynaqlandığını da araşdırmağa dəyər. Necə ola bilər ki, vaxtaşırı seçiciləri ilə görüşdüklərini, onların arzu, təklif və şikayətlərini müvafiq dövlət orqanlarına çatdırdıqları barədə ağız dolusu “hesabat” verən çox hörmətli millət vəkilləri öz rayonlarında icra başçıları tərəfindən törədilən cinayətlərdən xəbərsiz olublar? Bu yerdə 66 saylı Biləsuvar seçki dairəsindən millət vəkili seçilmiş Bəhruz Məhərrəmovun baş verənlərlə əlaqədar mətbuata açıqlamaları ilə bağlı təəccüb və təəssüfümü də bildirmək istərdim. Anlamaq olmur ki, bu adam seçicilərin, yoxsa sabiq icra başçısının vəkilidir?! Nəhayət, bütün rayonlarda icra hakimiyyətindən savayı digər dövlət orqanları da var. Bəs həmin orqanların rəhbərləri, digər vəzifəli şəxsləri xidməti ərazilərində nələr baş verdiyindən nə əcəb xəbər tutmayıblar?

Heç kəsə sirr deyil ki, əksər rayonlarda prokuror, polis rəisi, məhkəmələr az qala bütün günü öz icra başçıları ilə bir yerdə olurlar. Yəni onlar rayon rəhbərlərinin və onun tabeliyində işləyən digər vəzifəli şəxslərin hərəkət və davranışlarını və buna qarşı olan çoxsaylı vətəndaş narazılıqlarını görməyiblər?! Ya bu adamlar tutduqları vəzifələrin mahiyyətini və məsuliyyətini dərk etmir, yaxud onlara da elə bu cür sərf edir. Bunun başqa izahı yoxdur. Burada bir haşiyəyə çıxmaq istərdim. 90-cı illərin sonu 2000-ci illərin əvvəllərində 10 ildən artıq bir müddətdə “Azərbaycan” qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri işləmişəm. Xidməti ərazimə daxil olan 5 rayonda demək olar ki, bütün sahələr üzrə işlərin nə yerdə olduğunu hər kəsdən daha yaxşı bilirdim. Çünki öz işimlə yaşayırdım, onun məsuliyyətini dərk edirdim.

Neqativ halları, onu doğuran səbəbləri mətbuata çıxarırdım. İctimailləşdirilməsi məsləhət bilinməyən elə məqamlar olurdu ki, onlar barəsində də müvafiq orqanları məlumatlandırırdım. Şəkinin sabiq icra başçısı Nəzir Əhmədovun qanunsuz hərəkətləri barədə silsilə yazılarla çıxış edərkən rayon prokuroru Vilayət Zahirov istisna olmaqla əksər vəzifəli şəxslər onun tərəfini saxlayaraq məndən uzaq qaçırdılar. Amma bu, məni mübarizədən çəkindirmədi. Nəhayət, Şəkidə işlərim nə yerdə olduğu barədə yazdıqlarım etibarlı kanallar vasitəsilə bir daha arışdırıldıqdan sonra Ulu öndər Heydər Əliyev bu sahəyə cavabdeh olan yüksək çinli məmurlara çox ciddi irad bildirərək, – “Heç birinizin Şəkidən xəbəriniz yoxdur, gedin oraya yeni icra başçısı təyin olunması barədə təklif hazırlayın”, – demişdi.

İndi sual olunur. Əgər, ölkə Prezidentinin qətiyyəti, siyasi iradəsi və çağrışları olmasaydı, nəhayət, DTX da bu biabırçılıqların üstünü açmasaydı, onda necə olacaqdı?! Yeri gəlmişkən DTX-nın son vaxtlar yüksək rübtəli məmur korpusu içərisində yer alan korrupsiya və rüşvətxorluq hallarının aşkar olunaraq ifşa olunması sahəsindəki prinsipial mövqeyi respublika ictimaiyyəti tərəfindən birmənalı olaraq bəyənilir və müdafiə olunur. Hesab edirəm ki, DTX-nın bu sahədəki prinsipial mövqeyi digər dövlət orqanlarına da nümunə olmalıdır. Odur ki, həmin orqanlar da bu kontekstdə öz fəaliyyətlərini çox ciddi şəkildə təhlil etməli və işlərində dönüş yaratmalıdırlar. Əfsuslar olsun ki, bir sıra hallarda qanun keşikçilərinin özləri də orğulara qoşularaq onlarla əlbirlik edirlər. Gəlin, belə bir məqamı da yaddan çıxarmayaq ki, bu gün ifşa olunaraq barələrində həbs qəti-imkan tədbiri seçilmiş icra başçıları bundan əvvəl digər rayonlarda icra başçısı vəzifəsində işləyiblər. Amma necə işləyiblər?! Hansı keyfiyyətlərinə görə onlara yenidən başqa bir rayona rəhbərlik vəzifəsi etibar olunub?!

Etiraf etməliyik ki, respublikanın bəzi dövlət orqanları, mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri və elmi idarələrin işində də korrupsiya və rüşvətxorluq hallarının kök saldığına dair faktlar və siqnallar var.

Təbiidir ki, kadrlar yerində olmayanda, problemlərdə arta-arta ciddi narazılıqlar həddinə çatır. Məsələn, Elçin Babayevin BDU-nun rektoru təyin olunduğu vaxtdan cəmi bir il ötüb. Amma Universitetdə söz-söhbətlərin, narazılıqların miqyası durmadan artmaqdadır. Yadınızdadırsa, elə ilk gündən bu təyinatla bağlı icitimai rəy müsbət olmamışdı. Səbəbi də odur ki, seçim düzgün olmayıb. Axı BDU ölkənin ən nüfuzlu ali təhsil ocağı olduğundan onun başında hər zaman ölkənin ən tanınmış alimləri – akademiklər, professorlar durub. Bəs, Elçin Babayev kimdir?! Sadəcə orta səviyyəli bir fəlsəfə doktoru. Uzun illərdir ki, akademiya sistemində işləyərək özünə doktorluq dissertasiyası belə yazmaq qabiliyyətində olmayan birisinin ölkənin ən sanballı elm adamlarının cəm olduğu belə bir elm və təhsil ocağına rəhbərlik etməyə nə gücü, nə də haqqı çatır. O, özündən həm yaşca, həm də başca çox-çox üstün olan insanlarla elm və təhsilin aktual problemləri barədə söhbət edə bilərmi?! Əlbəttə yox!

Görəsən, bir il öncə onun rektorluğa təqdimatına zamin duranlar bu amilləri niyə nəzərə almayıblar?! E.Babayevin Universitetə gətirə biləcəyi yeganə “yenilik” yalnız və yalnız Elmin İnkişafı Fonduna rəhbərlik etdiyi dönəmdə yaxşıca mənimsəmiş olduğu saxta yollarla daha çox qazanc əldə etməyin yeni üsulları ola bilərdi ki, onu da artıq tətbiq edib. Beləliklə, ötən illər ərzində Abel Məhərrəmovun bərbad günə salmış olduğu BDU Elçin Babayevin gəlişindən sonra daha bərbad vəziyyətə düşüb.

Korrupsiya və rüşvətxorluq bütün dövrlərdə və bütün ölkələrdə olub. Azərbaycan da bu cəhətdən istisna deyil. Amma ədalət naminə onu da etiraf etmək lazımdır ki, Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dönəmdən başlayaraq, Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı sözün əsil mənasında müharibə elan olunub. Cənab Prezident İlham Əliyev isə necə deyərlər korrupsiya və rüşvətxorluqla mübarizədə sinəsini qabağa verərək özü sahibkarlara, iş adamlarına, bütövlükdə ölkə vətəndaşlarına arxa-dayaq olduğunu təkrar-təkrar bəyan edib. Bu cür halların kökünün kəsilməsi üçün davamlı olaraq qətiyyətli tədbirlər görülüb. Bir sözlə, artıq Azərbaycanda bu qəbildən olan neqativ halların baş verməsi üçün demək olar ki, zəmin qalmayıb.

Baş verən tək-tək hallar isə dövlət tərəfindən sonadək qətiyyətlə ifşa olunmaqdadır.

İnanırıq ki, son vaxtlar dövlət orqanlarının birbaşa ölkə Prezidentinin tapşırığı və dəstəyi ilə bu istiqamətdə həyata keçirmiş olduğu qətiyyətli tədbirlər hər kəsə dərs olacaqdır. Öz fəaliyyətində dönüş yarada bilməyənlər əmin olsunlar ki, onların da qapısını tez-gec DTX əməkdaşları döyməli olacaqlar.
Qafar Cəbiyev, əməkdar jurnalist, “Qızıl qələm” müakafatı laueatı, tarix elmləri doktoru, professor //konkret.az//
Geri qayıt