Akif Çovdarovun azad olunması tərəzinin gözünü Eldar Mahmudov tərəfə “əydi” – vəkil deyir ki...

Akif Çovdarovun azad olunması tərəzinin gözünü Eldar Mahmudov tərəfə “əydi” – vəkil deyir ki... 2015-ci il oktyabrın 17-də axşam saatlarında yayılan bir xəbər ildirim sürətilə yerli və xarici mətbuatın manşetinə çevrildi. Azərbaycanın ovaxtkı Milli Təhlükəsizlik Nazirliyində xüsusi əməliyyat keçirilmiş, nazir Eldar Mahmudov işdən çıxarılmış, 20-dən artıq MTN-çi həbsə alınmışdı.

Həmin günlərdə Eldar Mahmudovun hər an həbs ediləcəyi gözlənilirdi. Məlum əməliyyatdan sonra mətbuata axan informasiya selində yer alan faktlar keçmiş MTN-də böyük bir cinayətkar dəstənin fəaliyyətdə olması, dəstəyə Eldar Mahmudovun rəhbərlik etməsi təəssüratını formalışdırırdı.

Sonrakı dönəmdə Eldar Mahmudovun istintaqa cəlb olunması gündəmdə olsa da, bu, baş vermədi. Həbsə alınan MTN-çilərin cinayət işləri ayrıca icraatlarda məhkəməyə göndərildi. Eldar Mahmudovun özünü də 1-2 dəfə istintaqa çağırıb ədəb-ərkanla yola saldılar. Onun həbs ediləcəyi ilə bağlı fikirlər artıq əvvəllər olduğu kimi, hər gün, heç hər ay da eşidilmir.

Eldar Mahmudov MTN-ə rəhbərlik etdiyi 11 il ərzində ətrafında olan generallardan Akif Çovdarov onun “vuran əli” hesab edilirdi. Təsadüfi deyil ki, MTN-dəki məlum əməliyyatdan sonra nümayişkaranə şəkildə zindana salınan da məhz Akif Çovdarov olmuşdu.

Bakı Hərbi məhkəməsi sonradan Akif Çovdarovu 12 il müddətinə azadlıqdan məhrum etdi. Həbsinin 4 ilindən bir qədər artığını məhbəsdə keçirəndən sonra Akif Çovdarov azadlığa buraxıldı. Onun əfvlə azad edilməsində yaşının nəzərə alındığı elan olunsa da, bir çoxları bunu Eldar Mahmudovun nüfuzunun nəticəsi hesab edir. Bu baxımdan Akif Çovdarovun həbsdən çıxması görəsən, Eldar Mahmudovun aqibətinə, durumuna necə təsir edə bilər?

Tanınmış vəkil Cavad Cavadov “Yeni Müsavat”a deyib hüquqi baxımdan yanaşanda Akif Çovdarovun əfvlə azadlığa çıxması onun barəsindəki hökmün öz qüvvəsini itirməsi anlamına gəlmir: “Hazırda Baş Prokurorluğun Ağır Cinayət Dair İstintaq İdarəsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının qanunsuzluqları ilə bağlı cinayət işi istintaq olunur. Yəni Akif Çovdarovun əfv olunması yeni bir əməkdaşın, elə Eldar Mahmudovun özünün istintaqa cəlb edilməsinin qarşısını almır. Təbii ki, cəlb etmə müddəti bitibsə, yalnız bu halda şəxs həbs oluna bilməz. Akif Çovdarovun əfvi cinayət işinin istintaqının dayandırılmasına, xitam olunmasına hansısa bir təsiri yoxdur”.

Vəkil “MTN işi”nin bir neçə aydan sonra 5 ilinin tamamlanacağını xatırlatdı: “Ötən dövrdə bur şəxslərin təqsirinin sübuta yetirilməsi baxımından kifayət qədər uzun müddətdir. Akif Çovdarovun azad olunması onu deməyə əsas verir ki, artıq qalmaqallı həbsləri gözləməyə dəyməz. Düşünürəm ki, cinayət işinin icraatına xitam verilməsə də, qalmaqallı, ləğv olunmuş MTN-də çalışmış yüksək rütbəlilərin qalmaqallı həbsini görməyəcəyik. Bu cinayət işi öz aktuallığını itirib”.

Cavadov deyir ki, iş üzrə keçmiş MTN əməkdaşlarına elan olunmuş ittihamalr ağır ittihamlar kateqoriyasına aiddir və belə işlər üzrə cəlbetmə müddəti 12 ildir: “Hüquqi cəhətdən qarşıdakı 7 il ərzində MTN-çilərdən kiminsə həbsi mümkündür. Faktiki isə gedişat onu deməyə əsas verir ki, belə bir həbsi gözləməyə dəyməz. Formal olaraq əfvetmə pandemiya ilə bağlı qəbul olunub. Pandemiya olmasaydı, mən inanmıram ki, Akif Çovdarov bu gün azadlıqda olardı. Bu cəhətdən bəxtləri gətirib. Eyni zamanda, hesab etmirəm ki, bundan sonra Eldar Mahmudovun barəsində cəlbetmə qərarı veriləcək. Bu istintaqın səlahiyyətlərini aşan məsələdir. Eldar Mahmudovun indiki halda qalib görünməsi də təbiidir, onun komanda üzvləri gözlənilən cəzaları almadılar, onlara verilən cəzaları isə heç biri demək olar ki, tam olaraq çəkmədi, həbsdə qalmadı. Belə olan halda komanda üzvlərinin azad edilmələrini Eldar Mahmudovun aktivinə yazılması başadüşüləndir”.
“Yeni Müsavat”
Geri qayıt