KİVDF-dən pul alan qəzetin rəhbərləri Vüqar Səfərlidən danışdılar

KİVDF-dən pul alan qəzetin rəhbərləri Vüqar Səfərlidən danışdılar Prezident İlham Əliyevin 4 apreldə imzaladığı sərəncamla Vüqar Səfərli Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru vəzifəsindən azad olunub. Prezidentin digər sərəncamı ilə Əhməd İsmayılov KİVDF-nin yeni icraçı direktoru vəzifəsinə təyinat alıb.
Mövcud təyinatlardan sonra bəzi media orqanlarında və social şəbəkələrdə KİVDF-nin keçmiş rəhbərliyinin ünvanına tənqidlər ünvanlanmağa başladı. Ardınca yeni icraçı direktor Fondun keçmiş rəhbərliyinə yaxın olan bütün əməkdaşlarını işdən çıxardı.

Deputat Vahid Əhmədov isə qurumun sabiq icraçı direktoru Vüqar Səfərlinin vaxtında haqsızlıqlara, mənimsəmələrə yol verildiyini bildirərək, KİVDF-də yoxlamaların aparılmalı olduğunu vurğuladı. Onu da əlavə etdi ki, Hesablama Palatası Milli Məclisdə hesabat verəndə Fondun yoxlanılması məsələsini mütləq gündəmə gətirəcək.

Maraqlıdır, Vüqar Səfərlinin icraçı direktor olduğu dönəmdə mütəmadi olaraq KİVDF-dən maliyyə vəsaiti almış qəzetlərin baş redaktorları mövcud ittihamları necə qiymətləndirirlər? Onların qənətincə, KİVDF-də yoxlamaların aparılmasına ehtiyac varmı və ya Vüqar Səfərliyə yönəlmiş ittihamlar nə dərəcədə əsaslıdır?

Bu suallara hər il ərzində KİVDF-dən iki dəfə maliyyə vəsaiti almış qəzetlərin baş redaktorları cavab verib.

“Novoya vremya” qəzetinin baş redaktoru Şakir Ağayev deyir ki, ittihamlara o halda münasibət bildirəcək ki, deyilən qüsurlar sübut olunsun:

“KİVDF haqqında, Vüqar Səfərli haqqında ittihamları mən də hamı kimi mətbuatdan oxumuşam. Deputat Vahid Əhmıdov təklif edib ki, KİVDF-də yoxlama olsun. Təbii ki, yeni rəhbərlik təyin olunanda təhvil-təslim işləri aparılır ki, bununla da pis və yaxşı hallar yoxlanılır, ondan sonra fikir bildirilir ki, təşkilatda hansı nöqsanlar, çatışmazlıqlar olub. Bu nöqsanları tam sübut etməmiş quruma qarşı olan ittihamlara münasibət bildirə bilmərəm. Yəqin ki, yeni rəhbərlik təhvil-təslim məsələsi zamanı mövcud qüsurlar barədə cəmiyyətə məlumat verəcək. Əgər bundan əvvəlki rəhbərlik zamanı KİVDF-də maliyyə ilə bağlı problemlər olubsa, bu barədə Hesablama Palatası yoxlama aparıb məlumat verməlidir. Müvafiq orqanların araşdırması olmasa və rəy bildirməsə, mətbuatın münasibət bildirməyi doğru olmaz. Əgər hansısa qüsurlar sübutla ortaya çıxsa, onda deyə bilərəm ki, hə bu çatışmazlıq, özbaşınalıq olub ya olmayıb”.

“Olaylar” qəzetinin və “Olaylar” informasiya agentliyinin baş redaktoru Yunus Oğuz KİVDF-də yoxlamaların aparılmasını dəstəkləyərək bildirib ki, qurumdakı nöqsanlar aradan qaldırılmalıdır:

“Vaxtında mən bu məsələlərin hamısını KİVDF rəhbərliyinə demişəm, onlara bildirmişəm ki, işlərinizi düzəldin. KİVDF prezident tərəfindən yaradılan bir orqandır və orda da yoxlamaların aparılması normaldır. Yoxlamalar olmalı və qurumun işindəki əyri-əskiklər düzəldilməlidir. Dövlətin bütün orqanlarında Hesablama Palatası yoxlama aparır, KİVDF-də də bu prosedurun aparılması tam normaldır. Təəssüflər ki, KİVDF-nin yeni rəhbərliyindən bizə sorğu gəlməyib ki, qurumun yeni iş fəaliyyəti necə olsun, hansı işlər görülsün. Ümid edirəm ki, bu təklifi qısa zamanda alarıq. KİVDF ilə indiyədək mətbu orqan olaraq işləmişik, nə tələb olunubsa, əməl etmişik. Onların fəaliyyətinin mənfi və müsbət tərəflərini zamanla özlərinə bildirmişik. Yeni rəhbərlik müzakirələr təşkil etsə, bu qaydada təklif və iradlarımızı bildirəcəyik”.

“Yeni Müsavat” qəzetinin internet resursunun (musavat.com) redaktoru Xalid Kazımlı deyir ki, aidiyyətı qurumlar vaxtında nəzarəti güclü təşkil etməlidir ki, orqanların işində pozuntu olmasın:

“Vahid Əhmədov ciddi siyasət adamıdır, onun sözünün həmişə xüsusi çəkisi olub və heç vaxt havayı söz danışmayıb. Əgər o belə deyirsə, demək, nəsə bir əsası var. Ancaq mən, prinsipcə, işdən çıxarılan adamların təqib edilməsinə, adlarının "cümlə xəyanətlərə bais" göstərilməsinə qarşıyam. Çünki kimin nə cür işləməsi, hansı neqativ hallara yol verməsi barədə lap ilk günlərdən aidiyyatı qurumlarda məlumat olur. Onlar gözləyirlər, gözləyirlər, adamlar vəzifədən götürüləndən sonra fəallaşırlar. Əvvəlcədən nəzarəti güclü etsələr, heç kimin fəaliyyətində də əyinti, pozuntu olmaz, yaxud tez aradan qaldırılar”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyir ki, o, media nümayəndəsi olaraq indiyədək KİVDF-yə ayrılan vəsaitin məbləğini bilməyib:

“KİVDF-nin Müşahidə Şurasının üzvləri mövcud ittihamlara cavab verməlidir. Mən vaxtı ilə Vüqar Səfərlərinin özünə nöqsanları, çatışmazlıqları və qəzetlər arasındakı ayrı-seçkiliyi, peşəkar kadrların dağıdılmasını və belə kollektivlərə az maliyyə ayrılması ilə bağlı narazılığımı bildirmişəm. İndi o vəzifədə deyil deyə əlavə nəsə deyə bilməyəcəm. KİVDF-də yoxlamaların aparılması normaldır, bilinməlidir ki, büdcədə olan vəsaitlər hara və nəyə xərclənib. Çünki hər şey şəffaf olmalı ədalət prinsiplərinə söykənməlidir. Biz media camiəsi olaraq dövlətin KİVDF-yə ayırdığı büdcə vəsaitinin nə qədər olduğunu indiyədək bilməmişik, çünki proses şəffaf getməyib”.
“Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev sualımıza cavab olaraq bildirib ki, KİVDF haqqqında heç bir narazılığı yoxdur və kənar adamların yoxlama haqqqında qərar verməsi düzgün deyil.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay isə bildirib ki, işdən çıxanları tənqid, gələnləri tərif etmək fikri yoxdur. Baş redaktor deyir ki, onun sözü ilə heç nə dəyişmir…Modern.az
Geri qayıt