Naxçıvanın baş sığortaçısı durduğu yerdə niyə vəfat edib? – Bir ölümün ilginc səbəbi

Naxçıvanın baş sığortaçısı durduğu yerdə niyə vəfat edib? – Bir ölümün ilginc səbəbi Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Əsgərov Hikmət Əkbər oğlunun dünən qəflətən vəfat etdiyi xəbəri yayılmışdı.

Bir insanın durduğu yerdə dünyasını dəyişməsi istər-istəməz insanlarda ölümün əsl səbəbi barədə axtarışa vadar edir.

Ovqat.com da məhz bu səbəbdən bəzi araşdırmalar aparıb və çox ilginc məlumatlar əldə edib. Sən demə, mərhumun ölümü bir növ "iş qəzası" ilə əlaqədarmış.

Əldə etdiyimiz məlumata görə, Hikmət Əsgərovun rəhbərlik etdiyi idarənin publik hüquqi şəxsə çevrilməsinə ürəyi dözməyib və o, infarkt olaraq həyatla vidalaşıb.

Məsələ burasındadır ki, Naxçıvanda bir dövlət idarəsinin publik hüquqi şəxsə çevrilməsi həm də onun bütün kadrlarının tamamilə işdən azad olunması və yeniləriylə əvəz edilməsi mənasına gəlir. Bu mənada Naxçıvan rəhbərliyinin Muxtar Respublikada apardığı bu “struktur islahatları”nın mərhum baş direktora birbaşa əlaqəsi vardı. Əslində bu Fərman onun və komandasının işdən uzaqlaşdırılmasından başqa bir şey deyildi.

Zira Muxtar Respublikanın Dövlət Baş Sığorta Agentliyinin hüquqi şəxsdən publik hüquqi şəxsə çevrilməsi idarənin işində hansısa müsbət dəyişikliyə gətirib çıxarmayacağı bəlli idi və məqsəd də heç bu deyildi. Sadəcə son zamanlar Azərbaycanda olduğu kimi Naxçıvanda da kadr dəyişikliyinin asan bir yolu tapılıb: ya vurulması nəzərdə tutulan kadrların işlədiyi müəssisənin adındakı hər hansı bir söz sinonimiylə əvəz olunur, ya da idarə hüquqi şəxsdən publik hüquqi şəxsə çevrilir. Beləcə “yeni yaradılan müəssisənin” rəhbər şəxsləri və işçiləri yenidən təyin olunurlar. Bu da o deməkdir ki, işlədiyin idarədəki kreslonu əldə saxlamaq üçün bir qədər “tərləməlisən”. Əlbəttə ki, su yox, pul.

Əldə etdiyimiz məlumatı Naxçıvan Ali Məclis sədrinin dünən imzaladığı “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin yaradılması haqqında Fərmanı” da təsdiqləyir. Fərmanın mətni Naxçıvanın rəsmi xəbər Agentliyi “Nuhçıxan”da saat 18.51-də dərc olunub. Üzərindən cəmi bir neçə saat keçməmiş – saat 21.39-də “Report” Hikmət Əsgərovun vəfat xəbərini yayıb.

Mərhumun baiskarı olan həmin Fərmanı təqdim edirik.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 22-də “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Fərmanda deyilir:
"Bu gün muxtar respublikada iqtisadiyyatın çoxşaxəli inkişafı sığorta işi sahəsində də fəaliyyətin təkmilləşdirilməsini zərurətə çevirmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin təşkilati-hüquqi formasının və strukturunun mövcud tələblərə uyğunlaşdırılması, eləcə də iqtisadiyyatının tərkib hissəsi olan sığorta sisteminin imkanlarından geniş və səmərəli istifadə edilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissənin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada sığorta fəaliyyətinin təkmilləşdirilməsi və səmərəli təşkil edilməsi məqsədilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublika Dövlət Baş Sığorta Agentliyinin əsasında publik hüquqi şəxs statuslu Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti yaradılsın.
2. “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
3. “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin strukturu” təsdiq edilsin.
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 22 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir
Geri qayıt