Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! – XALQA SEVGİ NÜMUNƏSİ

Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! – XALQA SEVGİ NÜMUNƏSİ Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva xalqımıza kronavirusla bağlı bir neçə dəfə müraciət edib.

Sonuncu müraciətində Mehriban Əliyeva vətəndaşlarımıza rəsmi dövlət adamı kimi deyil, bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət ünvanlayıb.

“Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anlayacağınıza ümid edirəm! Xahiş edirəm, bunu mütləq zərurət və vəzifəniz kimi qəbul edin – NÖVBƏTİ 20 GÜN ƏRZİNDƏ HAMI EVDƏ QALMALIDIR. AİLƏLƏRİNİZLƏ BİRLİKDƏ. XAHİŞ EDİRƏM, VACİB ZƏRURƏT OLMADAN EVLƏRİNİZİ TƏRK ETMƏYİN!”

Cəmiyyətdə birmənalı şəkildə xalqa səmimi sevgi nümunəsi kimi dəyərləndirilən bu çağırış tanınmış simalar tərəfindən də böyük rəğbətlə qarşılanıb.

Milli Məclisin deputatı Vahid Əhmədov düşünür ki, Birinci vitse-prezidentin çağırışı insanların indiki vəziyyətdə sağlamlığının qorunmasına hesablanıb:

“Çünki qaydalara riayət edilmədikcə, ətrafdakı insanlar xəstələnəcək. Ona görə də evdə qalmaq lazımdır. Hesab edirəm ki, hər kəs bu çağırışa qoşulmalı və əməl etməlidir. Mən özüm də bu çağırışa qoşuluram. Təbii ki, vətəndaşlar evdə nə üçün qaldıqlarını anlamalıdırlar. Dövlət koronavirusdan az zərərlə çıxmaq üçün addımlar atır. Biz də dövlətimizə dəstək olmalıyıq ki, az zərərlə çıxaq. İnsanlar sağlam olsalar, vəziyyətimiz daha da yaxşı olacaq. Bu çağırışı yüksək qiymətləndirirəm. Mehriban xanımın bu çağırışı ondan ibarətdir ki, evdə oturmaqla, övladlarımıza, ailə başçılarımıza kömək edə bilərik. Hesab edirəm ki, “evdə qal” kampaniyasını verilən müddətə qədər davam etdirmək lazımdır”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, məşhur ürək cərahı Rəşad Mahmudov müraciətin çox təsirli olduğunu deyib:

“Son günlərdə hər kəsin evində eyni məsələ müzakirə olunur. Dünyada çox böyük qorxu var. Bəşəriyyət çətinlik qarşısındadır. Koronavirus bəşəriyyətə qorxu və narahatlıq gətirməklə yanaşı, həm də unutduğumuz bir çox dəyərlərimizi də bizə qaytarıb. Sərhədlər bağlı olsa da dünya insanları biri-birinə bu qədər yaxın olmamışdı. Hər bir dövlət öz vətəndaşını qorumağa çalışsa da, dünya bir yerdədir. İnsanlar eyni sonluq, eyni arzu üçün dua edir.

Birinci Vitse-prezident Mehriban Əliyeva bir ana, bir nənə kimi evdən çıxmamaqla bağlı xalqımıza müraciət edib. Müraciət çox təsirlidir. Hər kəs bu müraciətin bizdə hansı hisslər buraxdığının fərqindədir. Hesab edirəm ki, Mehriban xanımın çağırışı çox vacib və əhəmiyyətlidir. Bu çağırış bizim sağlamlığımıza hesablanıb. Ona görə də “evdə qal”aq. Biz birlikdə güclüyük. Biz buna inanırıq”.

Xalq artisti, muğam ustası Mənsum İbrahimov Birinci Vitse-prezidentin səsinə səs verdiyini qeyd edib:

“Mehriban xanım bir ana, bir Azərbaycan qızı kimi xalqımıza çağırış edib. Mən də Mehriban xanımın bu çağırışına səs verirəm. Əziz xalqımız, özünüzü qoruyun! Mən də bir neçə dəfə xalqımıza “evdə qal” çağırışı etmişəm. Hamımız bu milləti sevirik və bu millətin övladlarıyıq. Xalqımızın bu bəladan az itki ilə çıxmasına çalışmalıyıq. Hər birimizin ətrafında doğmalarımız, yaşlılarımız, sevdiklərimiz var. Düşünürəm ki, zərurət olmadıqca insanlarımız çölə çıxmasınlar. Evdən çıxmaqla yaşlıları, uşaqları yoluxdura bilərlər. Ona görə də bu məsələdə hər kəs diqqətli olmalıdır. Bu vəziyyətdə bir-birimizə dəstək olmalıyıq”.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, olimpiya çempionu Fərid Mansurov Mehriban Əliyevanın çağırışına ürəklə qoşulduğunu bildirib:

“Dünyanı bürüyən koronavirus bəlası ölkəmizdən də yan keçməyib. Dövlət başçımız qabaqlayıcı tədbirlər görür. Hesab edirəm ki, biz vətəndaşlar da evdə qalmalıyıq. Bir idmançı kimi biz də evdə qalıb idman edirik. Çalışmalıyıq ki, qoyulan qaydalara əməl edək. Bu yolla dövlətimizə dəstək ola bilərik. Bu gün qaydalara nə qədər riayət etsək, virusun yayılması o qədər azalacaq. Əgər biz bu çağırışa əməl etməsək, xalq olaraq bizim üçün yaxşı olmaz. Birinci vitse-prezident Mehriban Əliyevanın evdə qalmaqla bağlı çağırışına ürəklə qoşuluram və hər kəsi bu çağırışa əməl etməyə çağırıram. Bəlkə də bu bir fürsətdir ki, biz doğmalarımızla, əzizlərimizlə daha çox vaxt keçirə bilək. Bu günlərdə uşaqlarımızın necə böyüməsini, həyat yoldaşımızın mətbəxdə gördüyü işləri, eləcə də digər məqamları görə bilirik. Ən azından bu günlərdə evimizdə qalaq və doğmalarımızla vaxt keçirək. Bu virusun məhv olması üçün dövlətimizə dəstək olaq”.
Geri qayıt