Həbsdəki polkovnik İrandan gələn milyonlardan danışdı - ŞOK AÇIQLAMALAR

Həbsdəki polkovnik İrandan gələn milyonlardan danışdı - ŞOK AÇIQLAMALAR Daha bir MTN zabitinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu dəfə hakim qarşısına ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərov çıxarılıb.
Polkovnik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul almaqda təqsirləndirilir.
Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Vidadi Əzizov təqsirləndirilən şəxsə qarşı mülki idda qaldırıb. Hakim həmin mülki iddianın icraata götürüldüyünü və məhkəmə istintaqı zamanı araşdırılacağını bildirib.
Daha sonra polkovnik Mirəziz Əsgərovun vəkili Fazil Nəhmətov vəsatətlə çıxış edib. O, bildirib ki, istintaq zamanı müstəntiq faktları saxtalaşdırıb, Mirəziz Əsgərovun xeyrinə olan sübutlara qanunsuz olaraq xitam verib.
Vəkil onu da deyib ki, zərərçəkmiş Vidadi Əzizovun polkovnikə verdiyi deyilən pulları haradan əldə etməsi istintaq zamanı müəyyən edilməyib.
“Zərərçəkmiş şəxs barəsində ayrıca iş açılıb. Amma həmin işlə bağlı istintaq ayrılıb. Müstəntiq bu faktları müəyyən etmədən Mirəziz Əsgərovun işini məhkəməyə göndərib” - deyən vəkil işin yenidən prokurorluğa qaytarılmasını xahiş edib.
Polkovnik Mirəziz Əsgərov da vəsatətin təmin edilməsini və vəkilinin çıxışını müdafiə etdiyini deyib: “Sübutların qiymətləndirilməsini vəkilim geniş əsaslandırıb. Vidadi Əzizov həmin dövrdə saxlanılıb, sonra sərbəst buraxılıb. Mənə də Vidadi Əzizovun izahatı əsasında ittiham verilib. İstintaq orqanı burada mənə qarşı qərəzli olub. İstintaqçıları başa düşürəm, həmin dövrdə ictimaiyyətin MTN işləri ilə bağlı güclü basqıları var idi. Təzyiq nəticəsində heç bir araşdırma aparılmadan mənə qarşı belə nəticəyə gəliblər. Vəsatətin qəbul edilməsini istəyirəm”.
Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini istəyib. Prosesin davamında məhkəmə istintaqının başlandığı elan edilib və dövlət ittihamçəsı ittiham aktını elan edib. Sabiq şöbə rəisi Mirəziz Əsgərov ona qarşı irəli sürülən ittihamlarla razılaşmayıb.
Mirəziz Əsgərov bildirib ki, 1992-ci ildə MTN-də xidmətə başlayıb, 2002-ci ildən rəhbər vəzifələr tutub: “Bu müddətdə qüsursuz xidmət etmişəm, qanunsuzluğa yol verməmişəm. Dəfələrlə xidmətimə görə rəhbərlik tərəfindən mükafatlandırılmışam".
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2012-ci ilin fevral ayında Vidadi adlı şəxsin xarici ölkə vətəndaşları ilə danışması, onlarla cəsusluq əlaqəsi qurması barədə əməliyyat siqnalı daxil olub.
Polkovnik bildirib ki, ondan şikayətçi olan şəxsin xaricdə olan şəxslərlə hərbi texnika və digər məsələlər ətrafında danışıqlar aparması müəyyən edilib: “Bu məlumatı yerində təhlil etdik və dərhal əməliyyat tədbirləri keçirdik. Həmin il ölkəmizdə böyük beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulurdu. Bu tədbirin pozulması üçün maraqlı ölkələr var idi. Biz də bu əks tədbirlərin qarşısını almaq üçün mühim əməliyyat tədbirləri görürdük. Həmin dövrdə Vidadi Əzizovun xarici ölkə vətəndaşı ilə əlaqəsi üzə çıxmışdı. Onun telefon danışıqlarının dinlənilməsi üçün Baş Prokurorluğa müraciət etdik. Baş prokurorun müavini Rüstəm Usubovun imzası ilə məhkəməyə təqdimat verildi və Əzizovun telefonunun dinlənilməsi haqda qərar qəbul edildi. Bundan sonra agentura-əməliyyat tədbirləri həyata keçirildi. Həmin vaxtda da məlum Quba və İsmayıllı hadisələri olmuşdu. Vidadi Əzizovun Moskvada olan bir nəfərlə telefon danışığında müəyyən etdik ki, bu hadisələrin miqyasını ölkədə genişləndirmək, Bakı və ətraf rayonlarda da törədilməsi üçün külli miqdarda pul göndəriləcək. Bu haqda MTN rəhbərliyinə məlumat verdik, Vidadi Əzizov tam nəzarətdə saxlanıldı. Bu əməliyyatlara MTN-in 4 strukturu nəzarət edirdi. Mənim burada hər hansı səlahiyyətli şəxs olmağım mümkün deyildi. Çünki 4 strukturun keçirdiyi əməliyyata ya MTN rəhbəri, ya da onun müavinlərindən biri nəzarət edirdi”.
MTN polkovniki deyib ki, telefon danışıqlarını dinləyən zaman müəyyən ediblər ki, Vidadi Əzizov “Zaminbank”dan 9447 manat pul çıxaracaq: “Bundan başqa müəyyən etmişdik ki, orada ona qarşı quldurluq olacaq. Bu quldurluğun qarşısını almaq üçün Vidadi Əzizovun həbs olunmasını qərara aldıq. Mən və işçim Rəşad Əhmədov bankın “Nərimanov” filialının qarşısına gedən zaman bizə “geri çəkil, əməliyyatı xüsusi təyinatlılar keçirəcək” komandası verildi. Mən bunun səbəbini öyrənmək üçün idarə rəisi Aydın Manafovla əlaqə saxladım. O da xüsusi təyinatlıların əməliyyat keçirdiyini təsdiqlədi. Biz filialın qarşısında olanda onlar artıq əməliyyatı keçirmişdi, Vidadi Əzizovu həbs etmişdilər. Əzizovun həyat yoldaşı da orada olub. Həyat yoldaşını MTN-ə aparmaq üçün maşın olmadığından idarə rəisi ilə əlaqə saxladım, bildirdim ki, qadının izahatını almışıq, kimliyini müəyyən etmişik, lazım olsa, MTN-ə dəvət edib dindirə bilərik. İdarə rəisi razılaşdı, bundan sonra qadın sərbəst buraxıldı”.

İfadəsinin davamında MTN polkovniki bildirib ki, Vidadi Əzizovu xüsusi təyinatlıların müşayiəti ilə MTN-ə gətiriblər: “MTN-də xüsusi təyinatlıların əlində olan selofan torba Aydın Manafovun otağına qoyuldu. Vidadi Əzizov isə mənim xidməti otağımda sorğu-sual edildi. Sorğu-sualdan sonra Aydın Manafov mənə dedi ki, MTN rəhbərinin göstərişi var, Vidadi Əzizovun sərbəst buraxılması üçün sənədləri hazırlayım. Torbanı da mənə verdi ki, Vidadi Əzizovun özünə qaytarım. Mən həmin vaxt torbaya baxmamışam, içində də nə olduğunu bilməmişəm.
Bundan əlavə Vidadi Əzizovun bir beynəlxalq şəbəkəyə qoşulub, 550 milyonluq sənədə imza atdığı barədə məlumat daxil olmuşdu. Həmin vəsait Moskvadan keçirilib, İrana aparılmalıydı. Həmin dövrdə İran blokada vəziyyətində idi. Bu vəsait İranda müəyyən adamlara lazım idi. Bu işin icraçılarından bir nəfər İranda həbs olunaraq edam edilib, bir nəfər isə Türkiyə vətəndaşı Amerikada həbs olunub. Bu məsələləri mən qapalı məhkəmədə geniş danışacam”.
Həbsdə olan MTN zabiti deyib ki, zərərçəkmiş Vidadi Əzizovun sahibkarlıq fəaliyyətilə məşğul olmasını təsdiqləyən heç bir sübut yoxdur. Ondan hədə-qorxu yolu ilə 40 min manat almağı haqda ittihamlar yalandır.
Bundan sonra dövlət ittihamçısı polkovnikə suallar verərək soruşub: “Vidadi Əzizov dövlətə xəyanət etmişdisə, onu niyə buraxırdınız?
Polkovnikin cavabı belə olub: “Vidadi Əzizov vaxtından əvvəl saxlanılmışdı. Ona dövlətə xəyanət ittihamı verilməli idi. Bu da ağır ittihamdır. Adətən dövlətə xəyanətdə suçlanan şəxsi dərhal həbs eləmirdik, bir xeyli müddət araşdırma aparırdıq. Onların arasında islah olunanlar olurdu, belələrini həbs etmirdik. Əksinə, onları əməkdaşlığa cəlb edirdik. Bu adamları casusluğa cəlb edənlərə qarşı elə onların özləri vasitəsilə mübarizə aparırdıq. Həkimləri, müəllimləri bu işə cəlb edə bilməzdik ki...”
Növbəti məhkəmə prosesi aprelin 28-də davam edəcək və polkovnik sualları cavablandıracaq.
Xatırladaq ki, ittihama görə, Mirəziz Əsgərov Vidadi Əzizovu İran və digər dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandıraraq həbs edib. Ondan hədə-qorxu yolu ilə 500 min manat alıb. Bundan sonra Vidadi Əzizov sərbəst buraxılıb. Daha sonra Əsgərov Əzizovun sahibkarlıq fəaliyyətinə mane olmamaq üçün 100 min dollar tələb, amma son nəticədə 40 min manat alıb.
Geri qayıt