Azay Quliyevin “vətəndaşsız cəmiyyəti” — QHT sektoru koronavirusdan niyə “gizlənir?”

Azay Quliyevin “vətəndaşsız cəmiyyəti” — QHT sektoru koronavirusdan niyə “gizlənir?” Adından da göründüyü kimi, vətəndaş cəmiyyəti hər bir cəmiyyətin bel sütunudur. QHT sektorunu özündə birləşdirən vətəndaş cəmiyyəti dövlət və cəmiyyət münasibətlərinin qurulması, ümumilli məsələlərdə həmrəyliyin yaradılması, vətəndaşların milli və dövlət maraqları ətrafında cəmləşdirilməsi missiyasını yerinə yetirir. Hərçənd ki, Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətini təsnif edəndə böyük bir sual işarəsi ilə qarşılaşırıq.

Demokrat.Az bildirir ki, ölkədə dövlət vətəndaş cəmiyyətinin formalaşması, inkişafı istiqamətində bir sıra ciddi dəstək addımları atır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması, hər il dövlət büdcəsindən bu Şuraya milyonlarla vəsaitin ayrılması bunun əyani nümunəsidir. Lakin yenə yuxarıdakı böyük suala qayıdaraq, mövcud vəziyyətdə Şuranın fəaliyyətinə baxırıq. Dövlət dəstəyi var, maliyyə var, amma...

Məsələnin “əmması” da məhz buradan boylanır: ortada nəzərəçarpacaq fəaliyyət görünmür. Ya Şura öz missiyasına adekvat fəaliyyət göstərmir, ya da rəhbərlik, yəni bu gün QHT Şurasına sədrlik edən Milli Məclisin deputatı Azay Quliyev yerində deyil. Şairin dediyi kimi, “Gərəksiz oluruq biz, səhv düşəndə yerimiz...”.

Şura rəhbərliyinin gərəksiz fəaliyyəti, yerində olmadığı bu gün dünyanın bəlasına çevrilən koronavirusla mübarizədə aydın şəkildə görünür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirusla ciddi mübarizə tədbirləri aparılır. Vətəndaşların sağlamlığının qorunmasına hesablanmış bu mübarizə izolyasiya tədbirlərindən tutmuş cəmiyyətin həmrəyliyinin təmin edilməsinə qədər olduqca genişçaplıdır. Dövlət başçısının Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması bu mübarizədə ən mühüm addımlardandır. Çünki bu, təkcə virusla mübarizədə ianələrin toplanması, dövlətin xalq üçün, ölkə üçün həyata keçirdiyi işə dəstək yox, həm də ümumi həmrəyliyin yaradılması, bu bəşəri bəlaya qarşı cəmiyyətin birləşməsi deməkdir. Bəs, Azay Quliyev hanı? Onun rəhbərlik etdiyi QHT-lərdən niyə səs gəlmir? QHT Şurası bu prosesdə necə yer alır, ümumiyyətlə alırmı?

Cavablar mənfidir: Azay Quliyev yerində deyil, QHT-lər növbəti qrant müsabiqəsinə qədər “evlərinə dağılışıblar”, QHT Şurası isə ümumiyyətlə gözə dəymir.

Söhbət təkcə QHT Şurası və Şuranın ətrafında cəmləşmiş QHT-lərin Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə dəstəyi verməsindən getmir, hərçənd, rəsmi siyahıda nə Azay Quliyevin, nə də onun rəhbərlik etdiyi Şuranın adı yer almır. Çünki belə görünür ki, onlar bu ümummilli prosesə laqeyddirlər. Məsələ həm də QHT Şurasının, ümumilikdə vətəndaş cəmiyyətinin bu kritik məqamda oynamalı olduğu rol, üzərlərinə düşən missiyasıdır.

Cəmiyyətin həmrəyliyi - vətəndaş cəmiyyətinin əsas missiyası budur. QHT-lərin virusla mübarizəyə maddi dəstək verməmələrini bir kənara qoyuruq, lakin yenə vurğualamaq zərurəti var ki, necə olur, dövlətin ayırdığı qrantların bölüşdürülməsi gələndə dava aparırlar, amma müzakirə mövzusu dövlətin maraqları olanda ağızlarına su alıb otururlar?!

Bəs, virusla mübarizəyə mənəvi dəstək necə olsun? Axı vətəndaş cəmiyyəti vətəndaşların həmrəyliyini yaratmalı, ümummilli məsələdə cəmiyyətlə dövlət arasında təmas qurmalı və insanları ümumi amal uğrunda birləşdirməlidir. Mövcud mənzərə acınacaqlıdır, nə Azay Quliyev, nə onun rəhbərlik etdiyi Şura, nə də Şuranın (əslində qrantın) ətrafında “bardaş qurub oturan” QHT-lərin fəaliyyəti gözə dəymir. Bu gün sanki ölkədə "QHT-lər fəaliyyət göstərmir" görüntüsü var.

Bu, birinci dəfə deyil. Xatırlayırsınızsa, xaricdə Azərbaycan dövləti və onun rəhbərliyinə qarşı söyüş kampaniyası aparılanda da vətəndaş cəmiyyəti – QHT sektoru qapılarını qıfıllayıb, gizlənmişdilər.
İndi də eyni vəziyyətdir. Görünən odur ki, Azərbaycanda vətəndaş cəmiyyəti – QHT sektoru yalnız qrant müsabiqələri olanda ortaya çıxırlar, ümumilli məsələ olanda isə qaranlıq zirzəmilərinə çəkilirlər.

Görünür, ölkə başçısının həyata keçirdiyi islahatların yeni dalğası fonunda bu sahəyə də "əl gəzdirməyin" zamanı çatıb. Yəni, hesab-kitab günü gələndə cənab Azay Quliyevdən də indiyədək ayrılan milyonların müqabilində gördüyü işlərin hesabatı istəniləcək. Necə ki, biz bunu digər sahələrdə müşahidə edirik...
Geri qayıt