İqtidarın imicinə zərbə vuran icra başçıları yola salınacaq - Kimlər gedəcək?

İqtidarın imicinə zərbə vuran icra başçıları yola salınacaq - Kimlər gedəcək? Bir çox icra başçıları gündəmə yerli əhalinin şikayətləri, narazılığı ilə gəlir.

Şikayətlərin çoxluğu həmin rayon rəhbərlərinin Prezidentin tövsiyə və tapşırıqlarına əməl etmədiyini göstərir. Ölkə başçısı İlham Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi qəbul edən zaman icra başçılarının qanunsuz əməllərinə toxunub.

“Mən bütün yerli icra orqanlarının nümayəndələrinə xəbərdarlıq etmişdim. İndi isə onların bir neçəsi məsuliyyətə cəlb edildi. Keçirilmiş xüsusi əməliyyatlar nəticəsində onların cinayətləri tam sübuta yetirildi. Əlbəttə ki, indi istintaq gedir, məhkəmə prosesi olacaqdır, ancaq videogörüntülər hər şeyi açıq-aydın göstərir. Bu biabırçı kadrlar, biabırçı davranış bizim üçün böyük ləkədir. Mən bu adamlara etibar etmişəm. Mən bu adamları vəzifəyə təyin etmişəm və vəzifəyə təyin edilərkən bir çox tapşırıqlar, tövsiyələr vermişəm. Onların arasında ən vacibi o idi ki, get təmiz işlə, rüşvət alma, vətəndaşlara kobudluq göstərmə, təkəbbürlü olma, vətəndaşlara dayaq ol, arxa ol, kəndləri gəz, bütün vətəndaşlarla ünsiyyətdə ol. Amma nəyi görürük? Onu görürük ki, bütün bu tapşırıqlara rəğmən, bəzi yaramaz icra başçıları həm özlərini, həm bizim iqtidarımızı biabır ediblər. Onların alçaq hərəkətləri ümumi qınaq obyektinə çevrilib”,-deyə Prezident vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl Ağstafa və Nefçala, o cümlədən Yevlax rayonunun keçmiş icra başçısı qanunsuz əməllərinə görə həbs olunub. Şikayətlərin çox olduğu rayonlarla bağlı məqamlar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilən “Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” başlıqlı məqaləsində də əksini tapıb. Məqalədə Xətai, Yasamal, Yevlax, Ağdam, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Gədəbəy, İmişli, Laçın, Neftçala, Salyan, Şamaxı, Şəmkir, Zərdabdan şikayətlərin olduğu vurğulanıb. Prezidentin çıxışında əsas diqqətçəkən məqamlardan biri də "Bəzi yaramaz icra başçıları bizim iqtidarımızı biabır ediblər" fikri idi.

Beləliklə, yüksək vəzifəyə təyinat alan bəzi şəxslərin xalqa xidmət etməməklə iqtidara da zərbə vurmaq niyyəti ortadadır. Dövlət başçısının çıxışında bu məqamı xüsusi vurğulaması qanunsuz əməl sahiblərinə xəbərdarlıq kimi də dəyərləndirilə bilər. Görünən odur ki, belə əməl sahibləri olan icra başçıları da vəzifəsiz qalacaq.

AĞ Partiya başqanı Tural Abbaslı Cebhe.info-ya açıqlamasında bildirib ki, Prezidentin son çıxışlarında daha çox iqtidar daxilinə yönələn tənqidlər eşidilir:

“Əslində, bu, bizim müxalifət olaraq illərdir dediyimiz çatışmazlıqlardır. Hələ Ağstafa İcra Hakimiyyətinin başçısı və 1-ci müavini həbs ediləndə mən qeyd etmişdim ki, icra başçıları rüşvətə və korrupsiyaya bulaşıb. Odur ki, onların mütləq əksəriyyəti işdən azad olunmalı, cinayət işi açılmalı və onların əvəzinə daha potensiallı, rüşvətə bulaşmamış, bacarıqlı və vətənpərvər kadrlar gətirilməlidir. Həmçinin siyasi idarəetmə fəlsəfəsi, təfəkkürü dəyişməlidir. Çünki həbs və ya işdən azad etmə digərlərinə dərs olmur. Necə ki, Ağstafanın icra başçısının həbsindən sonra belə, Neftçalanın başçısı rüşvət və talana davam edirdi”.
Geri qayıt