Bir metro jetonu ilə reklam olunmaq istəyən Şirzad Abdullayev postunu belə itirdi... - GƏLİŞMƏ

Bir metro jetonu ilə reklam olunmaq istəyən Şirzad Abdullayev postunu belə itirdi... - GƏLİŞMƏ İqtisadiyyat Nazirliyində kadr dəyişikliyi olub. Şirzad Abdullayev vəzifəsindən azad edilib. Bu barədə martın 12-də prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, iqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ş.Abdullayev 2018-ci ilin iyun ayında nazir müavini təyin olunub.

“Yeni Müsavat” bildirir ki, Ş.Abdullayev 1970-ci ildə Ağdaş rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə, Bakı Dövlət Universitetini hüquqşunas ixtisası üzrə bitirib. Almaniya Federativ Respublikasında Berlin İqtisadiyyat Məktəbi və Almaniya Tətbiqi Elmlər İnstitutunda əlavə təhsil alıb. Ş.Abdullayev uzun müddət bank sistemində işləyib. 2003-2008-ci illərdə Mərkəzi Bankın Bank nəzarətinin hüquqi təminatı şöbəsinin rəisi, 2008-ci ildən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru olub.

Prezidentin 2018-ci il 31 may tarixli sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib. İqtisadi elmləri doktoru, monoqrafiyaların, dərs vəsaitlərinin müəllifi, Azərbaycan Dövlət İqtisad Universitetinin professorudur. Prezidentin müvafiq sərəncamları ilə “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalları ilə təltif edilib.

Ş.Abdullayev mediaya Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru işlədiyi dövdən tanışdır. Onun haqqında internet resurslarında onlarla tənqidi və ittiham dolu iddialar yer alıb. Bildirilirdi ki, Şirzad Abdullayev büdcə vəsaitləri hesabına özünə yaxın olan şəxslərin şirkətlərinə böyük məbləğdə güzəştli kreditlər verib. Sonrakı araşdırmalar zamanı məlum olub ki, bu kreditlər heç də təyinatı üzrə xərclənməyib.

İddia olunurdu ki, Şirzad Abdullayevin vaxtilə rəhbərlik etdiyi qurumda sahibkarların kreditə götürmək istədiyi məbləğin 15 faizini “zəhmət haqqı” kimi tələb ediblər. Bu şərtlə razılaşmayan sahibkar isə kredit götürməkdən məhrum edilib. Müxtəlif bəhanələrlə onun fəaliyyətinə maneə yaradılıb.

Bu fond tərəfindən kreditlərin ayrılmasında ciddi korrupsiya hallarına yol verilməsi və kreditlərin əksər hallarda təyinatı üzrə xərclənmədiyi barədə çoxsaylı şikayətlər də olub.

Görünür, həm də bu kimi şikayətlər səbəbindən dövlət başçısı 2018-ci ilin avqust ayının 1-də Sahibkarlığa Kömək Milli Fondunun ləğv edilməsinə dair fərman imzaladı. İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edildi.

Məlumat üçün deyək ki, Sahibkarlığa Kömək Milli Fondu 1992-ci ildə yaradılmasına baxmayaraq, aktiv fəaliyyətə 2002-ci ildən başlamışdır.

Sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrinin yaradılması, ixrac əməliyyatlarının maliyyələşdirilməsi, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə dövlət başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək, İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilmişdir.

Bugünlərdə isə saytlardan biri də dünəndən sabiq hesab edilən nazir müavini Şirzad Abdullayevin ictimai nəqliyyatdan istifadə etməsi barədə xəbər yaymışdı. Məlumatda deyilirdi ki, o, həftənin iki günü metrodan istifadəyə üstünlük verir.

Yada salaq ki, ötən ilin noyabrında İlham Əliyev İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. Yeni supernazirliyə isə Mikayıl Cabbarov təyin edilib, Şahin Mustafayev baş nazirin müavini olub.
Geri qayıt