İcra başçısından Prezidentə şikayət OLUNDU

İcra başçısından Prezidentə şikayət OLUNDU "Conflict.az” saytının Baş redaktoru Bakir Həsənbəyli ölkə Prezidenti cənab İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir:
Cənab Prezident!
Yaşadığım Xətai rayonu, Cavanşir küçəsində, mənzilimin qarşısında ikimərtəbəli, birinci mərtəbəsi avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən obyektdən gələn səs-küy illərdir ki, normal və sakit yaşayışıma ciddi mane olur. Sizin 8 saatlıq iş günü göstərişinizin əksinə olaraq, gün ərzində 17-18, bəzən isə hətta 24 saat fəaliyyət göstərən bu obyektdən gələn yüksək təzyiqli suyun səsindən narahatlığımla bağlı dəfələrlə Xətai rayon polis İdarəsinə, Bakı şəhər Baş Polis İdarəsinə, DİN-in “102” xidmətinə tərəfimdən məlumat verilsə də, polis yalnız öz səlahiyyətləri çərçivəsində məsələyə münasibət bildirib. Onu da qeyd edim ki, həmin münasibətlər avtoyuma məntəqəsinin fəaliyyətinə hər hansı təsir etməyib. Çünki bu günə qədər həmin avtoyuma məntəqəsi mənə psixoloji işgəncə verməklə öz işini davam etdirir.
Cənar Prezident!
Məsələ ilə əlaqədar 26.02.2020-ci il tarixdə Sizin yeni təyin etdiyiniz və qarşısına vətəndaşa xidmət etmək kimi böyük vəzifə qoyduğunuz Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevə poçt vasitəsilə rəsmi müraciət etmişəm. Onu da xatırladım ki, həmin obyektin bağlanması və ya təyinatının dəyişdirilməsi ilə bağlı hələ ötən il hüquq-mühafizə orqanlarına dəfələrlə tərəfimdən müraciətlər olub. Ərizələrimdən birinə cavab olaraq BŞBPİ-nin, İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurullah Məmmədxanlının imzası ilə 29.08.2019-cu il tarixli, № 044-7736-3219 nömrəli məktubda qeyd edilirdi ki, həmin obyektin təyinatının dəyişdirilməsi üçün BŞİH-nin Ticarət və Xidmət Departamentinə və Xətai rayon İH-nə təqdimatlar göndərilib. Həmin vaxt Rafiq Quliyev Xətai RİH başçısının I müavini idi. Eyni zamanda başçının vəzifəsini müvəqqəti icra edirdi. Lakin R.Quliyev nə o vaxt, nə də indi müraciətimə cavab verməyi özünə rəva görmür.
Cənab Prezident!
Həmin obyektin icarədarı Şükürov Mikayıl Bakir oğlu dəfələrlə mənə bildirib ki, OBYEKTİN SAHİBİ XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI RAFİQ QULİYEVDİR. Lakin obyekt bilərəkdən başqa adamın adına rəsmiləşdirilib. Mən bu faktı Rafiq Quliyevə ünvanladığım 26.02.2020-ci il tarixli ərizəmdə də qeyd etmişəm. Və ərizəmdə Rafiq Quliyevə obyektin hansı istiqamətdə təyinatının dəyişdirilməsi ilə bağlı təklifdə vermişəm.
Sonuncu dəfə 06.03.2020-ci il tarixdə BŞBPİ-yə şikayətimlə bağlı dəvət olunarkən polis zabitlərindən biri mənə bildirdi ki, İntiqam adlı şəxs mənim müraciətimə baxılmasına təsir göstərmək üçün həmin zabitə telefon açıb. Xatırladım ki, İNTİQAM XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI RAFİQ QULİYEVİN BİZNESİNƏ RƏHBƏRLİK EDƏN ŞƏXSDİR. Bu informasiyanı da həmin obyektin icarədarı Şükürov Mikayıl Bakir oğlu mənə verib.
Cənab Prezident!
Hal-hazırda 5 nəfərlik ailə üzvimlə yaşadığım ikiotaqlı mənzilimdən başqa yaşayış yerim yoxdur. Əks halda mənzilimi dərhal tərk edərdim. Çünki bu ölkədə hələ ki, XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI RAFİQ QULİYEVƏ DUR DEYƏN YOXDUR. Və məndə bu şəraitdə yaşaya bilmirəm. Mərhum Prezident Heydər Əliyev deyirdi ki: “Böyük siyasəti kiçik hissələrə, xırda mənfəətlərə bağlamaq olmaz.” Çöx təəssüf ki, hələ də xırda mənfətləri güdən məmurlar var Azərbaycanda.
Cənab Prezident!
Xahiş edirəm Azərbaycan Respublikası Konstitusiyasının mənə verdiyi imkanlar çərçivəsində sakit yaşamağımın təmin olunması, eyni zamanda Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevə məxsus olduğu deyilən həmin obyektin təcili bağlanması və ya təyinatının dəyişdirilməsi ilə bağlı müvafiq qurumlara tapşırıq verəsiniz. //conflict.az//
Geri qayıt