Komitə sədrinin Ağdam görüşündə nə baş verib?

Komitə sədrinin Ağdam görüşündə nə baş verib? Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Ağdamda vətəndaşları qəbul edib
Vətəndaşlar əsasən boşanma zamanı yaranan problemlərdən, məşğulluq, qadın hüquqlarının pozulması, ailələrin sağlamlıq problemləri və digər məsələlərlə bağlı müraciət ediblər.
Bəzilərinin problemi elə yerindəcə öz həllini tapıb. Komitəyə aid olmayan məsələlərin isə digər qurumlara çatdırılması üçün qeydə alınıb.
Bu haqda yayılan rəsmi məlumatda bildirilib. Hicran Hüseynovaya Ağdamdan əlavə olaraq Ağcabədi, Bərdə, Tərtər, Xocavənd, Xocalı, Goranboy, Füzuli, Laçın rayon sakinləri də müraciət edib.
Məlumata görə, görüş formal xarakter daşıyıb. Komitə sədri Ağdamda müxtəlif təşkilatlarda olan vəzifə daşıyan xanımlarla görüş keçirib.
Bu da narazılıq yaradıb. Ağdamda şəhid ailələri, adi vətəndaşlarla görüş keçirməli olan H.Hüseynova rəsmi şəxslərlə şəkil çəkdirib rayonu tərk edib.
Komitə rəhbəri maraqlanmayıb ki, Ağdamda ailələrin, qadın və uşaqların əsl problemləri nədən ibarətdir.
Bir müddət əvvəl adı uşaq oğurluğuna qarışmış H.Hüseynova 170 minlik rüşvət skandalı ilə də medianın diqqət mərkəzinə gəlmişdi. Hər iki ittihamların təfsilatını yazmağa ehtiyac yoxdur, elektron mediada kifayət qədər məlumatlar var.
Məlumata görə, H.Hüseynovanın Ağdam görüşündə iştirak edənlər ümumi çıxışları dinləməyə gələnlər olub.
Komitə sədri ölkədəki inkişafdan, uğurlardan danışıb. Qəbulda əsl problemi olan vətəndaşlar iştirak edə bilməyiblər. Aralarında büdcə təşkilatlarının rəhbərləri tərəfindən “qadınlara aid tədbir” üçün dəvət edilənlər də olub.
Ad-soyadlarını və yaşayış yerlərini deməkdən çəkinən belələri «heç özümüz də bilmirik bizi bura niyə gətiriblər» deyirmişlər. Oxşar hadisə bir neçə il qabaq Şirvanda da yaşanıb.
Qəbula düşmək istəyənlərin qarşısında belə bir şərt qoyulmuşdu ki, komitə rəhbərinin adına ərizə yazılmalı və problemləri həmin müraciətdə əks olunmalıdır.
«Bunu əvvəldən deyəydiniz», yaxud «ərizə yazacaqdıqsa, daha qəbula niyə gəlirdik, onu poçtla göndərərdik də» deyə, narazılıq edənlər olub.
Geri qayıt