"Lady Sharm" mağazalarının fəaliyyəti ilə bağlı ilginc məqamlar - 6 milyonluq vergidən yayınmanın TƏFƏRRÜATI

"Lady Sharm" mağazalarının fəaliyyəti ilə bağlı ilginc məqamlar - 6 milyonluq vergidən yayınmanın TƏFƏRRÜATI "Lady Sharm” mağazalar şəbəkəsinin vəzifəli şəxsləri növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Elnur İsmayılov, Ziyarət Abbasov və Səməd İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmənin baxış iclasında məlum olub ki, bu iş üzrə yeganə zərərçəkmiş şəxs Cəmilə Məmmədovadır. O da məhkəmə iclasında iştirak edib.

Prosesdə təqsirləndirilən Ziyarət Abbasovun vəkili növbəti dəfə vəsatət verərək müdafiə etdiyi şəxsin ev dustaqlığında buraxılmasını istəyib. Müdafiəçi deyib ki, Ziyafət Abbasovun həbsdə olması qanunsuzdur. Məhkəmə müşavirədən sonra vəsatətin təmin edilməməsi ilə bağlı qərarı elan edib. Prosesin davamında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda göstərilir ki, onlar ayrı-ayrı firmaların əmtəə nişanından istifadə ediblər. Aşağı və orta keyfiyyətli, sex şəraitində hazırlanmış malları müxtəlif brend mallar adı altında satıblar. Rəsmi ittihamda yazılır ki, "Lady Sharm" MMC-yə daxil olan mağazalar şəbəkəsinin direktoru Elnur İsmayılov olub. Onun rəhbərliyi ilə mallar Sədərək Ticarət Mərkəzindəki anbarda yığılıb. Mallara saxta etikletlər vuraraq MMC-yə məxsus paytaxtın müxtəlif ünvanlarında yerləşən mağazalarında satışa çıxarıblar. İttihamda göstərilir ki, təqsirləndirilən şəxslər bu əməlləri ilə 6 milyon manatdan artıq vergi büdcədən yayındırılıb. Bu iş üzrə zərərçəkmiş şəxs olan Cəmilə Məmmədovaya isə 1046 manat zərər dəydiyi elan edilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 197-ci (əmtəə nişanlarından qanunsuz istifadə etmə), 178 (dələduzluq), 213-cü (vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri ikə ittiham irəli sürülüb. Elan olunmuş ittihamla təqsirləndirilən şəxslərdən heç biri özünü təqsirli bilməyib.

Məhkəmə iclasının davamında zərərçəkmiş Cəmilə Məmmədova ifadə verib. O deyib ki, "Lady Sharm" mağazalar şəbəkəsinin "Memar Əcəmi" metrostansiyasının yaxınlığındakı filialında bir neçə mal alıb. O, mağazaya 1046 manat ödəyib.

Cəmil Məmmədova söyləyib ki, evə qayıtdıqdan sonra aldığı malların üzərində iki etiket görüb. Etiketlərdən birində malın Türkiyə, birində isə İtalya istehsalı olduğu yazıldığını görüb. "Mən aldadıldığımı bildim və buna görə də şikayət etdim" - deyə zərərçəkmiş bildirib.

Təqsirləndirilən şəxslərin vəkilləri Cəmilə Məmmədovadan Nizami rayonunda yaşadığı halda, "Memar Əcəmi" metrostansiyasının yaxınlığında xeyli sayda mal almasının və narazı qaldığı halda yaşadığı ərazi üzrə polis idarəsinə yox, məhz Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə müraciət edib? Cəmilə Məmmədova endirim olduğu üçün həmin mağazaya getdiyini deyib.

Hakim Cəmilə Məmmədovanın Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə müraciət etməsinin onun hüququ olduğunu deyib və sualın bi hissəsinin çıxarıldığını bildirib.

Hakim təqsirləndirilənlərdən Səməd İsmayılova ifadə verməyi təklif edib. O, deyib ki, şirkət ailə şirkətləri olub və halal iş görüblər: "Halal biznesimiz, işimiz olub. Amma təəssüf ki, belə bir ittihamla saxlanıldıq. Bizim anbardan bəzi brendlərin etiketlərinin çıxmasına aydınlıq gətirmək istəyirəm. Qeyd edim ki, biz daha əvvəl həmin brend markaların mallarını satmışıq. Həmin ərəfədə etiketləri gətirmişdik ki, malların üzərindən etiketi qopan, keyfiyyəti itənləri dəyişək. O zamandan da həmin etiketlər orada qalıb. Bu işdə hamısını gətirib ortaya qoydular ki, guya onları malların üstünə vurmuşuq. Halbuki mağazaların heç birindən həmin etikletlər olan mallar çıxmadı. Bizə istintaq zamanı məlum oldu ki, bu işdə zərərçəkmiş xanım bizdən mal almamışdan əvvəl Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları bizi izləyib".

Suallara cavab verən Səməd İsmayılov söyləyib ki, mağazalara işçi qəbuluna, işçilərə maaş verilməsinə özü nəzarət edib. O qeyd edib ki, mağazalardakı gündəlik gəliri özü yığıb.

Prokurorun "qazanc konkret olaraq kimdə olurdu və gəlir qardaşlar, ailə üzvləri arasında necə bölünürdü" sualına Səməd İsmayılov belə izah verib: "Ailəmizdə maliyyə məsələsi ilə bağlı heç bir problem olmayıb. Pul həmişə məndə olurdu. Karqolara, işçilərə və digər borcları özüm ödəyirdim. Puldan da ailə üzvlərindən kimə nə lazım olurdusa, götürürdü. Hər gün pulları mən yığırdım. Kassaya baxanlar çek hesabı ilə gündəlik pulu mənə çatdırırdılar".

Səməd İsmayılov qeyd edib ki, mağazalara malları ancaq Türkiyədən və Çindən gətiriblər. O, etiraf edib ki, gətirdikləri mallara "Lady Sharm" etiketi vurublar. Amma qeyd edib ki, ittihamda yazıldığı kimi digər brent malların etikütlərini vurmayıblar. S.İsmayılov qeyd edib ki, "Lady Sharm" etiketi ilə mal satmaq üçün 2040-cı ilə qədər lisenziyaları olub.

Hakim elan edib ki, əməliyyat zamanı manatdan 7755 çeşid mal aşkar edilib, amma 300 min etiket götürülüb. Məhkəmə araşdırması davam etdirilir.

Xatırladaq ki, bu işlə bağlı Daxili İşlər Nazirliyi rəsmi məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, şirkətin sahiblərindən biri, Cəlilabad rayon sakini Elnur İsmayılov, həmin şirkətin baş mühasibi Ziyarət Abbasov, şirkətin məsul əməkdaşları Valeh Qarayev və Fuad Əlizadə saxlanılaraq istintaqa təqdim ediliblər.

Amma məhkəmədə Valeh Qarayev və Fuad Əlizadənin həbsdə olmadığı məlum olub. Rəsmi məlumatda göstəriləndən fərqli olaraq Səməd Ismayılov həbs edilib. Ötən il yayılan rəsmi məlumatda yazılır ki, araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən mağazalarda satışa çıxarılan Çin Xalq Respublikasında istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri “Lady Sharm”ın gizli sexlərində dəyişdirilib. Həmin paltarlara “Chanel”, “Fendi”, “Dolce & Gabbana”, “Valentino”, “Chiristian Dior”, “İtterre” və digər dünyaca məhşur brendlərinin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib.

“Lady Sharm”ın fəaliyyət göstərən 12 mağazasında yoxlama aparılan zaman etiketləri dəyişdirilən saxta geyim əşyaları və xəz dəri məhsulları aşkar edilərək maddi sübut kimi götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq “Lady Sharm” mağazalar şəbəkəsinin paytaxt ərazisində fəaliyyət göstərən gizli tikiş sexi və anbarı da aşkar edilib.

Həmin sexə baxış zamanı külli miqdarda saxta paltarlar, Türkiyə, İtaliya və Avropanın digər ölkələrinin geyim markalarının adları yazılmış əmtəə nişanları, həmçinin etiketlərinin hazırlanması üçün nəzərdə tutulan xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb və dövriyyədən çıxarılıb.

Araşdırmalarla həmçinin “Lady Sharm” şirkətinin paytaxtda fəaliyyət göstərən sexində tikilən yerli məhsullara da saxta “Made in Turkey” və “Made in İtaly” nişanları tikildiyi məlum olub. Şirkətin anbarlarına baxış zamanı polis əməkdaşları “Lady Sharm”ın “qara” mühasibatlıqlarn aparıldığı və sistem idarəçiliyi xarici ölkələrdə olan kompüter avadanlıqları və onların içərisində olan istintaq üçün zəruri olan şirkətin gizli maliyyə hesabatlarını da əldə ediblər. Həyata keçirilən zəruri əməliyyat-istintaq tədbirləri ilə “Lady Sharm” bu illər ərzində büdcədən milyonlarla manat vəsait yayındırdığı məlum olub.
Geri qayıt