Seçki günlərində polis olmasaydı...

Seçki günlərində polis olmasaydı... Yeri gəldi-gəlmədi, polisin fəaliyyətini qaralamaq səylərinin illərdi davam etdiyini hər kəs bilir. Rəsmi orqanlar, ya hadisənin şahidi olanlar təkzib verir, düzəliş edir, hətta ilan sancanın da ilk fürsətdə kömək üçün üstünə qaçdığı polis haqqında ən doğru olan mətləbi bərpa etməyə çalışır. Qərəzsiz, həqiqətən dövlətçilik şüuru və vətəndaşlıq hissi olanları belə görmüşük. Nəticələr də böyük olur. Qərəzli şəkildə polisi qaralamaq istəyənlərin sıraları gedərək seyrəlir, əriyir, yox olmaq həddinə düşürlər.
Ancaq düzəlməyənlər də var, sanki polis sistemi ilə əbədi düşmənçilik öhdəliyi götürüblər. 2019-cu il ərzində polisi qaralamaq səylərinin bir neçə dalğada özünü göstərdiyini media aləmi daha yaxşı xatırlayır. Hətta illər öncə hardasa polislərlə yaşanmış bir insidenti əks etdirən foto və ya video görüntüləri eşələyib üzə çıxarıb, sanki indicə baş vermiş "polis zorakılığının" bariz nümunəsi kimi cəmiyyətə sırımaq istəyirdilər. Elə bir dövr idi ki, radikallar ölkədə ictimai asayişin bütün yükünün məhz polisin çiynində olması ilə barışa bilmir, çarəsiz şəkildə polisin özünü hədəfə alırdı.
Bu oxşar dalğanın yeni qabarmasını 9 fevralda parlament seçkiləri proseslərində gördük. Nə ssenarilər uydurmadılar?! Adi faktları təhrif edərək hansı formalara salmadılar?!Polislərin "topa-topa bülleteni qutuya tullamasından" başqa hər şey uyduruldu. Yəqin növbəti etaplarda "polis qaralayıcılarının" bu sayaq yaradıcılıq məhsullarını da görəcəyik.
DİN-in idarə rəisi Ehsan Zahidovun Suraxanıda 8 saylı məntəqədə baş verən hadisənin əsl mahiyyətini bərpa etməsi çox şeylər dedi. Nə baş verib? Uydurmaçıların dediyinə görə polis kiminsə müşahidəçisinə görünməyən təzyiqlər göstərib. Əslində isə müşahidəçinin özü məntəqənin işinə öz səlahiyyət hədlərindən yuxarı müdaxilə etdiyi üçün qanuni əsaslarda dəvət olunmuş polislər tərəfindən müvafiq xəbərdarlıqlar edilərək, yenidən məntəqəyə buraxılıb.
Operativ reaksiya və bərpa olunan həqiqət...
Afərin, Azərbaycan polisi!
Seçki günü polis nəzarəti olmasaydı ölkədə nələrin baş verəcəyi barədə hərdən düşünün...

Aydın Quliyev
Geri qayıt