Tofiq Qasımov İsveçrədə torpağa tapşırıldı

Tofiq Qasımov İsveçrədə torpağa tapşırıldı Hikmət Hacızadə: “Deyirdik ki, budur cəbhəçi!”...
Azərbaycanın AXC-Müsavat hökuməti dövründə xarici işlər naziri olmuş, sadəliyi, ləyaqəti ilə hər zaman yaxşı xatırlanan Tofiq Qasımov uzun illərdir mühacirətdə yaşadığı İsveçrədə vəfat edib.

AMEA-nın Fizika İnstitutunun əməkdaşı Mirbaba Babayev onun İsveçrədə dəfn olunduğunu yazıb.

T.Qasımovun dünyasını dəyişməsi xəbəri sosial medianın Azərbaycan seqmentində böyük kədərlə, üzüntü ilə qarşılanıb.

Ölkənin tanınmış ictimai-siyasi fəalları, jurnalistlər sabiq nazirin şəxsiyyəti, müsbət keyfiyyətləri barədə yazıblar, onun vəfatını böyük itki kimi qiymətləndiriblər.

T.Qasımov o nazirlərdən olub ki, vəzifədə işlədiyi dövrdə övladı məktəbə ictimai nəqliyyatdan istifadə edərək gedib.

Özü isə bir nimdaş kostyumda işə gedib-gəlirmiş. Hətta ona özünə yaxşı bir kostyum alması təklif ediləndə deyib ki, əynindəki geyimin istismar vaxtının bitməsinə hələ var.
Yəni keçmiş nazir bu cür təvazökar, gözü dünya malında olmayan, adı heç zaman neqativlərdə hallanmayan kristal bir insan idi. Lakin o dövrün siyasi prosesləri T.Qasımovu küsdürdü, vətəndən incik saldı.

O, İsveçrəyə mühacirət elədi və Azərbaycana nəinki heç vaxt dönmədi, sağlığı dövründə nə bir çıxış etdi, nə müsahibələr verdi, nə də bu illər ərzində ölkədə baş verən siyasi hadisələrə münasibət bildirdi.

Ümumiyyətlə, T.Qasımov İsveçrəyə gedərək öz hücrəsinə çəkildi və sanki dünya ilə əlaqələrini kəsdi. Son məlumatlar bu idi ki, ailəsi ilə yaşayır.

Yalnız 2016-cı ildə onun İsveçrədən bir fotosu yayılmışdı. Kifayət qədər yaşlanan T.Qasımovun şəkli küçədə çəkilmişdi.

Onun Albert Eyneşteynin nisbilik nəzəriyyəsində olan boşluqların aradan qaldırılması kimi çox ciddi elmi işlərlə məşğul olduğu deyilirdi.

1995-ci ildə mart qiyamında şübhəli bilinərək həbsdə yatıb. Sonradan azadlığa çıxan eks-nazir ölkəni tərk edərək, bir müddət Türkiyə universitetlərində dərs deyib. Oradan isə Avropaya köçüb.

Elçibəy hökuməti dövründə Rusiyada səfirimiz olmuş Hikmət Hacızadə “Yeni Müsavat”a bildirdi ki, Tofiq Qasımov hərəkatın məşəli idi: “Mən onun ölüm xəbərini eşidəndən sonra özümü pis hiss edirəm.

Tofiq bəy hərəkatın məşəli, ağsaqqalı, kristalı idi. O, böyük vətəndaş idi. Xalq Cəbhəsinin ruhunu göstərmək istəyəndə Tofiq Qasımovu göstərirdik. Deyirdik ki, budur cəbhəçi!

O, eyni zamanda böyük alim idi. Ancaq onu incidə-incidə öldürdülər. Heç nədən şərlədilər, sonra Türkiyəyə getməli oldu, oradan da qovuldu. Avropaya köçdü".
H.Hacızadə hesab edir ki, T.Qasımov və M.Ə.Rəsulzadə nümunədirlər: “Tarixçimiz Aydın Balayev Rəsulzadə haqqında kitabında nümunə gətirir; orada deyilir ki, Qədim Roma zamanı bir Hannibal olub.

Böyük müharibələrdən sonra Roma sərkərdəsi Stsipion ona qalib gəlir və vətəninə qayıdır. Ancaq Romada intriqalar salırlar, onu incidirlər və qalib sərkərdə məcbur qalıb şəhərdən gedir, ucqar kənddə bir evdə yaşayır, orada da ömrünü başa vurur.

Onun başdaşında bu sözlər yazılmışdı: Nankor vətən, sən mənim sümüklərimi də tapa bilməyəcəksən. Məncə, bu nümunə Rəsulzadəyə və Qasımova da aiddir..."

Müsavat Partiyasının başqanı Arif Hacılı facebookda yazıb ki, Tofiq Qasımovun vəfatı Azərbaycanın demokratik düşərgəsi üçün itkidir:
“Azərbaycan Xalq Hərəkatının rəhbərlərindən biri, istiqlalçı millət vəkili, ölkənin Elçibəy hakimiyyəti dövründə xarici işlər naziri olmuş ictimai-siyasi və dövlət xadimi, görkəmli alim, ölkənin ən nüfuzlu ziyalılarından biri idi. Azərbaycan Xalq Cəbhəsinin qurucularından və rəhbərlərindən biri olmuşdu.

Müsavat Partiyası bərpa Mərkəzinin üzvlərindən biri, Müsavat Partiyasının üzvü idi. Müsavat Partiyası və bütün Azərbaycan xalqı üçün böyük itkidir".

Bir müddət əvvəl İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli bildirmişdi ki, T.Qasımovun ailəsi onun üstündə yarpaq kim əsir.

“Ailəsi istəmir ki, Tofiq müəllim siyasətə qarışsın. Çünki o, siyasətə qarışdığı vaxtlar ailəsi hədsiz əzab-əziyyət çəkib. O xof indi də ailəni təqib edir” - deyə E.Həsənli bildirib.

Əslən Ağdaşın Ləki kəndindən olan T.Qasımov 1938-ci ildə anadan olub.

1945-1955-ci illərdə Ağstafa dəmir yol məktəbində oxuyub. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb.
Universiteti 1960-cı ildə Stalin təqaüdçüsü kimi bitirib və EA Fizika İnstitutuna işə göndərilib.

Leninqrad şəhərində SSRİ EA-nın Fizika-Texnika İnstitutunda aspirant olub və 1969-cu ildə Leninqrad Yarımkeçiricilər İnstitutunun elmi şurasında namizədlik dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi adı alıb.

1970-ci ildən Azərbaycan EA-nın Fizika İnstitutunun elmi işçisi olub. 100-ə qədər elmi əsərin müəllifi idi.

1987-ci ildən siyasətə qoşulub. Bakı Alimlər Klubunun yaradılmasının təşəbbüskarlarından və onun proqram və nizamnaməsinin müəlliflərindən biridir.

1988-ci ilin mart-may aylarında Elmlər Akademiyasının bir neçə əməkdaşı ilə birlikdə Azərbaycan Xalq Cəbhəsinin Proqramının hazırlanmasında iştirak edib. 1989-1990-cı illərdə Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olub.

Azərbaycan SSRİ xalq deputatı seçilib, Azərbaycan Ali Sovetinin 1990-cı ilin yanvarın 22-də çağırılmış fövqəladə sessiyasının işində iştirak edib. Həmin sessiyada Sovet ordusu və Daxili Qoşunlarının Bakıda törətdikləri cinayətləri tədqiq etmək üçün yaradılmış Azərbaycan Ali Sovetinin İstintaq Komissiyasına üzv seçilib.
Azərbaycandan olan SSRİ Xalq Deputatları ilə iş aparmaq üçün AXC-nin İdarə Heyəti tərəfindən Moskvaya ezam edilib. Orada olduğu müddətdə 100-dən çox xarici televiziya, radio və mətbuat nümayəndəsinə Yanvar hadisələri, qaçqınlar və s. hadisələrin mahiyyətini açıqlayıb.

1992-ci ilin mayında Azərbaycan Respublikasının xarici işlər naziri təyin olunub, 1993-cü ilin aprelinə qədər bu vəzifədə işləyib.

Azərbaycan Respublikasının xarici siyasətinin inkişafında öz dövrünə görə müəyyən rolu olub. Bir çox dövlətlərdə keçirilən beynəlxalq konfranslarda, beynəlxalq təşkilatların toplantılarında Azərbaycanı təmsil edib.
Geri qayıt